Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evinin və 2 saylı Gəncə regional "ASAN Xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə16-17 iyun 2022 –ci il tarixləri çərçivəsində “Erkən nikah və onun fəsadları” mövzusunda keçirilən təlimin məqsədi erkən nikahların doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi kimi əhəmiyyətini və aktuallığını nəzərə alaraq gənclərin bu məsələyə diqqətini cəlb etmək, erkən nikahın yaratdığı mənfi nəticələri göstərməklə onları bu sahədə maarifləndirmək, problemin həllinə gəncləri cəlb etməkdir.
Qeyd edirik ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur.
Təlim psixoloqlar Günel Hüseynli və Günəş Seyfullahzadənin iştirakları ilə həyata keçirilmişdir. Hər iki nümayəndənin iştirakı mövzuya müxtəlif aspektlərdən yanaşmağa, erkən nikahın doğurduğu mənfi nəticələri daha yaxşı analiz etməyə yardımçı olmuşdur.
Təlim məkan olaraq Gəncə Gənclər Evi və 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin akt zallarında baş tutmuşdur və burada 43 nəfər gənc iştirak etmişdir.
Sonda təşkilatçı qurumların rəhbərləri Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Həmid Nəsirov, 2 saylı Gəncə regional ASAN Xidmət Mərkəzinin direktoru Arzu Qocayev və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov çıxış edərək təlimi uğurla başa vuran gənclərə uğurlar arzulamışlar və onları birgə təsdiq olunmuş Sertifikatla təltif ediblər.