İsmayıllı rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

İsmayıllı rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində “17 İyun Tibb İşçilərinin Peşə Bayramı” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə RİH başçısı Nahid Bağırov və tibb işçiləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
 
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində davam etdirilən tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğıdan danışaraq qeyd edib ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.
Həkimlərin fədakarlığından da danışan rayon rəhbəri vurğulayıb ki, COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş bölgəsində böyük fədakarlıq nümunəsi göstəriblər.
 
Rayon rəhbəri həmçinin İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vidadi Rəhimovu Prezident İlham Əliyevin 16 iyun 2022-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik edib.
Çıxış edən tibb işçiləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda “17 İyun Tibb işçilərinin peşə bayramı” münasibətilə rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsi və İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin fəxri fərmanları təqdim olunub.