Tuesday, 05 İyul 2022 10:47
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan Ordusu Qırmızı Bazarda mülki əhalini və obyektləri atəşə tutmayıb - RƏSMİ

Azərbaycan Ordusu Qırmızı Bazarda mülki əhalini və obyektləri atəşə tutmayıb - RƏSMİ

"Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır".

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb: "Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur".

Azərbaycan və Türkiyə orduları birgə təlimlər keçirəcək

Azərbaycan və Türkiyə orduları birgə təlimlər keçirəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq təlimlərdə iştirak edəcək.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.

Qeyd olunub ki, 2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.

“Eternity - 2022”, “EFES - 2022”, “Sarsılmaz Qardaşlıq - 2022”, “Qış təlimi - 2022”, “Beynəlxalq Ordu Oyunları - 2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək.

Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, "Sarsılmaz Qardaşlıq" təlimləri Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilir.

https://www.youtube.com/watch?v=sm5zy4ojWZQ

Müharibə veteranı adı və müvafiq vəsiqənin veriləcəyi şəxslər açıqlanıb

Müharibə veteranı adı və müvafiq vəsiqənin veriləcəyi şəxslər açıqlanıb

Müharibə veteranı adı və müvafiq vəsiqənin veriləcəyi şəxslər açıqlanıb.

Bu barədə YAZTV-yə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Belə ki, aşağıdakı şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulur:

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində:

- hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə);

- döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda:

- döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxslərə;

- hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (yuxarıda qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə.

Aidiyyəti dövlət orqanları tərəfindən yuxarıda qeyd olunan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin şəxslərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilmiş şəxslərə dair məlumatlar həmin adı və vəsiqəni verən dövlət orqanları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir.

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayıb

Müdafiə Nazirliyinin ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayıb

Müdafiə Nazirliyində ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır.

Bu barədə YAZTV-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək olan vətəndaşlar yanvarın 5-dən 25-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Ehtiyat zabit hazırlığı kursuna qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.

Ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 ədəd;

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd;

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);

- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;

- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 ədəd.

Nazirlikdən qeyd olunub ki, məhkumluğu olan hərbi vəzifəlilər ehtiyat zabit hazırlığı kursuna qəbul edilmirlər.

Sənədlər yanvarın 5-dən 25-dək hər gün (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyində (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) qəbul olunur.

Laçında yerləşən hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb

Laçında yerləşən hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Laçın rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan şəxsi heyətlə görüşən Baş Qərargah rəisi dövlət sərhədində, o cümlədən Qaragöl gölü istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün lazımi tapşırıqlar verib.

Sonra hərbi birliyin şəxsi heyəti ilə xidməti müşavirə keçirilib, 2021-ci ilin yekunları təhlil olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Müdafiə nazirinin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar, o cümlədən hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi psixoloji durumunun yaxşılaşdırılması istiqamətində aparılan işlər müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Xidməti döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Müşavirədə polkovnik Münasib Babayevə “general-mayor” ali hərbi rütbəsi verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı oxunub, ona gələcək xidmətində uğurlar arzulanıb, xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı müdafiə nazirinin tapşırıq və tövsiyələri çatdırılıb.

Sonda Baş Qərargah rəisi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

2022-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Bu barədə YAZTV-yə nazirlikdən məlumat verilib.

Plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.

Zakir Həsənov XTQ-nin hərbi hissəsində olub, tapşırıqlar verib

Zakir Həsənov XTQ-nin hərbi hissəsində olub, tapşırıqlar verib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar ordu quruculuğunda aparılan islahatlar çərçivəsində yeni hərbi obyektlərin tikintisi davam etdirilir.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub.

Müdafiə naziri hərbi hissənin ərazisində tikintisi davam edən bir neçə hərbi obyektə baxış keçirib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi hissədə aparılan işlər barədə müdafiə nazirinə məruzə edib.

Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşərək xüsusi təyinatlıların Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqların ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Nazir həmçinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin istənilən əmrinin icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

Sonda Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

https://www.youtube.com/watch?v=aKSQkaqX1dk

Müdafiə Nazirliyi: "Azərbaycan Türkiyə ilə birgə təlimləri davam etdirəcək"

Müdafiə Nazirliyi: "Azərbaycan Türkiyə ilə birgə təlimləri davam etdirəcək"

"Azərbaycan hərbçilərinin Türkiyə ilə ikitərəfli təlimlərdə, NATO proqramları çərçivəsində, o cümlədən “Beynəlxalq Ordu Oyunları”nda iştirakı da nəzərdə tutulur".

YAZTV-nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında məlumat verib.

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Nazirlikdən YAZTV-yə bildirilib ki, plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Naxçıvan Qarnizonu Qoşunlarında fərqlənən hərbçilər mükafatlandırılıb

Naxçıvan Qarnizonu Qoşunlarında fərqlənən hərbçilər mükafatlandırılıb

Naxçıvan Qarnizonu Qoşunlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən silsilə tədbirlərdə xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Orduda keçirilən tədbirlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.

Şəxsi heyətə təbriklər çatdırılan zaman bildirilib ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik ideyası milyonlarla soydaşımızı birləşdirən dövlətçilik və vətənpərvərlik amalına çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qayğısı ilə doğma Naxçıvanımızda digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər görülür, dövlət-ordu-xalq birliyi möhkəmlənir. Naxçıvan Muxtar Respublikasında xalqımızın milli birliyinin rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması da dövlət-ordu-xalq birliyinin daha bir nümunəsi, həmrəyliyin ifadəsidir. İnanırıq ki, milli həmrəylik gününü böyük qürur hissi ilə qeyd edən Naxçıvan Qarnizonunun şəxsi heyəti göstərilən yüksək etimadı bundan sonra da şərəflə doğruldacaq, bütün bilik və bacarıqlarını ordumuzun daha da güclənməsinə və inkişafına sərf edəcək.

Çıxışların ardından hərbi qulluqçulara növbəti hərbi rütbələr və fəxri fərman təqdim edilib, təşəkkür elan olunub, şəxsi heyət qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bayram tədbirləri Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində, Təlim-Tədris Mərkəzlərində təşkil olunan konsert proqramları ilə davam edib. Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirlərdə şəhər və rayon mədəniyyət kollektivlərinin solistləri bayram ovqatlı mahnılar ifa ediblər.

Azərbaycan Ordusuna yeni raket və döyüş sursatları alınıb

Azərbaycan Ordusuna yeni raket və döyüş sursatları alınıb

"Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb".

YAZTV-nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında məlumat verib.

O bildirib ki, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub.