Tuesday, 30 May 2023 01:20
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Qədim Ordubadın, qədim adəti. " Orucun 15-i"

Qədim Ordubadın, qədim adəti. " Orucun 15-i"

Azərbaycan qədim tarixi, gözəl və bir-birindən maraqlı adət-ənənələri ilə bütün dünya mədəniyyətləri arasında seçilir. Azərbaycanın bölgələrinin spesifik adətləri də vardır ki, bu adətlərdən biri də qədim və ecazkar tarixi, qonaqpərvərliyi, səmimi insanları, gözəl təbiəti ilə seçilən Ordubad rayonunun ən çox sevilən bayramlarından biri olan “Orucun 15-i” dir.

YAZTV xəbər verir ki, bu bayram Ordubad şəhərinin özündə və bəzi kəndlərində qeyd edilir. Razamazan ayının 14-cü günü uşaqlar əllərində torbalar, ev-ev gəzərək musiqili şeirlər deir, ev yiyəsini səsləyərək bayrampayı istəyir. Ev yiyəsi də əvvəlcədən alıb hazır saxladığı şirniyyatlardan gələn uşaqlara verir.

Bu şeirlər Ordubad şəhərində və kəndlərində nisbətən fərqli olsa da ümumi məna eyni olur. Məsələn bəzi kəndlərdə belədir:

Orucun 15-ində gəldik sizə,
Süfrənizin niyazını verin bizə,
Bağçazda bir gül olsun,
Açılsın sünbül olsun,
Oğlu-qızız var olsun,
Ya bir savab, ya bir cavab.

Və yaxud:

Orucun 15-dir,
Orucun 15-dir, gəldik sizə,
Orucun niyazını verin bizə.
Xanım, ayağa dursana,
Boşqabı doldursana.
Rəbbi gəlir, rübbü gəlir,
Boşqabı doldurub gəir.

Bu ev-ev gəzmələr günün səhər saatlarında başlayır. Bu saatlarda əsasən azyaşlı uşaqlar “Orucun 15-i” nə gedir, axşam olduqca artıq yeniyetmələr və gəncləri görürük yollarda. Bəzən musiqi sədaları altında rəqslər edilir, bəzən ev yiyəsi gələn qonaqları çay süfrəsinə dəvət edir.
Saat daha da irəlilədikcə artıq hamı evlərinə çəkilir, Ordubadın o əvəzolunmaz sükutu duyulur küçələrdə.
Bu bayramın tarixi uzun illərə dayanır. Konkret yazılı mənbələr olmasa da, müxtəlif fərziyyələrlə bu adətin tarixi izah edilir ki, ən çox qəbul edilən versiyalardan biri keçmiş dövrlərdə kasıb ailələrin oruc tutmaq üçün azuqələrinin azalması səbəbiylə onlar özləri utandıqları üçün uşaqlarını quru meyvələr, bəzi qidaları istəmək üçün nisbətən daha imkanlı insanların evlərinə göndərərdilər. Ordubad camaatının səxavətli və əliaçıq olmaları elə o vaxtdan görünürdü ki, onlar qapılarına gələn heç bir kəsi əliboş qaytarmırdılar. Zamanla bu adət ümumiləşir və bir bayram halı alır. Bu gün isə maddi vəziyyətindən asılı olmayaraq bütün ailələrin uşaqları evləri gəzir, gedilən hər bir ev isə gələnlərə bayrampayından verir.

Bütün Azərbaycan xalqı ilə neçə belə gözəl bayramları qarşılamaq ümidi ilə. Sağolun, salamat qalın.

Yeni Azərbaycan Televizyası 

Azərbaycanlı bəstəkar qazaxıstanlı musiqiçilərlə “Sarı gəlin”ni onlayn ifa edib

Azərbaycanlı bəstəkar qazaxıstanlı musiqiçilərlə “Sarı gəlin”ni onlayn ifa edib

Tanınmış azərbaycanlı gənc bəstəkar İlahə İsrafilova və Qazaxıstanın məşhur “NOMAD” instrumental musiqi qrupu bir araya gələrək “Sarı gəlin” mahnısını onlayn ifa ediblər.

YAZTV xəbər verir ki, birgə ifaçılıq Beynəlxalq Astana Universiteti və Qazaxıstanın #BİRGEMİZ xeyriyyə platformasının dəstəyi ilə #evdəqal kampaniyası çərçivəsində reallaşıb.

Qeyd edək ki, “NOMAD” qrupunun rəhbəri Oljas Kurmanbek Qazaxıstanın Xalq artistləri olan Kurmanbeklər ailəsinin nümayəndəsidir. (AZƏRTAC)

Azərbaycanın kino xadimləri Prezidentə təşəkkür etdilər

Azərbaycanın kino xadimləri Prezidentə təşəkkür etdilər

Xalq artisti, kinorejissor Vaqif Mustafayev və Əməkdar İncəsənət xadimi, kinoşünas, kinorejissor Ayaz Salayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

YazTV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Biz bütün dünyanı cənginə alan koronavirus adlı bəşəri bəlanın karantinindən mürəkkəb, birmənalı olmayan hisslərlə ayrılırıq. Bu hisslərin içərisində dünyasını dəyişənlərə görə kədər də var, xəstələrə qarşı şəfqət də. Amma bu hisslərin fövqündə dayanan bir işıqlı duyğu da var ki, o da Sizinlə bağlıdır.

Qeyd edək ki, karantinin ilk günlərində insanlarda bir vahimə, bir çaşqınlıq vardı. Amma Sizin dərhal və uzaqgörənliklə verdiyiniz qərarlar, atdığınız qətiyyətli addımlar insanları düşdükləri təşvişdən qurtardı, xalqı bu bəladan xilas edəcəyinizə əminlik yaratdı. Siz ilk gündən hamımızın yanında oldunuz, tükənməz enerjinizlə, xalqımıza böyük sevginizlə hər bir Azərbaycan vətəndaşına ata, oğul, qardaş oldunuz, Mehriban xanımla birlikdə xalqı ruhdan düşməyə qoymadınız. Biz hətta məcburiyyət qarşısında ayrı-ayrı məkanlara qapanmamıza baxmayaraq, Sizin sayənizdə özümüzü bir daha dərin köklərə malik ailə kimi hiss etdik.

Bu bəşəri bəla göstərdi ki, dünyanın taleyini həll edən dövlətlər bir virusun qarşısında necə acizdir. Hətta nüvə silahına malik ölkələrdə adi tibbi ləvazimatlar, maskalar tapılmadı. Azərbaycan dövləti isə bu ağır şəraitdə Sizin rəhbərliyinizlə özünü itirmədi. Siz əlinizdən gələni, mümkün olan və olmayan hər şeyi etdiniz. Ölkəmiz həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində digər inkişaf etmiş ölkələrlə müqayisədə daha az itki verib.

Bəzi ölkələri ucsuz-bucaqsız əraziləri, minlərlə kilometr məsafələri qət etməyə qadir silahları, yüz illərə yetəcək qədər təbii sərvətləri dünyada söz sahibi edib. Amma pandemiya ətrafında baş verənlər sübut etdi ki, əslində dövlətin başlıca sərvəti və gücü nə nefti, nə silahı, nə də ucsuz-bucaqsız ərazisidir, əsl güc onun müdrik və möhtəşəm lideridir. Xalqımızın bu baxımdan bəxti gətirib. Ümummilli liderimiz Heydər Əliyev xalqı uçurumdan çıxardı, müstəqil dövlət qurdu, Siz isə dövlətimizi yüksəltdiniz, müstəqilliyin qürurunu yaşatdınız, indi isə bəşəri bəladan xilas etdiniz. Biz Sizin adi günlərdə də yüksək quruculuq fəaliyyətinizi görmüşük, indiki kritik günlərdə isə qətiyyətli, düşünülmüş addımlarınıza şahidik. Sizin sayənizdə ən çətin günümüzdə də bütün ölkələrə nümunə olduq.

Biz kino adamlarıyıq, baş verənləri istər-istəməz öz peşəkar prizmamızdan görürük. Dünya kinosunun şah əsərlərində sınaqlardan sonra həyat eşqi, ümid işığı yaranır. Biz bu ümid işığını indi həyatımızda görürük. Sizin ölkəmizin rifahı yolunda həyata keçirdiyiniz gözəl əməllərdən ruhlanır, Sizinlə fəxr edirik, cənab Prezident!

Sizi dəstəkləyir və hər zaman yanınızda olduğumuzu bildiririk. Sizə möhkəm cansağlığı arzulayırıq".

Kitabxanalar “Ulu Öndər xatirələrdə” adlı videoçarx hazırlayıb

Kitabxanalar “Ulu Öndər xatirələrdə” adlı videoçarx hazırlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Ucar rayon Mərkəzi Kitabxanası ilə birgə layihə əsasında Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ulu Öndər xatirələrdə” adlı videoçarx hazırlayıb.

İdarədən YAZTV-ə bildirilib ki, “Heydər Əliyev – milli sərvətimizdir” sözləri videoçarxın şüarıdır.

Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Videoçarxda qeyd olunur ki, ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Burada Ümummilli Liderin keçdiyi həyat yolu qısa şəkildə işıqlandırılır.

Daha sonra vurğulanır ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan edib. Həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Ulu öndərin bizə qoyduğu bu irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülüb, nailiyyətlər əldə edilib. Ölməz öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə də ölkəmizin inkişafı üçün başlıca mənbə rolunu oynayacaq.

Videoçarxda Ulu Öndərin məşhur sözləri, nitqlərindən fraqmentlər, maraqlı və tarixi fotoşəkillər, onun haqqında yazılan bir neçə kitabın fotoşəkilləri də əks olunub. (AZRTAC)

Videoçarxı “YouTube” səhifəsindən izləmək olar.

“Biz varıq və biz birlikdəyik” layihəsi uğurla davam etdirilir

“Biz varıq və biz birlikdəyik” layihəsi uğurla davam etdirilir

Bakı Xoreoqrafiya Akademiyası akademiyanın professor-müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan "Biz varıq və biz birlikdəyik” layihəsi uğurla davam etdirilir. Aprelin 15-dən start verilən layihə çərçivəsində təqdim olunan mühazirə, ustad dərsləri və təqdimatlar incəsənətin və sənətşünaslıq elminin müxtəlif sahələrini özündə ehtiva edir.

BXA-dan YAZTV-ə bildirilib ki, akademiyanın klassik rəqs kafedrasının müdiri, baş müəllim, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə və baletmeyster sənəti kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, professor Lyudmila Həsənovanın ayrı-ayrılıqda təqdim etdikləri ustad dərs və mühazirə klassik rəqsin bir çox incə məqamlarının əyani şəkildə nümayişinə şərait yaradıb.

Baş müəllim M.Almaszadənin ustad dərsi “Klassik rəqsdə 6 növ Port de Bras” mövzusu ətrafında qurulub. Nəzəri biliklərlə yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının musiqi fənləri kafedrasının baş müəllimi, konsertmeyster Lalə Hüseynlinin müşayiəti ilə illüstrasiyalar verən M.Almaszadə, gənc müəllim və tələbələrin rastlaşdığı mürəkkəb hərəkət və pozisiyaları nümayiş etdirib.

Professor L.Həsənovanın mühazirəsində isə balet və klassik rəqsin nəzəri və təcrübi bilik və vərdişlərin təkmilləşdirilməsi, eləcə də xüsusi karantin dövründə ev şəraitində klassik rəqslə düzgün məşğul olmaq və əməli nəticələr əldə etmək üçün müxtəlif fəndlərdən istifadə edilməsi qaydaları açıqlanıb.

Qeyd edək ki, layihə çərçivəsində hər iş günü ərzində bir pedaqoq və ya doktorantın elmi-yaradıcılıq işi Bakı Xoreoqrafiya Akademiyasının rəsmi “Facebook səhifəsinin" “Biz varıq və biz birlikdəyik” bölməsində təqdim olunur.

İstirahət günləri akademiyanın həyata keçirdiyi yaradıcılıq layihələrindən parçalar virtual efirə verilir.

Xalq artisti Həsənağa Turabovun doğum günüdür

Xalq artisti Həsənağa Turabovun doğum günüdür

 

Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Bu sırada XX əsrin səhnə salnaməmizin nadir simalardan biri - Xalq artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovun öz yeri var.

YazTV xəbər verir ki, bu gün Xalq artisti Həsənağa Turabovun anadan olmasının 82-ci ildönümü tamam olur.

Bakıda dünyaya göz açmış Həsənağa Turabov 31 nömrəli orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda aktyor, 1987-2001-ci illərdə isə teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.

Görkəmli aktyor səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Aktyorun yaratdığı obrazlar arasında Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”), Xəyyam (“Xəyyam”) xüsusilə seçilir.

Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş etdirib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.

Kinoda da özgə bir aləm yaratmışdı. Gəray bəyin ("Yeddi oğul istərəm") misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. Həsən müəllim bu rolundan söz düşəndə həmişə təvazökarcasına "bu rejissorun seçimidir" deyərdi, "mən yalnız onun dediklərini etmişəm". Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi.

"Yeddi oğul istərəm" filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa və sevməyə başlayır. Həsənağa Turabovun qızı Sevinc Turabova deyir ki, atası Gəray bəy obrazı ilə həyatını yaşayıb: "Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyni idi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: "Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı". Bu, məni o qədər qəzəbləndirdi..."

Həsənağa Turabov kinonu da teatr qədər sevib. Hətta, mənfi rolları da ustalıqla oynayıb. Afşin ("Babək"), Gəray bəy ("Yeddi oğul istərəm") rolları təzadlı tiplər olsa da, sənətkarlıq baxımından yaddaqalan idi. O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.

Həsənağa Turabovun "Axırıncı aşırım", "Ürək... Ürək...", "Sevinc buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. Amma Kəbirlinskini ("Dantenin yubileyi") özgə bir gözəlliklə yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. "Bəyin oğurlanması"nda rejissor rolunda çəkilmişdi. "Qaçaq Nəbi"ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsənağa Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə "Ailə" və "Nə gözəldir bu dünya..." filmləri olmuşdu.

Azərbaycan radiosunda səsləndirdiyi “Lirika dəftərindən” adlı ədəbi-bədii veriliş Həsənağa Turabovun ecazkar səsinin, ifa tərzinin sehrini, cazibəsini bu gün də yaddaşlarda qoruyub saxlayır.

Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. Gənclərin aktyorluq sənətinin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

Xalq artıstı Həsənağa Turabov 2003-cü ilin fevralın 23-də 64 yaşında vəfat edib.

Mədəniyyət işçilərinin peşə bilikləri müzakirə edildi

Mədəniyyət işçilərinin peşə bilikləri müzakirə edildi

Ölkəmizdə yaranmış mövcud vəziyyət, habelə sosial izolyasiya və karantin şərtlərinə riayət olunması səbəbindən müəssisələrin fəaliyyətində rəqəmsal texnologiyaların aktuallaşmasını nəzərə alaraq, mədəniyyət işçilərində yeni peşə səriştələrinin formalaşması məsələləri müzakirə edilib. Mayın 6-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan növbəti təlim də məhz ixtisasartırma kursların gələcək formatına həsr olunub.

Mərkəzdən YAZTV-ə bildirilib ki, vebinarda qurumun əməkdaşları ilə yanaşı, vebinarda müxtəlif regionlarda çalışan mədəniyyət işçiləri də iştirak ediblər. Vebinarda Ağcabədi Regional Mədəniyyət İdarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Şəki Mədəniyyət İdarəsi, habelə Şəmkir Mədəniyyət idarələrinin nümayəndələri fərqli məruzələr ilə çıxış ediblər.

İştirakçılar elektron formada ixtisasartırma təlimlərinin gələcək perspektivləri, hansı formatda davam etdirilməsi, onlayn dərslərin keçirilməsi haqqında fikir mübadiləsi də aparıblar. Əməkdaşlarda yeni peşə keyfiyyətlərinin formalaşması, xüsusilə də mədəniyyət müəssisələrinin sosial aktuallığının qorunması məqsədilə gələcəkdə informasiya texnologiyaları, PR, kreativ səriştələr, onlayn tədbirlərin xüsusiyyətləri, müasir mədəniyyət siyasətinin prioritetləri və s. bu kimi mövzulara həsr olunmuş mühazirələrə böyük tələbat olduğu iştirakçılar tərəfindən bildirilib.

Tədbirin sonunda Mərkəzin direktoru Asif Usubəliyev nazirlik tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verərək mövcud vəziyyətdə regionlarda çalışan əməkdaşların şəxsi təşəbbüslərinin əhəmiyyətini bildirib. Daha sonra mərkəz tərəfindən gələcəkdə reallaşması nəzərdə tutulan ixtisasartırma kursları haqqında müzakirələr aparılıb.

Kukla Teatrı bu ay üçün nəzərdə tutulan onlayn repertuarını açıqlayıb

Kukla Teatrı bu ay üçün nəzərdə tutulan onlayn repertuarını açıqlayıb

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı may ayı üçün nəzərdə tutulan onlayn repertuarını açıqlayıb.

YAZTV repertuarı təqdim edir:

2 may – “Cırtdan”

3 may- “Karlson” (rus dilində)

9 may- “Tıq-tıq və taq-taq”ın nağılı

10 may – “Durna balığı” (rus dilində)

16 may- “Sehrbaz qadın”

17 may – “Göy saqqal” (rus dilində)

23 may – “Cık-cık xanım”

24 may – “Qırmızı papaq”

30 may – “Çəkməli pişik”

31 m ay – “Ələddin”

Səhnə əsərləri bir qayda olaraq saat 12:00-da nümayiş ediləcək.

BMT və İCESKO Prezident İlham Əliyevə təşəkkür edib

BMT və İCESKO Prezident İlham Əliyevə təşəkkür edib

Aprelin 23-də beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri və tanınmış ekspertlərin iştirakı ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun virtual görüşü keçirilib.

Mədəniyyət Nazirliyindən YazTV-ə verilən məlumata görə, virtual görüş Azərbaycanın Mədəniyyət naziri, BMT baş katibinin ali nümayəndəsi, İCESKO-nun baş direktoru, UNESKO və digər qurumların nümayəndələrinin iştirakı nazirliyin “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.

Virtual görüş COVİD-19 pandemiyası ilə əlaqədar hazırkı böhranın insanlar və mədəniyyətlər arasındakı münasibətlərə təsirlərini müzakirə etmək, bu şəraitdə effektiv dövlətlərarası və mədəniyyətlərarası əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilib.

Görüşü açan Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü ötən müddətdə qlobal mahiyyət qazanıb. 2011-ci ildən etibarən (iki ildə bir olmaqla) “Bakı Prosesi” çərçivəsində beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Azərbaycan paytaxtı 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib.

Nazir bildirib ki, BMT tərəfindən “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əsas qlobal platforma elan edilib.

Ə.Qarayev çıxışında həmçinin Azərbaycanda COVİD-19 virusu ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, mədəniyyət və yaradıcılığın dəstəklənməsi üçün də 20-dən çox layihənin həyata keçirildiyini diqqətə çatdırıb.

Görüşdə BMT baş katibinin ali nümayəndəsi Migel Moratinos Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə belə bir qlobal təşəbbüsə görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, pandemiyanın yaratdığı vəziyyətə görə bütün əvvəlki planları həyata keçirmək mümkün olmasa da, bu humanitar böhranın qarşısını almaq üçün həmrəylik nümayiş etdirməliyik.

İCESKO-nun baş direktoru Salim Al Malik İCESKO-Azərbaycan əlaqələrinin inkişafına göstərilən dəstəyə görə ölkəmizin rəhbərliyinə təşəkkürünü ifa edib. Qurumun rəhbəri İCESKO tərəfindən COVİD-19 virusu ilə mübarizə üçün bir sıra layihə və müsabiqələrin elan edildiyini, xüsusilə rəqəmsal inkişafla bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb.

UNESKO-nun nümayəndəsi Ann Belinda Preis təşkilatın “Bakı Prosesi”nə sadiqliyini ifadə edərək qurum tərəfindən “ResiliArt” (dözümlü incəsənət) beynəlxalq çağırışının elan edildiyini, UNESKO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin onlayn görüşünün keçirildiyini vurğulayıb.

Panelin digər iştirakçıları tərəfindən mövcud vəziyyətlə əlaqədar maraqlı təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılıb. Çıxışlarda ölkələr arasında keçmişdə qurulmuş mədəni əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Sonda virtual görüşün müzakirəsinin xüsusi hesabatının hazırlanması və gələcək əməkdaşlıqla bağlı yeni yol xəritəsinin təqdim edilməsi qərara alınıb.

Görüşün nəticələri barədə ətraflı hesabat yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Bu gün kinomuzun Cahandar ağasının doğum günüdür

Bu gün kinomuzun Cahandar ağasının doğum günüdür

Bu gün görkəmli teatr və kino akyoru,Xalq artisti, Gəncə Dövlət Dram Teatrının əvəzolunmaz aktyoru kino və teatr sahəsində əvəzsiz xidmətləri olan Kinomuzun Cahandar ağası Ələddin Abbasovun doğum günüdür.

YAZTV xatırladır ki, Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub.

On beş yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki illik təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb.

1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcılığı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə calışıb.

Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Ələddin Abbasovun aktyorluq təhsili olmasa da xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmə malik olub. Yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.

Ələddin Abbasovun canlandırdığı rollar faciə, komediya və dram janrlarında olub. O, sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub.

Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və s. bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.

Ələddin Abbasov 13 iyul 2014-cü il tarixində, Gəncə şəhərində 92 yaşında vəfat edib. Gəncə şəhər Fəxri Xiyabanında dəfn edilib.

Sənubər Qocayeva