Tuesday, 05 İyul 2022 09:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Zakir Həsənovun İrana səfəri başlayıb

Zakir Həsənovun İrana səfəri başlayıb

Yanvarın 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başlayıb.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə həyata keçirilir.

Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.

Hərbi prokuror: "İtkin düşən 6 hərbçinin axtarışları davam etdirilir"

Hərbi prokuror: "İtkin düşən 6 hərbçinin axtarışları davam etdirilir"

"İtkin düşən 6 hərbçinin axtarışları davam etdirilir".

YAZTV xəbər verir ki, bunu Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Hərbi prokuror qeyd edib ki, itkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır.

Onun sözlərinə görə, döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb: "Hərbi Prokurorluğun əməkdaşları Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirib. Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılıb. İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib".

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib.

YAZTV həmin icmalı təqdim edir.

https://www.youtube.com/watch?v=QY5kRVprVAs

Zakir Həsənov Finlandiya XİN-in nümayəndə heyəti ilə görüşüb

Zakir Həsənov Finlandiya XİN-in nümayəndə heyəti ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 24-ü Azərbaycanda işgüzar səfərdə olan Finlandiya Xarici İşlər Nazirliyi Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livalanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan-Finlandiya hərbi əməkdaşlığının NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində uğurla həyata keçirildiyini bildirib.

Qonaq M.Livala Finlandiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər iki ölkə arasındakı münasibətlər, regionda sülhün və sabitliyin gücləndirilməsi, eləcə də digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Azərbaycanda ehtiyatda olan hərbçilərin təlim toplanışı başlayıb

Azərbaycanda ehtiyatda olan hərbçilərin təlim toplanışı başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

Təlimə cəlb olunan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat, eləcə də həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Daha sonra təlim iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub. Tədbirin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirib.

Çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı zəfərdən və bu qələbənin tarixi əhəmiyyətindən danışıblar. Keçirilən təlimlərin onların döyüş və mənəvi-psixoloji hazırlığına müsbət təsir edəcəyini bildiriblər.

Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

Qeyd edək ki, təlim toplanışı yanvarın 29-dək davam edəcək.

https://www.youtube.com/watch?v=VRBAExR8cqU

Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunkturasına qəbul elan olunub

Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunkturasına qəbul elan olunub

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edib.

Müdafiə Nazirliyindən YAZTV-yə verilən məlumata görə, qəbul "Milli təhlükəsizlik və hərbi elmlər" elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunub:

- Hərbi nəzəri elmlər;
- Hərbi xüsusi elmlər;
- Hərbi təbabət;
- Milli təhlükəsizlik.

Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə isə həkim-mütəxəssis), Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və mülki işçilər müsabiqə əsasında qəbul olunurlar. Mülki ali təhsil müəssisələrini bitirən hərbi qulluqçular iki ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.

Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan hərbi qulluqçular (mülki işçilər) qəbul edilirlər.

Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə 31.03.2022-ci il tarixinədək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.

Hərbi hissə komandirləri, hərbi-elmi (elmi tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəisləri adyunkturada təhsil almaq üçün müraciət etmiş namizədlərin raportlarını ona əlavə olunan sənədlərlə birlikdə 15 aprelədək Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə göndərməlidirlər.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

YAZTV-nin xəbərinə görə, şəhidlərin məzarı üzərinə qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi daha sonra Türk şəhidliyini ziyarət edib.

Zakir Həsənov hərbi təhsilin yüksək səviyyədə təşkili üçün tapşırıqlar verib

Zakir Həsənov hərbi təhsilin yüksək səviyyədə təşkili üçün tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Bu barədə YAZTV-yə Müdagfiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra hərbi məktəbin klubunda məktəbin zabit və kursantları, həmçinin professor, müəllim heyəti ilə görüş keçirilib.

Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Müdafiə naziri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini şəxsi heyətin diqqətinə çatdırıb. Müharibə zamanı qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin vacib rol oynadığı xüsusi vurğulanıb.

Yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyəti təbrik edən nazir Vətən müharibəsində hərbi məktəbin yetirmələrinin qəhrəmanlıq və şücaətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

Müdafiə naziri Azərbaycan Ordusunda yeni texnologiyalardan istifadə olunmaqla aparılan kadr islahatlarının Ordumuzun daha da güclənməsində mühüm rol oynadığını bildirib.

Ali Hərbi Məktəbdə hərbi mütəxəssislərin hazırlıq proqramının Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılmasının Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanması istiqamətində atılan mühüm addımlardan biri olduğu qeyd edilib.

Sonra general-polkovnik Z.Həsənov kursantların qayğıları ilə maraqlanıb, onlara tədrisdə və gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda Müdafiə naziri hərbi təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verib.

https://www.youtube.com/watch?v=Lj07edb4MuE

Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib

Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ordumuzda həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində yeni inşa edilmiş və əsaslı təmir olunmuş hərbi obyektlər istifadəyə verilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev təlim hərbi hissəsində və mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölmələrinin birində olublar.

Məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təchiz edilib. Burada ideoloji sinif, xidməti, məişət və silah otaqları, eləcə də dəftərxana, yataqxana, yeməkxana və sanitar qovşağı mövcuddur. Mətbəxdə sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla dadlı, keyfiyyətli və isti yeməklər hazırlanır. Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirməsi və gənc əsgərlərin valideynləri ilə görüşməsi üçün şərait yaradılıb.

Texnikalara qulluq göstərilməsi üçün hərbi hissənin ərazisində inşa edilən texniki xidmət və təmir məntəqəsində görülən işlərlə tanış olan nazir müavinləri texniki xidmət zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi barədə əlavə göstərişlər veriblər.

Sonda nazir müavinləri ərzaq anbarının yeni inşa edilmiş qərargah binası və bölmənin qoşqulu mətbəxinə baxış keçirib, xidmətin yüksək səviyyədə təşkili və aparılması ilə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını çatdırıblar.

https://www.youtube.com/watch?v=21tybC4aC7k

Baş Qərargah rəisi azad edilmiş ərazilərə getdi

Baş Qərargah rəisi azad edilmiş ərazilərə getdi

Yanvarın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyətini yoxlayıb.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitilə tanış olub.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün bütün lazımi şərait yaradılıb.

General-polkovnik K.Vəliyev şəxsi heyətin qayğıları ilə maraqlanıb, hərbi qulluqçulara xidmətlərində uğurlar arzulayıb.

Sonra Baş Qərargah rəisi hərbi hissə komandirləri və onların müavinləri ilə keçirilən toplanışda iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

Qeyd olunub ki, keçirilən toplanışın əsas məqsədi zabitlərin müasir ümumqoşun döyüşünün aparılması, eləcə də bölmələri idarəetmə üzrə nəzəri biliklərin və peşəkarlığının, döyüş işinin təşkili zamanı qərar qəbuletmə və təşkilatçılıq bacarıqlarının təkmilləşdirilməsidir.

Baş Qərargah rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında orduda aparılan davamlı islahatların həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrin icrası, eləcə də müdafiə nazirinin döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə əlaqədar göstərişlərini komandir-rəis heyətinin diqqətinə çatdırıb.

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

Qeyd edək ki, general-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.