Monday, 03 Oktyabr 2022 04:46
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ölənlərin sayı 1-ə düşdü

Ölənlərin sayı 1-ə düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 Son sutkada 1 nəfər COVID-19-dan vəfat edib.
 "Sən maqnitsən" mövzusunda onlayn seminar keçirildi

"Sən maqnitsən" mövzusunda onlayn seminar keçirildi

İyunun 8-i Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə "Sən maqnitsən" mövzusunda onlayn seminar keçirildi.

Seminarı giriş sözü ilə açan Birliyin sədri Miraqil Seyidzadə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün keçirilmiş layihələr haqqında məlumat verdi. Qeyd etdi ki, məhz bu gün təşkil olunmuş  seminarın məqsədi də imtahan dövründə gənclərin ruh yüksəkliyini artırmaq, eyni zamanda şəxsi inkişaflarını təmin etməkdir . 

Təlimçi Fidan Əliheydər müsbət düşüncənin əhəmiyyətindən bəhs edərək gənclərə tövsiyə etdi ki, neqativ düşüncəli insanlardan uzaq durmalı, sağlam bir həyat tərzi seçməli, özümüzlə söhbət etməyi və pozitiv düşünən insanlarla dostluq etməliyik .

Seminarın sonunda könüllülərin sualları cavablandırıldı.

Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 102 nəfər yoluxub

Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 102 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 387 nəfər müalicə olunaraq sağalıb, 4 947 nəfər vəfat edib, aktiv xəstə sayı 2 515 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 655, ötən müddət ərzində isə ümumilikdə 3 581 073 test aparılıb.

DİM: Hərarəti yüksək olan 4 nəfər imtahana buraxılmayıb

DİM: Hərarəti yüksək olan 4 nəfər imtahana buraxılmayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarına 4 nəfər buraxılmayıb.

DİM-dən  verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 4 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. (report az)

Bu gün 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən  verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 96 imtahan binası, 1638 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 96 ümumi imtahan rəhbəri, 271 imtahan rəhbəri, 2048 nəzarətçi-müəllim, 192 buraxılışı rejimi əməkdaşı (mühafizə), 96 bina nümayəndəsi ayrılıb.

Bu gün keçiriləcək imtahanlarda 21423 şagirdin iştirakı nəzərdə tutulur.

163 tibb müəssisəsinə əlilliyin qiymətləndirilməsi üçün səlahiyyət verilib - SİYAHI

163 tibb müəssisəsinə əlilliyin qiymətləndirilməsi üçün səlahiyyət verilib - SİYAHI

Əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və bu sahədə işin keyfiyyətini yüksəltmək məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki 163 tibb müəssisəsi müəyyən olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, tibb müəssisələrinin siyahısı müəyyənləşdirilərkən onların imkan və potensialı nəzərə alınıb, maddi-texniki baza və kadr resursları yüksək səviyyədə olanlar əlilliyin qiymətləndirilməsi ilə bağlı göndəriş vermək üçün seçilib.

Görülən tədbirlər əlillik dərəcəsinin müəyyən edilməsi üçün tibb müəssisəsinə müraciət edən vətəndaşların müayinələrə əlçatanlığını təmin etməyə, keyfiyyətli tibbi xidmətlər əldə etmələrinə xidmət edir.

Sözügedən tibb müəssisələrinin əlilliyin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) müayinəsinə göndəriş vermək hüququ var.

Bu tibb müəssisələrinin Həkim Məsləhət Komissiyaları əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinətlərin müəyyən edilməsi üçün TSEK-ə göndəriş verə bilər. Eyni zamanda sözügedən tibb müəssisələrinə əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi, əlillik səbəbinin dəyişdirilməsi, istehsalatda alınmış zədə və ya sağlamlığın pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələri ilə təmin edilməsi üçün Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil etmək səlahiyyəti verilib. Göndərişdəki xəstəlik vəziyyəti əsasında TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir.

Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Şəkidə qaz xətləri yenilənir

Şəkidə qaz xətləri yenilənir

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən uzun illər istifadədə olan, istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri sürətlə davam etdirilir.

YAZTV xəbər verir ki, Şəki şəhərində 47 il öncə polad boru ilə çəkilən və korroziyaya uğramış yeraltı qaz xətti Birliyin Təmir-Tikinti idarəsi tərəfindən yeni polietilen boru ilə əvəzlənir.

Şəhərin M.Ə.Rəsulzadə prospekti istiqamətində 6 km uzunluğunda müxtəlif diametrli polietilen boru ilə çəkilən yeni qaz xətti hazır olduqdan sonra 5 min abonentin qaz təchizatı yaxşılaşdırılacaq. İşin həcmi böyük olduğundan əraziyə çox sayda maşın-mexanizmlər cəlb edilib.

Qeyd edək ki, respublikanın yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək. (publika az)

Şahin Mustafayev dövlət komissiyasına sədr təyin olundu

Şahin Mustafayev dövlət komissiyasına sədr təyin olundu

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dair dövlət komissiyasına baş nazirin müavini Şahin Mustafayev sədr təyin olunub.

YAZTV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildiriblər.

Ümumdünya Ticarət Təşkilatının üzv ölkələrilə hələ 2004-cü ildən başlamış danışıqların uzun fasilədən sonra cari ilin sentyabr ayından davam etdiriləcəyi gözlənilir. Son dəfə 2019-cu ilin dekabr ayında aparılmış danışıqlar koronavirus pandemiyasına görə dayandırılıb.

Xatırladaq ki, danışıqlar kənd və sənaye məhsullarının tarifləri, xidmətlər ticarəti, qanunların ÜTT-nin tələblərinə uyğunlaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi kimi dörd istiqamət üzrə aparılır.

Hazırda Azərbaycan ÜTT-nin 20 üzv ölkəsilə danışıqlar aparır. İndiyədək Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qırğız Respublikası ilə danışıqlar başa çatdırılmaqla müvafiq protokollar imzalanıb.

Son vaxtlar hökumət bir sıra mühüm islahatlar həyata keçirib, o cümlədən iqtisadi inkişafla bağlı 12 Yol Xəritəsi qəbul edib. Həmin Yol Xəritələrinin həyata keçirilməsinin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması üçün əsas olacağı gözlənilir.

MEDİA jurnalistlər arasında müsabiqə elan etdi

MEDİA jurnalistlər arasında müsabiqə elan etdi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin keçirilməsi barədə elan verib.

YAZTV xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində jurnalistlərin potensialından səmərəli istifadə olunmasını təmin etmək, onların peşəkarlığının və məsuliyyətinin artmasına, fərdi bacarıqlarının təkmilləşməsinə şərait yaratmaq, jurnalist tədqiqatlarının aparılmasını stimullaşdırmaqdır.

Müsabiqədə kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri və kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri iştirak edə bilərlər.

Çap mediası və onlayn media subyektlərində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

- ən yaxşı reportaj;

-ən yaxşı ictimai-siyasi təhlil;

- ən yaxşı sosial-iqtisadi təhlil;

- ən yaxşı müsahibə;

- ən yaxşı mədəniyyət materialı;

- ən yaxşı idman reportajı və ya təhlili;

- ən yaxşı bədii publisistika;

- ən yaxşı köşə yazısı;

- ən yaxşı jurnalist araşdırması;

- ən yaxşı oçerk

Audiovizual media subyektində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

- ən yaxşı ictimai-siyasi reportaj;

- ən yaxşı iqtisadi reportaj;

- ən yaxşı sosial reportaj;

- ən yaxşı mədəniyyət reportajı;

- ən yaxşı idman reportajı

Çap mediası subyektlərində işləyən jurnalistlər yazının dərc olunduğu qəzetin səhifəsini, onlayn media subyektlərində işləyən jurnalistlər isə həmin yazının dərc olunduğu veb-səhifənin ekran görüntüsünü (skrinşotunu) təqdim etməlidirlər. Audiovizual media subyektində işləyən jurnalistlər süjetləri efirdən kəsilmiş formada (süjetlərin efirdə yayımlanmış loqotipli variantını) elektron daşıyıcıda təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilmiş materialın müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmadığı və ya yayımlanmadığı aşkarlandıqda iştirakçı müsabiqədən kənarlaşdırılacaq.

Müsabiqəyə müraciət edən jurnalistlərdən aşağıdakılar tələb olunur:

- Müsabiqəyə müraciət forması (bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır) (əlavə olunur);

- şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;

- ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin surəti, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən fotoşəkilli arayış (imzalı və möhürlü);

- jurnalistin bank rekvizitlərini əks etdirən sənəd;

- müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış material.

Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, Müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.

Eyni material üç fərqli ekspert tərəfindən fərdi qaydada aşağıdakı meyarların hər biri üzrə ən aşağı “0”, ən yüksək “20” bal olmaqla qiymətləndirilir və hər bir material barədə əsaslandırılmış yazılı rəylər verilir:

- materialın orijinallığı;

- materialın jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu;

- materialın üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması;

- plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi;

- materialın maarifləndirici əhəmiyyəti.

Audiovizual məhsulların qiymətləndirilməsi zamanı oların texniki tərtibatı da nəzərə alınacaq. Ekspertlər tərəfindən materiallara verilən fərdi qiymətlər Agentlik tərəfindən ümumiləşdirilir. Ekspertlər tərəfindən materiallara verilən fərdi qiymətlər Agentlik tərəfindən ümumiləşdirilərkən bir neçə material eyni bal toplayarsa, ekspertlərin müvafiq yazılı rəyləri nəzərə alınacaq. Müsabiqənin nəticəsi barədə məlumat Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.

Müsabiqənin yekununda müəyyən edilmiş nominasiyalar üzrə qaliblər müəyyənləşəcək. Qalib jurnalistlərin hər biri 700 (yeddi yüz) manat, operatorların hər biri isə 350 (üç yüz əlli) manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaq. Pul mükafatları qaliblərin bank hesablarına köçürüləcək.

Detallar barədə bu link vasitəsilə tanış olmaq mümkündür.

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 640 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 555, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 085 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 586 410, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 646 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 940 356 təşkil edir.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Sabah Bakıda 30 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.