Monday, 03 Oktyabr 2022 06:42
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub

Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.

Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

MN: "Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur"

MN: "Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur"

Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

"Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilmiş və xüsusi üsulla endirilərək ələ keçirilib.

Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır", - məlumatda qeyd olunub.

Azərbaycan Ordusunun Laçında həlak olan əsgərlərinə şəhid statusu verilib

Azərbaycan Ordusunun Laçında həlak olan əsgərlərinə şəhid statusu verilib

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Samir Xudiyev və Tahir Əliyevə şəhid statusu verilib.

Bu barədə YAZTV Ağstafa və Sabunçu rayon icra hakimiyyətlərindən bildirilib.

Qeyd edilib ki, qanunvericiliyə əsasən, hər iki əsgərimiz şəhid statusu alıb.

Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Tahir Əliyev Ağstafa rayonunun Şəhidlər xiyabanında və Samir Xudiyev isə paytaxtın Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olmuş hərbçisinə şəhid statusu verilib

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olmuş hərbçisinə şəhid statusu verilib

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olmuş hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu verilib.

YAZTV-nin əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

DSX-nin hərbi qulluqçusu vəfat edib

DSX-nin hərbi qulluqçusu vəfat edib

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cabbarov Mirkamal Vüqar oğlu avqustun 17-də DSX-nin hərbi hospitalında müalicədə olarkən xəstəlikdən vəfat edib.

Bu barədə YAZTV-yə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir", - məlumatda qeyd edilib.

Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimləri davam edir

Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimləri davam edir

Türkiyə və Azərbaycan hərbçilərinin “Sualtı hücum” birgə hərbi təlimləri davam edir.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə bildirib.

Qeyd olunub ki, Türkiyə və Azərbaycanda keçirilən təlimlər çərçivəsində “Sualtı Hücum və axtarış-xilasetmə”, “Yaşayış sahələrində döyüş” və “İplə sürüşmə və Sahilə hücum” təlimləri keçirilib.

Azərbaycan Ordusunun hərbi qulluqçularının təminatına dair təkliflər hazırlanıb

Azərbaycan Ordusunun hərbi qulluqçularının təminatına dair təkliflər hazırlanıb

Azərbaycan Ordusunun hərbi qulluqçularının xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb.

YAZTV xəbər verir ki, bu barədə avqustun 29-da Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə keçirilən toplantıda qeyd olunub.

Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hazırlanan təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir.

Vurğulanıb ki, yeni təkliflərin əsas məqsədi şəxsi heyətin bütün növ təminatını daha da yaxşılaşdırmaqdır.

İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub

İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub.

İranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər avqustun 20-dək davam edəcək.

Azərbaycan Ordusunun mühəndis bölmələri məşğələlər keçirir

Azərbaycan Ordusunun mühəndis bölmələri məşğələlər keçirir

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə praktiki məşğələlər keçirilir.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Səhra şəraitində keçirilən məşğələlərdə hərbi qulluqçular müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib.

YAZTV icmalı təqdim edir:

https://www.youtube.com/watch?v=IxAua-O7vAs

DSX generalı: “Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur”

DSX generalı: “Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur”

“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir”.

YAZTV-nin xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək:

“Daha sonra isə bütün məsələlərdə olduğu kimi, bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

YAZTV xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib.

"Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.

Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.

Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq.

Vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.