Wednesday, 29 İyun 2022 22:48
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Nazir: “Pandemiya ilə bağlı saxta məlumatlarla mübarizə aparmalıyıq”

Nazir: “Pandemiya ilə bağlı saxta məlumatlarla mübarizə aparmalıyıq”

“Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizə təşkil edilmişdi. Nazirlər kabineti yanında Operativ Qərargah yaradılmışdı”.

YAZTV-nin xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.

Onun sözlərinə görə, Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi beynəlxalq qurumlar tərəfindən maraqla qarşılanıb: “Pandemiya dövründə gördük ki, yeni tibbi peşəkarlara ehtiyac duyulur. Rəqəmsallaşma ən yüksək səviyyədə təşkil edilməlidir”.

Nazir bildirib ki, pandemiya zamanı mediada saxta məlumatlar yayılmışdı: “Biz həmin məlumatlarla da mübarizə aparmalıyıq. Pandmeiya dövründə biz çoxsaylı belə məlumatların şahidi olduq. Sonra bu, anti-vaksin təbliğatına çevrildi”.

Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi regionun təhlükəsizliyinin zəmanətidir

Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi regionun təhlükəsizliyinin zəmanətidir

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

15 İyun – Milli Qurtuluş Günü Zəfər çalmış xalqımız üçün ikiqat bayramdır. Bu tarixi Azərbaycanın müasir dövlətçiliyinin təməlinin qoyulduğu və iki qardaş ölkənin dövlət rəhbərləri – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdıqları gün kimi qeyd edirik.

Çağdaş tariximizə yazılan bu gündə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından mətinliklə çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail oldu. Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin möhkəmlənməsində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev dövlətimizin varlığını qorudu, müstəqilliyimizi əbədi, dönməz etdi. 2021-ci ilin iyun ayının 15-də torpaqlarımız işğaldan azad edildikdən sonra tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Günündə Azərbaycan və qardaş Türkiyə əməkdaşlığı yeni uğura imza atdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisi oldu. Diplomatiya tariximizin ən mühüm sənədlərindən biri olan Şuşa Bəyannaməsi bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış etdi.

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını və əbədiliyini bir daha nümayiş etdirdi.

Azərbaycan xalqı iftixar hissi ilə “Şuşa İli”ndə, Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etdi. Şuşa Bəyannaməsi ilə müstəqil Azərbaycan dövləti regionda yeni geosiyasi konfiqurasiya yaratdı. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı.

Qürurverici haldır ki, bu gün regionun və dünyanın ən aparıcı söz sahibi olan ölkələrindən olan Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə xidmət edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, regionda yaşayan bütün xalqların inkişafı üçün geniş imkanlar açır. Yeni qlobal reallıqda Azərbaycan və Türkiyənin beynəlxalq güc mərkəzləri kimi tanınması, hər iki dövlətin bir-birinə arxa-dayaq olması hər iki qardaş ölkəni regionda böyük gücə çevirir.

Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevirən, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğulayır və “Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, – deyir.

Şuşa Bəyannaməsi böyük bir tarixi nailiyyət olmaqla yanaşı müstəqil Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığın, əbədi və sarsılmaz olan, müttəfiqlik zirvəsinə ucalan Azərbaycan və Türkiyə birliyinin təsdiqidir. Bu tarixi sənədlə Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı, müttəfiqliyi daha da güclənib, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatıb.

Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI

Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında" sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar həkim”

Əsgərov Sahib Abbasəli oğlu

Xəlilov Zaur Bəhmən oğlu

İsayev Elçin Həmid oğlu

Qədirova Nuriyə Baba qızı

Nəbiyeva Mahirə Əmir qızı

“Əməkdar tibb işçisi”

Abbasova Yəmən Məmməd qızı

Əliyeva Rəsmiyyə Calal qızı

Həziyeva Amalya Humay qızı.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdulkərimov Vüqar Rəsul oğlu

Abdurahmanov Mehrab Nəhməd oğlu

Ağayev Səyavuş Əhliman oğlu

Camalov Ağaseyid Səbhan oğlu

Əliyeva Nailə Həsən qızı

Əliyeva Sevil Məmmədqulu qızı

Hacıyev Ramin İzzət oğlu

Hətəm-zadə Ellada Fazil qızı

İbrahimova Böyükxanım Rəcəb qızı

İmanova İsmət Cəfər qızı

İsmayılov Hikmət İbrahim oğlu

Qasımov Arif Qinyaz oğlu

Mirzəyeva Zenfira Astan qızı

Novruzov Əşrəf Murad oğlu

Pirəliyeva Həqiqət Novruz qızı

Rəhimov Afiq Allahverdi oğlu

Rəhimov İlqar Mustafa oğlu

Rəhimov Vidadi Hənnan oğlu

Süleymanova Kəmalə Tahir qızı

Şirinov İsmayıl Əlibrahim oğlu

Şirinov Vidadi Çərkəz oğlu

Zəkiyev Vadim Nurmət oğlu.

COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

YAZTV-nin xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il iyulun 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il mayın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.

Ramil Orucov: Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə əzəli, əbədi qardaşlığına yeni çalarlar əlavə edib

Ramil Orucov: Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə əzəli, əbədi qardaşlığına yeni çalarlar əlavə edib

Ramil Orucov,

YAP Gəncə şəhər təşkilatının sədri 

Azərbaycanın xalqının taleyini dəyişən 15 iyun – zəfər tarixi ikiqat əlamətdardır. 29 il əvvəl bu tarixdə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq dövlətimizi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi və bir il öncə, eyni gündə bir-birinə arxalanan, inanan, güvənən Azərbaycan – Türkiyə dövlətləri tarixi Şuşa Bəyannaməsinə imza atdı.

Bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdıran Azərbaycan və Türkiyə qarşılıqlı faydalı əməkdaşlığların dərinləşməsinə öz töhfələrini verirlər. Tarixi, 11 səhifəlik Şuşa Bəyannaməsi isə Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan – Türkiyə əzəli, əbədi dostluğuna, qardaşlığına yeni çalarlar əlavə edib.

Bu il iyunun 15 – də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbənin rəmzi Şuşa şəhərində keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirdi. Azərbaycan və Türkiyə bayraqlarının Şuşada qoşa dalğalanması həmçinin ölkələrimizin birliyinin nümayişidir. Hər keçən gün keyfiyyətcə yeni mərhələyə yüksələn iki qardaş ölkənin müttəfiqlik əlaqələri regionun geostrateji reallıqlarını tam nəzarətdə saxlayır. Eyni zamanda, regionun gələcək inkişafı üçün real imkanlar yaradan tarixi Şuşa Bəyannaməsi 2010-cu ildə Bakıda imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin və ardınca İstanbulda imzalanan “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə”nin məntiqi davamı olaraq iki qardaş ölkənin strateji tərəfdaşlıq münasibətlərini daha yüksək – müttəfiqlik səyivvəsinə yüksəltdi. İlk növbədə Şuşa Bəyannaməsi bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirdi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı qeyd etdi ki, Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimizdir, yurdumuzdur. Türkiyə-Azərbaycan olaraq bu anlayışla əlaqələrimizi əvvəlcə strateji tərəfdaşlığa, keçən il də Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çıxardıq. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə uzanan geniş sahədə güclü əməkdaşlıq qurduq.

Ölkə Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə dar gündə də, xoş gündə də daim bir-birinə dəstək göstərib, bir-birinin yanında olub. Qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsi sayəsində enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurulub.

Bir sözlə, Türkiyə və Azərbaycanın bir yerdə inamla addımlaması, bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi, bölgədə sabitliyin möhkəmləndirilməsi deməkdir.

Naftalanda “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib

Naftalanda “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə regional miqrasiya idarəsinin rəhbərliyi, Hotel və müalicə mərkəzlərinin nümayəndələri, təhsil, səhiyyə işçiləri, şəhərin bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan ŞİH-nin məsul əməkdaşı Şahmar Ədilov tədbirin mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Gəncə regional miqrasiya idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Orxan Xıdırov Azərbaycan qanunvericiliyində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, onların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması qaydaları, vətəndaşlıq məsələləri və DMX-nin digər fəaliyyət istiqamətləri barədə tədbir iştitakçılarını məlumlatlandırıb.
 
Gəncə regional miqrasiya idarəsinin digər məsul əməkdaşları miqrasiya qanunvericiliyində əcnəbilərin qeydiyyata alınması və işəgötürənlərin əcnəbi işçini işə götürməsi qaydaları, Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər, 919 Çağrı mərkəzi, MİGAZ mobil tətbiqi barədə, işəgötürənlərlə əcnəbi işçilərin qarşılıqlı hüquq və vəzifələri, miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Azərbaycanda peyvəndlənmədən kənarda qalan uşaqların siyahısı hazırlanıb

Azərbaycanda peyvəndlənmədən kənarda qalan uşaqların siyahısı hazırlanıb

“Azərbaycanda peyvəndlənmədən kənarda qalan uşaqların siyahısı tərtib olunub”.

Bunu  səhiyyə naziri Teymur Musayev bildirib.

O qeyd edib ki, həmin uşaqların siyahısının hazırlanması başa çatdırılıb: “Ünvanlı şəkildə həmin uşaqlar planlı peyvənd üçün rayon poliklinikalarına dəvət olunurlar və peyvəndləmə həyata keçiriləcək. Düşünürəm ki, qısa müddətdə bu məsələni yekunlaşdıracağıq”.

Bu günə olan hava proqnozu açıqlandı

Bu günə olan hava proqnozu açıqlandı

İyunun 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Son sutkada neçə doza vaksin vurulub?

Son sutkada neçə doza vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.

Səhiyyə naziri meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib

Səhiyyə naziri meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib.

Nazir YAZTV-yə açıqlamasında bildirib ki, hələlik meymunçiçəyinin geniş yayılmasına bir səbəb yoxdur:

“Dünyada bununla bağlı iki minə yaxın hadisə qeydə alınıb. Ancaq indiyədək meymunçiçəyi ilə bağlı birbaşa ölüm hadisəsi qeyd edilməyib. Fürsətdən istfiadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim ki, sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq dursunlar. Bununla da vətəndaşlarımız normal həyat tərzinə davam edə bilərlər”, - nazir qeyd edib.

Bu gün Bakı-Sumqayıt qatarının ləngiməsinin səbəbi açıqlanıb

Bu gün Bakı-Sumqayıt qatarının ləngiməsinin səbəbi açıqlanıb

Bu gün səhər saat 10:00 radələrində Keşlə stansiyasının girişində kontakt şəbəkədə elektrik enerjisinin olmaması səbəbindən Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

Bu barədə  "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, kontakt şəbəkəsini qidalandıran fider xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlərə başlanılıb.

Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 6 saylı Dartı Yarımstansiyasından çıxan yüksəkgərginlikli hava elektrik xətlərinin altında və mühafizə zonasında qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşməsi ağır texnikanın qəza baş verən əraziyə daxil olmasına çətinliklər yaradıb.

Saat 10:37-də qatarların hərəkətini bərpa etmək mümkün olub. Hazırda qatarlar cədvələ uyğun hərəkət edir.

Hadisə aidiyyəti üzrə araşdırılır.

Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.