Saturday, 03 Dekabr 2022 20:51
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda son sutkada koronavirusdan bir nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusdan bir nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 275 nəfər müalicə olunaraq sağalıb, 4 975 nəfər vəfat edib.

 

nomre.bakcell.com

 

Aktiv xəstə sayı isə 872 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8828, bu günə qədər isə ümumilikdə 3 758 131 test icra olunub.

Səkkiz hərbçimiz itkindir - Adlar

Səkkiz hərbçimiz itkindir - Adlar

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. 

YAZTV” xəbər verir ki, siyahıya itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

 Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

 

 
Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edib

Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edib

Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.

""YAZTV quruma istinadən xəbər verir ki, iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

Belə ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abunəçilərin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abunəçisi üzrə istehlakın həcminin təxminən 1,3 min kub metrdən 1,6 min kub metrə, ümumi istehlak həcminin isə 2,7 milyard kub metrdən 3,7 milyard kub metrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.

Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abunəçilərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Əhali abunəçiləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.

Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

Qərar sabahdan qüvvəyə minir.

Koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişmiş, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb.

Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abunəçisi üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abunəçisi üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.

Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.

Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

DYP-dən toylarla bağlı xəbərdarlıq

DYP-dən toylarla bağlı xəbərdarlıq

Yol polisi bu gündən etibarən keçirilməsinə icazə verilən toy şənlikləri ilə bağlı əhaliyə müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, toyların başlanması istər-istəməz spirtli içkinin təsiri altında avtomobilləri idarə edənlərin sayının artacağı ehtimal edilir: “Amma mən əminəm ki, sükan arxasında olan sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə etməyəcək. Çünki qanunvericiliyə vaxtında edilən əlavə və dəyişikliklərlə, spirtli içkinin təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük hüququndan məhrumetmə, cərimə, yaxud həbs nəzərdə tutulur. Sürücülər spirtli içki qəbul etdikdə “ayıq sürücü”lərə müraciət etməlidirlər”.

V.Əsədov qeyd edib ki, toy karvanlarında da hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq dərhal müvafiq cəza tədbirləri görüləcək: “Avtomobil sahiblərinin və sürücülərin, xüsusilə toy sahiblərinin nəzərinə çatdıraraq tövsiyə edirik ki, hərəkət zamanı “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edilsin və digərlərinin hərəkətinə maneə yaradılmasın. Yol polisi əməkdaşları tərəfindən “toy karvanı”nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək.

Unutmayın ki, Bakı şəhərinin inzibati ərazisi əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Ərazidə olan kameralar vasitəsilə hərəkətə günün 24 saatı nəzarət edirik, avtomatik olaraq, elektron qərarlar qəbul etməklə, inzibati tənbeh tədbirləri həyata keçiririk”.

Paytaxt yol polisinin sözçüsü bildirib ki, toyların keçirilməsi zamanı xüsusilə yollara yaxın məsafələrdə yerləşən şadlıq saraylarının ətrafında nəqliyyat vasitələrinin düzgün park edilməməsi ərazidə süni sıxlıqların yaranmasına səbəb olur: “Ona görə də bəri başdan vətəndaşlardan xahiş edirik ki, yollara bitişik olan sarayların qarşısında nəqliyyat vasitələrinin düzgün dayanma-durma və park edilməsinə diqqət etsinlər. Toylar günün pik saatlarında keçirildiyindən istər-istəməz sıxlığa səbəb olur. Süni sıxlıqlar isə vəziyyəti bir qədər də çətinləşdirir”.

Azərbaycanda 247 dərman vasitəsinin qiyməti təsdiq edilib

Azərbaycanda 247 dərman vasitəsinin qiyməti təsdiq edilib

Yeni dövlət qeydiyyatına alınan 247 dərman vasitəsinin qiyməti təsdiq edilib.

""YAZTV xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurasının bugünkü iclasında qərar qəbul olunub.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12 689 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (http://tariff.gov.az/%22http://www.tariff.gov.az/%22) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az//%22documents/DVA.pdf/%22) yerləşdirilib.

Azərbaycanda elektrik enerjisi üzrə gecə və gündüz tarifləri müəyyən edilib

Azərbaycanda elektrik enerjisi üzrə gecə və gündüz tarifləri müəyyən edilib

“Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının
2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində “və məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri” sözləri çıxarılsın və cədvəl bölməsinə aşağıdakı məzmunda 2.2-ci sətir əlavə edilsin:“

2.2.

Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri

 

2.2.1.

Gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər)

7,3

2.2.2.

Gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər)

3,5

 
İyulun ilk gününə olan HAVA PROQNOZU

İyulun ilk gününə olan HAVA PROQNOZU

İyulun 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 1-də Abşeron yarımadasında isti hava şəraiti fonunda arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabahdan qadağa qoyulur

Sabahdan qadağa qoyulur

Sabahdan, iyulun 1-dən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilir.

YAZTV xəbər verir ki, qadağa 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” fərman əsasında tətbiq edilir.

Sənəddə deyilir ki, iyulun 1-dən ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq.

Fərmanın müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 88978 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48174 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 511 219, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 214 990, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 296 229 təşkil edir.

Bu gündən Azərbaycanda toylar başlayır

Bu gündən Azərbaycanda toylar başlayır

Bu gündən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir.

YAZTV xəbər verir ki, Nazirlər Kabineti müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verib.

50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq

Belə ki, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə:

- Yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (bundan sonra – COVID-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir;

- İyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

Toy mərasimlərinin keçiriləcəyi şadlıq evləri ilə bağlı tələblər

- şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.

- keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır;

- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaqlar;

- sanitar-epidemioloji tələblərə riayət olunması məqsədilə yuxarıda qeyd olunan məsələləri və digər tələbləri özündə ehtiva edən metodiki göstərişlər təsdiq olunaraq şənlik mərasimlərinin təşkili və keçirilməsində rəhbər tutulacaq;

50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən toylarda COVID-19 pasportu tələb olunmayacaq

50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla) və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir.

Tibbi maska tələbi və açıq havada toy

Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, əlli nəfərədək olan toy, nişan və ad günü tədbirlərində COVID-19 pasportu tələb olunmadığı üçün tibbi maska tələbi mütləqdir. Amma 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə COVID-19 pasportu tələb olunduğu üçün tibbi maska tələbi yoxdur. DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil.

O həmçinin vurğulayıb ki, açıq havada, çadırda və digər məkanlarda toy, nişan, ad günləri mərasimlərinin keçirilməsinə məhdudiyyət tələblərinə riayət etməklə 50 nəfərə qədər şəxsin iştirakı ilə icazə verilir. Digər halda, bir məkanda iki çadır quraraq ayrı-ayrı qonaqların dəvət edilməsi üçün say tərkibinin başqa formada dəyişdirilməsinə icazə verilmir. Yalnız bir məkanda bir mərasim çadırı təşkil oluna bilər.

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaq.

Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaq

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

İyul ayına olan hava proqnozu açıqlandı

İyul ayına olan hava proqnozu açıqlandı

İyul ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 21-26, gündüzlər 29-34, bəzi günlərdə 37-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 2-3 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 22-27, gündüzlər 33-38, bəzi günlərdə 40-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 16-21, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 36-73 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gundüzlər 29-34, bəzi günlərdə 37-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 9-118 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 22-27, gündüzlər 35-39, bəzi günlərdə 41-44 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 3-22 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 21-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gündüzlər 29-34, bəzi günlərdə 35-39 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 7-33 mm) olacaq.

Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələyib, 1 nəfər ölüb

Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələyib, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, 1 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 336 047 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 219 nəfər müalicə olunaraq sağalıb, 4 974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.

Ölkədə son sutka ərzində 8871, hazırkı dövrədək isə 3 749 303 test aparılıb.