Saturday, 03 Dekabr 2022 19:39
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
DİM-in bütün inzibati binalarında vətəndaşların qəbulu dayandırılır

DİM-in bütün inzibati binalarında vətəndaşların qəbulu dayandırılır

Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda olan regional bölmələrində 18 və 19 iyun 2020-ci il tarixlərində vətəndaşların qəbulu həyata keçirilməyəcək.

Mərkəzdən YAZTV-ə verilən xəbərə görə, 18 və 19 iyun tarixlərində DİM-də yalnız imtahan prosesinin idarə olunması və imtahanların gedişinə nəzarət etmək üçün operativ qərargah fəaliyyət göstərəcək.

Vətəndaşların qəbulu 22 iyun və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.

Xatırladaq ki, DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Vətəndaşlardan zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən YAZTV-ə verilən məlumata görə, bu gün saat 11:30-dək ərizə verən abituriyentlərin sayı 86968-dir. I-IV qrup üzrə 70605 abituriyent ərizə verib. Onlardan 64605-i Azərbaycan, 6000-i rus bölməsindəndir. 

I qrup üzrə indiyə qədər 29950 (27484 nəfər Azərbaycan, 2466 nəfər rus bölməsi), II qrup üzrə  13604 (12267 nəfər Azərbaycan, 1337 nəfər rus bölməsi), III qrup üzrə 22026 (20473 nəfər Azərbaycan, 1553 nəfər rus bölməsi), IV qrup üzrə 5025 (4381 nəfər Azərbaycan, 644 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

 V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 55316 nəfərdir, onlardan 51699 nəfəri Azərbaycan, 3617-si isə rus bölməsidir. 

Qeyd edək ki, ali məktəblərə sənəd qəbuluna mayın 12-dən başlanıb. Sənəd qəbulu bu gün başa çatmalı idi. Ancaq DİM tərəfindən sənəd qəbulu iyunun 9-u saat 23:59-dək uzadılıb.  

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən YAZTV-ə verilən məlumata görə, bu gün saat 12:15-dək elektron ərizə verən subbakalavrların sayı 7584-dür. Təsdiq olunan elektron ərizələrin sayı isə 4496-dır.

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu iyunun 1-dən başlayıb. Elektron ərizə qəbulu iyunun 15-dək nəzərdə tutulsa da, daha sonra DİM tərəfindən iyulun 10-dək uzadılıb.

Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. 

Pandemiya dövründə 2124 teledərs təqdim edilib

Pandemiya dövründə 2124 teledərs təqdim edilib

COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat  “Mədəniyyət”  və “ARB Günəş” telekanalları üzərindən TV dərslər yayımlanıb, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.

Təhsil Nazirliyindən YAZTV-ə verilən məlumata görə, həmçinin 25 aprel tarixindən hər həftənin şənbə günləri məktəbdənkənar fəaliyyət üzrə “Dərsdən sonra”  verilişinin yayımına start verilib.

2 aprel 2020-ci il tarixindən isə “Virtual məktəb” layihəsi çərçivəsində ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verilib. Onlayn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyonu ötüb. Həmin platforma üzərindən hər həftə şagirdlər arasında “Virtual əlaçı” müsabiqəsi keçirilib. 100-dən artıq şagird bu müsabiqənin qalibi olub.

Previous Next

Zərdabda 3 kəndin yolu yenidən qurulur (FOTO)

Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində verdiyi tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı islahatlar aparılır. Çünki Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir.

 “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən YAZTV-ə verilən məlumata görə, Zərdab rayonunda bu il 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.

Bu respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci km-dən ayrılan və 7 km uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.

Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib, bəzi hissələrində torpaq yatağının genişləndirilməsinə ehtiyac var. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.

Hazırda yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Çünki torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Torpaq işləri 70 min kv.m sahəni əhatə edib.

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının inşası həyata keçirilib. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunub. Yolun çiyin hissələri də dağıldığından çiyinlərin 12 sm qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılacaq.

Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların normal ötürülməsini təmin etmək məqsədi ilən müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb və izolyasiyası işləri aparılıb.

Tikinti layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yeni örtüyün salınması nişləri yaxın müddət ərzində tam olaraq yekunlaşdırılacaq. Bunun ardınca zəruri olan yerdə avtobus dayanacağının tikintisi, siqnal dirəyinin, yol nişanı və məlumatverici lövhənin quraşdırılması, yol boyu xətlənmə işlərinin aparılması nəzərdə tutulub.

Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişini şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq. Bundan başqa kənd təsərrüfatının inkişafına təkan verməklə məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

Previous Next

Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib

DOST Agentliyindən YAZTV-ə verilən məlumata görə, iyun ayının 1-dən etibarən bütün xidmətlər üzrə fəaliyyətə başlayan 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaş müraciəti qeydə alınıb. Vətəndaşlara “bir pəncərə” prinsipi ilə 132 növdə xidmət göstərilib. Müraciətlərin əksəriyyəti - yəni 76,09%-i sosial müdafiə ilə bağlı olub. Məşğulluq ilə bağlı müraciətlər 17,26%, əlilliklə bağlı müraciətlər isə 4,86% təşkil edib. Q-Net elektron sorğu sistemi və DOST könüllülərinin fərdi sorğularına əsasən, xidmətlərdən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 95,84 faiz olaraq qeydə alınıb.

Xatırladaq ki, mayın 19-da Prezident İlham Əliyevin iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı baş tutub. Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərən Mərkəzdə vətəndaşlara “bir pəncərə” prinsipi ilə 132 növdə xidmət göstərilir.

Mərkəzdə il ərzində 150 mindən artıq vətəndaş müraciəti gözlənilir.

AQTA mal-qaranın kəsimi zamanı zəruri qaydaları açıqlayıb

AQTA mal-qaranın kəsimi zamanı zəruri qaydaları açıqlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mal-qaranın kəsimi zamanı  olan zəruri qaydaları açıqlayıb.

AQTA-dan YAZTV-ya verilən məlumata görə, mal-qara baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir. Heyvanın saxlandığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalı, kəsimə aparılan heyvan düzgün daşınmalı, baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməli, kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalı, kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməli, kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməlidir.

Qeyd edilib ki, əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı, axlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı, ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalıdır. Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır. 

Kolleclərə 58022 nəfər sənəd verib

Kolleclərə 58022 nəfər sənəd verib

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən YAZTV-ə verilən məlumata görə, bu gün saat 11:45-dək sənəd verən şagirdlərin sayı 58022 nəfərdir. Onlardan 55185 nəfəri Azərbaycan, 2837 nəfəri isə rus bölməsindən olan şagirdlərdir. 

Qeyd edək ki, orta ixtisas müəssisələrinə sənəd qəbuluna mayın 12-dən başlanıb. Sənəd qəbulu bu gün başa çatmalı idi. Ancaq DİM tərəfindən sənəd qəbulu iyunun 9-u saat 23:59-dək uzadılıb.  

“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.

YAZTV-nin məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kollegiyası qərar verib. 

Qərarda deyilir:  

1.  Bu Qayda Azərbaycan Respublikasında peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması məsələlərini tənzimləyir.

2.  Bu Qayda peşə təhsili müəssisələrində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.

3.  Peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 2020-ci il 21 may tarixli KQ-03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmə) aparılmasının müvəqqəti Qaydası”na, yekun attestasiyası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

4.  Peşə təhsili pilləsində təhsilalanların peşələr üzrə bilik, bacarıq, səriştə səviyyəsini və müstəqil işə hazırlığını müəyyənləşdirmək məqsədi ilə təhsil proqramının sonunda onların yekun qiymətləndirilməsi keçirilir.

5.  Yekun qiymətləndirmə təhsil proqramında yer alan hər bir modulun təlim nəticələri üzrə nəzəri biliklərin və tətbiqi (praktik) bacarıqların müəyyən edilməsi üçün təhsilalanın səriştəsinin qiymətləndirilməsindən ibarətdir.

6.  Təhsilalanların səriştəsinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Dövlət Attestasiya Komissiyası (DAK) tərəfindən keçirilir. Komissiyanın tərkibinə tələbənin təhsil aldığı peşə təhsili müəssisəsinin direktoru, tədris-istehsalat işləri üzrə direktor müavini, baş usta, ixtisası tədris edən istehsalat təlimi ustaları və sahə üzrə mütəxəssis daxil edilir. DAK-ın sədri DAK-ın üzvləri arasından Agentlik tərəfindən təyin olunur. DAK-ın qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, DAK sədrinin səsi həlledicidir.

7.  Yekun qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.

8.  Modulun təlim nəticələri üzrə nəzəri biliklərin və tətbiqi (praktik) bacarıqların müəyyən edilməsi üçün səriştənin qiymətləndirilməsi nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür. Təhsilalanlar tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.

9.  Təhsilalanın səriştəsinin qiymətləndirilməsindən aldığı qiymət onun yekun qiyməti hesab olunur.

10.  Yekun qiymətləndirmənin nəticələri imtahan protokoluna yazılır və DAK-ın sədri və üzvləri tərəfindən imzalanır.

11.  DAK-ın qərarı əsasında məzunlara ixtisas dərəcəsi göstərilməklə peşə təhsili haqqında diplom və ya sertifikat verilir.

12.  Diploma əlavədə tələbənin aralıq və yekun qiymətləndirilməsinin nəticələri qeyd edilir.

13.  Yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət almış təhsilalanlar peşə təhsili müəssisəsinin müəyyən etdiyi vaxtlarda ildə 1 (bir) dəfə olmaqla növbəti 2 (iki) il müddətində keçirilən yekun qiymətləndirmədə iştirak edə bilərlər.

14.  Bu Qaydanın 13-cü hissəsinə uyğun olaraq yekun qiymətləndirmədə iştirak etməyənlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na əsasən arayış verilir.

15.  Yekun qiymətləndirmənin nəticələri ilə razılaşmayan təhsilalanlar, onların valideynləri və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Agentlik tərəfindən baxılır.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblər artırılır

Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblər artırılır

Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblər artırılır.

YAZTV-nin məlumatına görə, bu, “Ətraf mühitin mühafizəsi haqqında”qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilcək.

İndiyə qədər radioaktiv maddələrlə iş zamanı ekoloji tələblər sadəcə radioaktiv tullantıların daşınması, təkrar emalı və basdırılması dövlət hakimiyyəti orqanının müəyyən etdiyi ərazidə və onun səlahiyyətli nümayəndəsinin mütləq iştirakı ilə həyata keçirilməsi idi.  

icaze.e-gov.az portalı yenidən aktivləşdirilib

icaze.e-gov.az portalı yenidən aktivləşdirilib

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının faaliyyəti yenidən aktivləşdirilib.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən YAZTV-ə verilən məlumata görə, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların portaldan istifadə rahatlığının, vaxt və resurlara qənaətinin təmin edilməsi məqsədi ilə icaze.e-gov.az portalında fəaliyyətinə icazə verilmiş qurumların əməkdaşlarının icazələri ləğv edilməyib. Belə ki, dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsləri portala daxil olaraq sistemdə qeyd edilmiş əməkdaşın adının qarşısında “Aktivləşdir” düyməsini sıxaraq icazəsini yenidən aktivləşdirə bilərlər. Adları sistemdə olmayan əməkdaşların məlumatları isə icazə alınması üçün portala daxil edilməlidir. Yalnız Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin əməkdaşlarının icazələri aktivləşdirilə bilər. Bu səbəbdən dövlət və özəl təşkilatlara əməkdaşlarının icazələrini aktivləşdirməmişdən öncə fəaliyyət sahələrinə Nazirlər Kabineti tərəfindən icazə verildiyinə əmin olmaları tövsiyə olunur.

Vətəndaşlar mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər. Bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçə, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq öz icazəsinə baxa və ya elektron formasını yükləyə bilər.

Portaldan istifadə qaydaları ilə bağlı videotəlimat: https://youtu.be/gwMzT4YrF7s 

Ətraflı məlumat üçün 108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

Bakıda Ramazan yarmarkası keçiriləcək - ÜNVANLAR

Bakıda Ramazan yarmarkası keçiriləcək - ÜNVANLAR

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən YAZTV-ə verilən xəbərə görə, 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edəcək. 

“Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. 

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq “Kənddən Şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranmışdı. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olunacaq. Belə ki, fəaliyyətə başlamazdan əvvəl yarmarkaların keçiriləcəyi ərazilərdə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılacaq, yarmarka ərazisinə daxil olan fermerlərin və ziyarətçilərin temperaturları ölçüləcək, fermerlər lazımi qoruyucu tibbi ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunacaqlar. 

“Kənddən şəhərə” Ramazan yarmarkası aşağıdakı ünvanlarda baş tutacaq:

Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı

Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsal olub, iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır. Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə uyğun olur.