Monday, 03 Oktyabr 2022 06:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

10 iyun 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 Bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır. 

Portalda mövcud sorğuların tamamlanması prosesi 17 iyun 2021-ci il tarixinədək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. 17 iyun tarixindən isə proqram təminatı müvəqqəti olaraq dayandırılacaq. 

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Seroloji analizlə “COVID-19” pasportu almaq mümkün deyil - Səhiyyə Nazirliyi

Seroloji analizlə “COVID-19” pasportu almaq mümkün deyil - Səhiyyə Nazirliyi

Seroloji analizlə “COVID-19”-a qarşı vaksinasiya pasportu almaq mümkün deyil.

YAZTV-nin məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, İgG analizi verərək COVID pasportu əldə etmək mümkün deyil: “Bu, seroloji analizdir, bununla heç bir pasport almaq mümkün deyil. İmmun sertifikatı olan şəxsin sertifikatının müddəti 6 ay tamamlananda bitir. Bu zaman o, vaksinasiya olunub “Vaksin sertifikatı” ala bilər".

Ramiz Əzizbəyli harada dəfn olunacaq? - AÇIQLAMA

Ramiz Əzizbəyli harada dəfn olunacaq? - AÇIQLAMA

Koronavirusdan dünyasını dəyişən Xalq artisti Ramiz Əzizbəylinin nəşi "Semaşko" xəstəxanasındadır.

Bu haqda  Xalq artistinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli deyib: "Əmimin nəşi hələlik xəstəxanadadır. Harada dəfn edilməsi ilə bağlı Mədəniyyət Nazirliyindən cavab gözləyirik. Son günlərdə heç bir çarə olmadı, həkimlər əllərindən gələni etdilər. Artıq bir həftəyə yaxın idi huşu özündə deyildi. Heç kimi tanımırdı, aparatdan ayırırdılar, amma huşu özünə gəlmirdi. Yenidən aparata qoşurdular.

Son günlər orqanlarının çoxu cavab vermirdi. Koronavirusa yoluxduqdan sonra xəstəxanada infarkt keçirdi. Şəkəri 430-a qalxmışdı. 3 dəfə insult keçirib, neçə illərdir ki, xəstəliklərlə mübarizə aparırdı. Özünün də, bizim də sağalacağına çox böyük ümidimiz var idi. Amma ümidlərimiz puç oldu.

Xəstəliyinin ilk günlərində normal idi, sonra pisləşməyə başladı. Nəfəs alması çətinləşdi. Ona görə palatadan reanimasiya şöbəsinə yerləşdirdilər. Ötən gün axşam saatlarında dünyasını dəyişdi. Şəkər xəstəsi olduğu üçün risk qrupunda idi".

Nurlan Əzizbəyli koronavirusa yoluxan Xalq artistinin qızı Xədicə Əzizbəylinin səhhətinin yaxşı olduğunu deyib: "Qızı da koronavirusa yoluxmuşdu, o, sağalıb. Artıq evdədir". (publika az)

Azad olunan ərazilərə keçməyə cəhd edən daha 5 nəfər saxlanılıb

Azad olunan ərazilərə keçməyə cəhd edən daha 5 nəfər saxlanılıb

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

 Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı işğaldan azad edilmiş Qullar kəndinə keçmək istəyən 5 nəfər saxlanılıb.


Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Rəsmi

Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Rəsmi

“Vaksin iki dozada vurulur. Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar”.

 
YAZTV xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib.

O bildirib ki, müəyyən səbəblər olubsa və həmin şəxs 28 gün sonra peyvənd vurdura bilməyibsə, o zaman peyvəndi vurdurmaq mümkündür:

“Əgər ikinci dozanı vurdurmaq 56 günü keçibsə, o zaman həmin şəxs 6 aydan sonra yenidən 1 və 2-ci doza vaksin almalıdır”.

İdman zallarının fəaliyyəti bərpa edilir

İdman zallarının fəaliyyəti bərpa edilir

Bu gündən etibarən idman zalları açılır.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

"Aztelekom"da yeni təyinatlar

"Aztelekom"da yeni təyinatlar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktor əvəzi Samir Məmmədov özünə 2 müşavir təyin edib.

Bunlar Cəfər Əbülfəz oğlu Yusifov və Orxan Emin oğlu Cavadlıdır.

Xatırladaq ki, S.Məmmədov həm də nazirliyin aparat rəhbəridir və "Aztelekom"un keçmiş baş direktoru Suat Paşayev vəzifəsindən azad edildikdən sonra onu müvəqqəti əvəz edir. (publika az)

Azərbaycanda xaricə gedənlərdən COVID testi tələb edilməyəcək

Azərbaycanda xaricə gedənlərdən COVID testi tələb edilməyəcək

Nazirlər Kabineti Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklərə aydınlıq gətirib.

YAZTV xəbər verir ki, Azərbaycandan yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək.

Bundan əvvəl  Azərbaycandan yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırdılar. 

Azərbaycandan yola düşən sərnişinlərin arayışlarının yoxlanılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilirdi. Bu tələb ləğv edilir.

Bu gün "Mall"lar açılır

Bu gün "Mall"lar açılır

Bu gündən etibarən iri ticarət mərkəzləri, "Mall"lar açılır.

YAZTV xəbər verir ki, bununla bağlı mayın 26-da Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilir.

Qeyd edək ki, Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərar verib.

Xatırladaq ki, "Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Bu şəxslərin vaksin olunması vacibdir - Nazirlik

Bu şəxslərin vaksin olunması vacibdir - Nazirlik

Risk qrupuna daxil olan şəxslərin COVİD -19-a qarşı vaksin olunması vacibdir.

YAZTV-nin məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova deyib.

 O bildirib ki, xüsusən şəkərli diabeti, endokrin xəstəlikləri olanlar ilk növbədə vaksin vurdurmalıdır. Həmin şəxslər risk qrupuna aiddirlər.
Avro-2020 ilə bağlı nəqliyyat planı açıqlandı

Avro-2020 ilə bağlı nəqliyyat planı açıqlandı

AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən nəqliyyat planı hazırlanıb. 

BNA-dan  verilən məlumata görə, müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək. 

X-1 marşrut xətti “Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə “28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək.

 

Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək. 

Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Bunun üçün P21 və P22 olmaqla əlavə iki ekspres xətt təşkil edilib. P21 xətti üzrə avtobuslar Xəlil Rza Ulutürk küçəsi- “Dəniz Mall”un qarşısı, P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətlərdə hərəkət edəcəklər. Qeyd olunduğu kimi P21 və  P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.  

Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş media işçiləri və könüllülər 5 iyul 2021-ci il tarixinədək müntəzəm marşrut xətləri üzrə avtobuslardan ödənişsiz hərəkət imkanına malikdirlər. Bununla bağlı daşıyıcılara tapşırıq verilib və müvafiq akkreditasiya nümunələri təqdim edilib.

Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq.

Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.

 

 

Vaksinasiyadan keçənlərin bu günə olan statistikası

Vaksinasiyadan keçənlərin bu günə olan statistikası

İyunun 9-da Azərbaycanda koronavirus infeksiyası əleyhinə 38 466 doza vaksin vurulub.

YAZTV Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə isə 5072 nəfər olub.

 İndiyə qədər ölkə ərazisində vurulan vaksin dozalarının ümumi sayı 2 624 876-dır. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 679 448, ikinci mərhələ üzrə 945 428 nəfər təşkil edir.