Tuesday, 05 İyul 2022 11:15
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Azərbaycan hərbçiləri “Efes-2022”də növbəti tapşırıqları icra ediblər

Azərbaycan hərbçiləri “Efes-2022”də növbəti tapşırıqları icra ediblər

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimi davam edir.

Müdafiə Nazirliyindən  YAZTV-yə verilən məlumata görə, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər.

Bundan başqa, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.

https://www.youtube.com/watch?v=KCBU4XcbEQY

Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradılıb

Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradılıb

Azərbaycanda Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradılıb.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər iki institut yeni yaradılan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərəcək.

Bundan başqa, Hərbi Elmi-Tədqiqat İnstitutu da MN-in nəzdində fəaliyyət göstərəcək.

"Report"un əldə etdiyi məlumata görə, Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin bazasında yaradılıb.

Türkiyənin milli müdafiə naziri Azərbaycana gəlib

Türkiyənin milli müdafiə naziri Azərbaycana gəlib

Mayın 27-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə YAZTV Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Adnan Özbal, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak edib.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, gələcəkdə də bu istiqamətdə görülən işlərin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən cənab H.Akar 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, “Texnofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin, eləcə də birgə təlimlərin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.

Hər iki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib.

YAZTV icmalı təqdim edir.

https://www.youtube.com/watch?v=LaOoHx-YGtk

İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır: “Dağlara yağan qar hələ də əriməyib. Bunlar isə axtarış tədbirlərini çətinləşdirir. Lakin buna baxmayaraq itkin düşən hərbçilərimizin axtarış davam edir”.

Qeyd edək ki, martın 5-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azıblar.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Mayın 26-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu qeyd edərək Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu bildirib.

Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığı, bütün sahələrdə olduğu kimi hərbi sahədə də qardaş Türkiyənin göstərdiyi dəstəyin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Türkiyənin milli müdafiə nazirinin müavini isə öz növbəsində Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək ölkələrimiz arasında hərbi sahədə birgə sənayenin inkişaf etdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Bakıda keçirilən "TEKNOFEST-Azərbaycan" festivalının xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə edilib.

Azərbaycan Ordusunun silah və texnikası yay mövsümündə istismar rejiminə keçirilir

Azərbaycan Ordusunun silah və texnikası yay mövsümündə istismar rejiminə keçirilir

Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi davam etdirilir.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınaraq döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materiallarının dəyişdirilməsi həyata keçirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Bundan başqa, şəxsi heyətlə yay şəraitində texnikanın istismarı qaydaları və təhlükəsizlik tələblərinin öyrənilməsi üzrə dərslər keçirilir.

https://www.youtube.com/watch?v=u42pV9yK634

Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir

Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir

Mayın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə keçirilən kompleks məşqlərdə iştirak edib.

Bu barədə  YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Səhra idarəetmə məntəqələrində məşqlərin təşkili və gedişatı ilə maraqlanan müdafiə nazirinə bölmələrin sərəncamındakı müasir rabitə avadanlıqları təqdim edilib.

Məruzə olunub ki, məşqlərdə vahid rabitə sisteminin təşkili, eləcə də radioelektron mübarizə tədbirləri üzrə tapşırıqlar uğurla icra edilir.

General-polkovnik Z.Həsənov qoşun növlərinin komanda-idarəetmə məntəqələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayaraq məruzələri dinləyib.

Məşqlərin gedişatını müsbət qiymətləndirən nazir rabitə hissə və bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkilinin vacibliyini xüsusi qeyd edib.

https://www.youtube.com/watch?v=6vA-VuVtc_0

Azərbaycan hərbçiləri Türkiyədəki təlimdə növbəti tapşırıqları icra edib

Azərbaycan hərbçiləri Türkiyədəki təlimdə növbəti tapşırıqları icra edib

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.

https://www.youtube.com/watch?v=zRbJIkV0v1g

Azərbaycanda hərbi məktəblər Milli Müdafiə Universitetinin tabeliyinə verilib

Azərbaycanda hərbi məktəblər Milli Müdafiə Universitetinin tabeliyinə verilib

Azərbaycanda hərbi məktəblər Milli Müdafiə Universitetinin tabeliyinə verilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.

Ermənilər Kəlbəcəri intensiv ATƏŞƏ TUTDU

Ermənilər Kəlbəcəri intensiv ATƏŞƏ TUTDU

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

Müdafiə Nazirliyindən YAZTV-yə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.

 

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.