Tuesday, 05 İyul 2022 11:02
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Hərbi qulluqçularımız “Anatolian Phoenix-2022” beynəlxalq təlimində iştirak edəcək

Hərbi qulluqçularımız “Anatolian Phoenix-2022” beynəlxalq təlimində iştirak edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

Bu barədə "YAZTV" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Mayın 16-dan 27-dək davam edəcək təlimə Azərbaycan HHQ-nin aviasiya vasitələri də cəlb olunub.

Artilleriya bölmələrində atəş tapşırıqları icra olunub

Artilleriya bölmələrində atəş tapşırıqları icra olunub

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri yerdəyişmə icra etdikdən sonra təyin olunan yerlərdə atəş mövqelərini tutublar.

Təlimdə artilleriya qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsi, müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər suallar məşq etdirilib. Komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, eləcə də hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

https://www.youtube.com/watch?v=LvjMoRKDkQc

Azərbaycan Ordusu təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub - RƏSMİ

Azərbaycan Ordusu təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub - RƏSMİ

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Hərbi Hava Qüvvələrində təlimlər keçirilib

Hərbi Hava Qüvvələrində təlimlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib.

Bu barədə  YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib.

Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunub.

https://www.youtube.com/watch?v=OKd-3MFGlWE

DTX Vətən müharibəsi dövründə Ermənistanda 300-dək müşahidə kamerasına girişi ələ keçirib

DTX Vətən müharibəsi dövründə Ermənistanda 300-dək müşahidə kamerasına girişi ələ keçirib

Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları Vətən müharibəsi dövründə Ermənistanda, təxminən, 300-dək müşahidə kamerasına girişi ələ keçirib.

YAZTV xəbər verir ki, bu barədə İctimai televiziyanın efirində yayımlanan "Görünməyən qəhrəmanlar - DTX" adlı sənədli filmdə səsləndirilib.

"Ermənistan internet mühitini bağlamışdı və əhalisini inandırmağa çalışırdı ki, Azərbaycan təcavüzkar dövlətdir. Ona görə də biz tədbir görməyə məcbur qaldıq. Ermənistanda, təxminən, 300-dək müşahidə kameralarını ələ keçirdik", - filmdə bildirilib.

"Torpaqlarımız işğaldan azad edildikcə, bu məlumatlarlar şəffaflıqla Azərbaycan mətbuatında var idi. Amma bu, Ermənistan mətbuatında yox idi. Ermənistan əhalisi elə bilirdi ki, o torpaqlar heç də işğaldan azad olunmayıb. Onların gözündə hər şey qaydasında olduğu kimi görünürdü. Biz məcbur qaldıq ki, Ermənistan ictimaiyyətinə, xüsusilə valideynlərə həqiqəti çatdıraq. Onlara bir yaxşılıq etməyi düşündük və beləliklə, 300-dən çox kamera vasitəsilə erməni dilində mətn səsləndirdik. Bununla da on minlərlə əhaliyə mesaj çatdırmış olduq ki, övladlarınızı göndərməyin. Cəbrayıl, Füzuli istiqamətində digər uğurlu əməliyyatlarımız barədə onları məlumatlandırdıq və həqiqətləri dedik. Eyni zamanda itkilərinin sayı barədə onları məlumatlandırdıq. Azərbaycanın bütün beynəlxalq sənədlərlə tanınmış torpaqlarını işğaldan azad etməkdə haqqı var və torpaqlar artıq işğaldan azad olunub. Hətta biz bu mesajların az olduğunu düşünürək internet səhifəsi hazırladıq. Bəlkə də Ermənistanda 50 minədək mənzillərin, ofislərin internet trafikini buraya yönəltdik", - filmdə qeyd olunub.

MN: "Azərbaycan Ordusu güc tətbiq etmədən mövqelərini dəqiqləşdirir"

MN: "Azərbaycan Ordusu güc tətbiq etmədən mövqelərini dəqiqləşdirir"

"Ermənilərin informasiya təxribatı davam edir".

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir", - nazirlikdən qeyd olunub.

Azərbaycanda mina probleminə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda mina probleminə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Bütün dünyada sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan mina probleminin qlobal müstəvidə müzakirəsi, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kütləvi minalanması probleminin beynəlxalq miqyasda tanıdılması, bu sahədə mövcud olan çağırış və imkanların birgə müzakirəsi məqsədilə Azərbaycanda beynəlxalq konfrans baş tutacaq.

YAZTV-nin xəbərinə görə, konfrans 2022-ci il 31 mart və 1 aprel tarixlərində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə keçiriləcək.

“Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunu əhatə edəcək və hibrid formatda təşkil ediləcək tədbirə Anqola, Kamboca, Bosniya və Herseqovina, Xorvatiya, İordaniya, Sudan, Serbiya, İsveçrə, Böyük Britaniya və s. kimi dünyanın 30-a yaxın ölkəsindən, 20-si minadan təmizləmə sahəsində ixtisaslaşan qurumların vəzifəli şəxsləri olmaqla, ümumilikdə 120-yə yaxın iştirakçının qatılması gözlənilir. İştirakçılar arasında həmçinin, xarici ölkələrin parlament üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri olacaq.

Konfransın gündəliyində duran əsas məsələlər qlobal minatəmizləmə səylərinin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, hökumət təşkilatlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir. Sözügedən mövzular xüsusi olaraq, minatəmizləmənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa işlərindəki rolu prizmasından da qiymətləndiriləcək, Azərbaycanda minatəmizləmə sahəsində görülən genişmiqyaslı işlər barədə məlumat veriləcək. Bundan başqa, konfrans iştirakçıları humanitar minatəmizləmənin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və davamlı sülhün təmin edilməsində rolu, minatəmizləmə fəaliyyəti üçün dayanıqlı dəstək və maliyyələşmə mexanizmlərinin yaradılması, bütün tərəfdaşlar arasında davamlı dialoqun qurulması imkanlarını müzakirə edəcəklər.

Konfrans çərçivəsində iştirakçıların Ağdam şəhərinə səfəri, burada ANAMA-nın regional mobil sahə düşərgəsinə baxış, Azərbaycan Prezidentinin Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə Xüsusi Nümayəndəliyində brifinqin keçirilməsi, daha sonra isə bilavasitə minatəmizləmə fəaliyyətinin aparıldığı ərazilərə baxış nəzərdə tutulur.

Konfransın ikinci günündə qlobal minatəmizləmə səylərinə kompleks yanaşma, mövcud çağırışlar və imkanlar, qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi, minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri kimi mövzular üzrə panel müzakirələri keçiriləcək, dünyanın müxtəlif ölkələrindən olan bir sıra nümayəndələr tədbirə videoformatda qoşulacaq.

“Hərbçilərimiz arasında yaralanan yoxdur” - Rəsmi

“Hərbçilərimiz arasında yaralanan yoxdur” - Rəsmi

Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.

YAZTV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

MN: Erməni mənbələrinin vəziyyətin gərginliyi barədə xəbərləri həqiqəti əks etdirmir

MN: Erməni mənbələrinin vəziyyətin gərginliyi barədə xəbərləri həqiqəti əks etdirmir

Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən bildirilib.
Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.
Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.

Gəncə yaxınlığında eşidilən partlayış səslərinin səbəbi açıqlanıb

Gəncə yaxınlığında eşidilən partlayış səslərinin səbəbi açıqlanıb

Müdafiə Nazirliyi Gəncə şəhəri yaxınlığında eşidilən partlayış səslərinin səbəbini açıqlayıb.

Nazirlikdən  bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 28.03.2022-ci il tarixdən 02.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Gəncə şəhəri yaxınlığında partlayış səsləri eşidilib.

“Ordumuzun Fərrux kəndindən geri çəkilməsi xəbəri yalandır” - MN

“Ordumuzun Fərrux kəndindən geri çəkilməsi xəbəri yalandır” - MN

Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir.

YAZTV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Qeyd olunur ki, Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

"Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.

Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.

Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kənd yoxdur. Qeyd edilən kəndin adı FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir", - açıqlamada vurğulanır.

Azərbaycanla Qətər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanla Qətər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 7-ci “DİMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün Qətərin Doha şəhərində rəsmi səfərdədir.

Bu barədə YAZTV-yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2008-ci ildən etibarən təşkil edilən, Yaxın Şərq və Şimali Afrika regionunda ən nüfuzlu dəniz müdafiə sərgisi olan DİMDEX sərgisində ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Cənubi Koreya və s. ölkələrin aparıcı şirkətləri dəniz müdafiəsində yeni texnologiyaları, hərbi gəmiqayırma avadanlıqları, dəniz müdafiəsi sisteminin köməkçi və dəstək texnologiyalarını nümayiş etdirirlər.

Sərgi çərçivəsində M.Quliyev Qətərin Baş naziri və daxili işlər naziri Xalid bin Xəlifə bin Abdul Əziz Əl Tani və bu ölkənin Baş nazirinin müavini və müdafiə işləri üzrə naziri Xalid bin Məhəmməd Əl Attiyah ilə görüşüb.

Görüşlərdə Azərbaycanla Qətər arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, hər iki ölkə arasında hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sərgidə M.Quliyev Türkiyə milli povilyonu ilə də tanış olub və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşüb. Görüş zamanı hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Nazir eyni zamanda Türkiyəyə məxsus olan Havelsan, Roketsan və Turkish Aerospace şirkətlərinin stendlərini də ziyarət edib.

Xatırladaq ki, martın 21-də başlayan sərgi ayın 23-də yekunlaşacaq.