Tuesday, 28 İyun 2022 06:25
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
“Ər və arvad” tamaşası nümayiş edilib

“Ər və arvad” tamaşası nümayiş edilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Ər və arvad” tamaşasını növbəti dəfə “facebook” hesabı vasitəsilə onlayn təqdim edib.

Teatrın mətbuat xidmətindən YAZTV-ə bildirilib ki, tamaşanın rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Ağaxan Şərifov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa ediblər.

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü ilə bağlı təqdimatlar keçirəcək

Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü ilə bağlı təqdimatlar keçirəcək

18 may dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.

YAZTV xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyi koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlarla qeyd edəcək. Belə ki, Azərbaycan Milli Xalça Muzeyinin “Muzeydə virtual tur” layihəsi çərçivəsində tanınmış ictimai simalar muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış edəcəklər. Qeyd edək ki, virtual tur rus və ingilis dillərində də təqdim olunacaq. Həmçinin ekskursiya muzeydə ilk dəfə “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” devizinə uyğun olaraq surdo-tərcümə ilə müşayiət ediləcək.

Bununla yanaşı, Beynəlxalq Muzeylər Günü Rusiya Etnoqrafiya Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi onlayn bağlantı yaradacaq. Onlayn bağlantı zamanı “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında Azərbaycan inciləri” adlı birgə layihə, muzeylərin virtual fəaliyyəti, bu sahədə qazanılan təcrübə və gələcək planlar müzakirə olunacaq.

Qədim Ordubadın, qədim adəti. " Orucun 15-i"

Qədim Ordubadın, qədim adəti. " Orucun 15-i"

Azərbaycan qədim tarixi, gözəl və bir-birindən maraqlı adət-ənənələri ilə bütün dünya mədəniyyətləri arasında seçilir. Azərbaycanın bölgələrinin spesifik adətləri də vardır ki, bu adətlərdən biri də qədim və ecazkar tarixi, qonaqpərvərliyi, səmimi insanları, gözəl təbiəti ilə seçilən Ordubad rayonunun ən çox sevilən bayramlarından biri olan “Orucun 15-i” dir.

YAZTV xəbər verir ki, bu bayram Ordubad şəhərinin özündə və bəzi kəndlərində qeyd edilir. Razamazan ayının 14-cü günü uşaqlar əllərində torbalar, ev-ev gəzərək musiqili şeirlər deir, ev yiyəsini səsləyərək bayrampayı istəyir. Ev yiyəsi də əvvəlcədən alıb hazır saxladığı şirniyyatlardan gələn uşaqlara verir.

Bu şeirlər Ordubad şəhərində və kəndlərində nisbətən fərqli olsa da ümumi məna eyni olur. Məsələn bəzi kəndlərdə belədir:

Orucun 15-ində gəldik sizə,
Süfrənizin niyazını verin bizə,
Bağçazda bir gül olsun,
Açılsın sünbül olsun,
Oğlu-qızız var olsun,
Ya bir savab, ya bir cavab.

Və yaxud:

Orucun 15-dir,
Orucun 15-dir, gəldik sizə,
Orucun niyazını verin bizə.
Xanım, ayağa dursana,
Boşqabı doldursana.
Rəbbi gəlir, rübbü gəlir,
Boşqabı doldurub gəir.

Bu ev-ev gəzmələr günün səhər saatlarında başlayır. Bu saatlarda əsasən azyaşlı uşaqlar “Orucun 15-i” nə gedir, axşam olduqca artıq yeniyetmələr və gəncləri görürük yollarda. Bəzən musiqi sədaları altında rəqslər edilir, bəzən ev yiyəsi gələn qonaqları çay süfrəsinə dəvət edir.
Saat daha da irəlilədikcə artıq hamı evlərinə çəkilir, Ordubadın o əvəzolunmaz sükutu duyulur küçələrdə.
Bu bayramın tarixi uzun illərə dayanır. Konkret yazılı mənbələr olmasa da, müxtəlif fərziyyələrlə bu adətin tarixi izah edilir ki, ən çox qəbul edilən versiyalardan biri keçmiş dövrlərdə kasıb ailələrin oruc tutmaq üçün azuqələrinin azalması səbəbiylə onlar özləri utandıqları üçün uşaqlarını quru meyvələr, bəzi qidaları istəmək üçün nisbətən daha imkanlı insanların evlərinə göndərərdilər. Ordubad camaatının səxavətli və əliaçıq olmaları elə o vaxtdan görünürdü ki, onlar qapılarına gələn heç bir kəsi əliboş qaytarmırdılar. Zamanla bu adət ümumiləşir və bir bayram halı alır. Bu gün isə maddi vəziyyətindən asılı olmayaraq bütün ailələrin uşaqları evləri gəzir, gedilən hər bir ev isə gələnlərə bayrampayından verir.

Bütün Azərbaycan xalqı ilə neçə belə gözəl bayramları qarşılamaq ümidi ilə. Sağolun, salamat qalın.

Yeni Azərbaycan Televizyası 

Rövşən Abdullaoğlunun daha bir kitabı nəşr edildi

Rövşən Abdullaoğlunun daha bir kitabı nəşr edildi

Koronavirus pandemiyası dövründə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı digər sahələrdə olduğu kimi, kitab sektorunda da yaranmış durğunluğa baxmayaraq, tanınmış yazıçı-psixoloq Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" romanı Türkiyədə nəşr olunub.

Bu, yazarın Türkiyədə çap olunan sayca 3-cü kitabıdır. Onlardan ikisi Türkiyənin böyük nəşriyyatlarından olan “Destek yayınları”nın təşəbbüsü ilə nəşr olunub. 2019-cu ildə motivasiya psixologiyası janrında yazılmış "Çətin olsa da, həyat davam edir" ("Zor olsa da hayat devam ediyor") kitabı Türkiyədə çap olunmuş və qısa zamanda təkrar nəşr edilmişdi. “Destek yayınları”nın budəfəki seçimi "Bu şəhərdə kimsə yoxdur" ("Bu şehirde kimse yokmu?") psixoloji romanı olub.

Qeyd edək ki, müxtəlif janrlarda 26 kitab müəllifi olan Rövşən Abdullaoğlunun 2015-cı ildə işıq üzü görmüş “Bu şəhərdə kimsə yoxdur” romanı Azərbaycanda yerli və xarici ədəbiyyat arasında bestseller olub və 17 dəfə təkrar nəşr edilib. Müəllifin sayca 20-ci kitabı olan bu roman bədii janrda yazdığı ilk əsərdir. Roman gerçək hadisələr əsasında qələmə alınıb.

Yeni beynəlxalq onlayn müsabiqəyə start verildi

Yeni beynəlxalq onlayn müsabiqəyə start verildi

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən cari ilin 15 may-5 iyun tarixlərini əhatə edən “Pəncərəmdən açılan mənzərə” adlı beynəlxalq uşaq fotomüsabiqəsinə start verilir.

YAZTV Təhsil Nazirliyinə istinadən xəbər verir ki, fotomüsabiqənin keçirilməsində əsas məqsəd dünya uşaqları arasında dostluq münasibətini möhkəmləndirmək, onlarda foto sənətinə maraq oyatmaq, mövzu ilə bağlı maraqlı fikir və düşüncələrini müəyyən etmək, istedadlı uşaqları üzə çıxarmaqdan ibarətdir.

3 nominasiya (“Pəncərəmdən açılan mənzərə”, “Adidə qeyri-adilik”, “Sevdiklərim”) üzrə keçirilən fotomüsabiqədə 3 yaş qrupundan (7-9, 10-13, 14-17) olan məktəblilərin iştirakı nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər fotoşəkilləri iyunun 5-dək 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron poçt ünvanına (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) göndərməlidir. Müsabiqəyə qatılan iştirakçı hər nominasiya üzrə 1 fotoşəkil təqdim etməklə bütün nominasiyalarda iştirak edə bilər.

Bütün nominasiyalarda hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək 5 iyun tarixində elan ediləcək və Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Həmçinin qalib fotolar sosial şəbəkələrdə və digər media qurumlarında geniş işıqlandırılacaq.

Qeyd edək ki, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən beynəlxalq fotomüsabiqədə ölkəmizdən paytaxt məktəbliləri ilə yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, İtaliya, Niderland, Almaniya və digər xarici ölkələrin məktəbliləri də iştirak edəcək.

Kitabxanalar “Ulu Öndər xatirələrdə” adlı videoçarx hazırlayıb

Kitabxanalar “Ulu Öndər xatirələrdə” adlı videoçarx hazırlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Ucar rayon Mərkəzi Kitabxanası ilə birgə layihə əsasında Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ulu Öndər xatirələrdə” adlı videoçarx hazırlayıb.

İdarədən YAZTV-ə bildirilib ki, “Heydər Əliyev – milli sərvətimizdir” sözləri videoçarxın şüarıdır.

Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Videoçarxda qeyd olunur ki, ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Burada Ümummilli Liderin keçdiyi həyat yolu qısa şəkildə işıqlandırılır.

Daha sonra vurğulanır ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan edib. Həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Ulu öndərin bizə qoyduğu bu irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülüb, nailiyyətlər əldə edilib. Ölməz öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə də ölkəmizin inkişafı üçün başlıca mənbə rolunu oynayacaq.

Videoçarxda Ulu Öndərin məşhur sözləri, nitqlərindən fraqmentlər, maraqlı və tarixi fotoşəkillər, onun haqqında yazılan bir neçə kitabın fotoşəkilləri də əks olunub. (AZRTAC)

Videoçarxı “YouTube” səhifəsindən izləmək olar.

Beynəlxalq Muzeylər Günü ölkəmizdə onlayn formatda silsilə təqdimatlar keçiriləcək

Beynəlxalq Muzeylər Günü ölkəmizdə onlayn formatda silsilə təqdimatlar keçiriləcək

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.

YAZTV xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən muzeylər koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlar və tədbirlərlə qeyd edəcək.

Belə ki, Azərbaycan Milli Xalça Muzeyinin “Muzeydə virtual tur” layihəsi çərçivəsində tanınmış ictimai simalar muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış edəcəklər. Qeyd edək ki, virtual tur rus və ingilis dillərində də təqdim olunacaq. Həmçinin ekskursiya muzeydə ilk dəfə “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” devizinə uyğun olaraq surdo-tərcümə ilə müşayiət ediləcək. Bununla yanaşı, Beynəlxalq Muzeylər Günü Rusiya Etnoqrafiya Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi onlayn bağlantı yaradacaq. Onlayn bağlantı zamanı “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında Azərbaycan inciləri” adlı birgə layihə, muzeylərin virtual fəaliyyəti, bu sahədə qazanılan təcrübə və gələcək planlar müzakirə olunacaq.

Azərbaycan Milli İncəsənət Muzeyi isə 18 may saat 12:00-da ilk dəfə olaraq görmə qabiliyyətini tamamilə və ya qismən itirmiş uşaqların rəsmlərindən ibarət sərgi təqdim edəcək. Bu rəsmlər muzeydə “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərçivəsində Tbilisi Rəssamlıq Akademiyasının professoru Georgiy Quramoviç Quraspaşvillinin xüsusi metodikası ilə keçirilmiş ustad dərsləri zamanı 5 nömrəli Respublika xüsusi internat məktəbinin və Reabilitasiya Mərkəzinin şagirdləri tərəfindən yaradılıb. Virtual sərgini muzeyin “facebook”, “instagram” və “twitter” səhifələrindən izləmək mümkün olacaq.

Bayram günü Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz kolleksiyalarını üç dildə “Dinləyin bizdə nələr vardır”, “Təsviri sənət əsərləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” kimi müxtəlif rubrikalar altında geniş auditoriyaya təqdim edəcək.

Təqdimatda sağlamlıq imkanları məhdud insanlar da nəzərə alınacaq. Muzeyin hazırladığı audio-video almanaxda milli və dünya ölkələrinin musiqi alətləri haqqında musiqi müşayiəti ilə səslənən postlarla yanaşı, muzeyin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının dünyadakı muzey işçilərini təbrik etmək üçün hazırladıqları onlayn bayram konserti də yer alacaq.

Beynəlxalq Muzeylər günündə “YARAT” Müasir İncəsənət Məkanı şəhər multimedia layihəsini həyata keçirməyi planlaşdırır. Tədbir zamanı ictimaiyyətə eksklüziv sənət əsərləri təqdim ediləcək. Tamaşaçılar müxtəlif tarixi dövrlərə və mövzulara həsr olunmuş muzey kolleksiyaları, sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə edə biləcəklər. Nümayiş olunacaq sənət əsərləri Azərbaycan Milli Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi, Latviya Milli Muzeyi və “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təqdim olunacaqdır. Beləliklə də, tamaşaçılar evlərini tərk etmədən mənzillərinin pəncərələrindən və eyvanlarından şounu seyr edərkən muzey eksponatları ilə tanış olacaqlar.

Beynəlxalq Muzeylər Günü Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən də qeyd olunacaq. Muzey bu münasibətlə “Bir toxunuş, min dəyər" onlayn muzey tanıtım layihəsi hazırlayıb. Layihə çərçivəsində mayın 18-i saat 10:20-də muzeyin Etnoqrafiya elmi fondunun müdiri tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova İctimai TV-nin “Dikdaban” verilişində mədəni irsin qorunması və muzeylərin gələcək birgə fəaliyyəti barədə ictimaiyyətə məlumat verəcək.

Beynəlxalq Muzeylər Günü münasibətilə Qobustan Milli Tarixi-Bədii Qoruğu sosial media vasitəsilə “Qobustanın qayasında təsvir ol!” kampaniyası elan edib. Bu kampaniyaya qoşulmaq istəyənlər Qobustanda çəkilmiş fotolarını qoruğun “facebook” və “instagram” hesablarında paylaşmalıdırlar. Həmin fotolar Qobustanın ICOM posterinin dizaynında istifadə ediləcək. Həmçinin 18 may saat 15:00-da yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərindən istifadə edən rəssam-keramist Mir Teymur Məmmədovla qoruğun “facebook” səhifəsində canlı görüş olacaq.

18 may tarixində “İçərişəhər” Muzey Mərkəzi İDTMQİ-si ilə Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən İçərişəhərdə həyata keçirilən incəsənət və yaradıcı mədəni özünüifadə üzrə ilk inklüziv peşə təhsili proqramı haqqında “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” adlı videoçarxı təqdim edəcək.

Azərbaycan İstiqlal Muzeyi 18 may saat 12:00-da “Zoom” tətbiqi proqramı ilə cəmiyyətin həssas qrup vətəndaşları üçün “Bərabərlik” adlı onlayn ekskursiya keçirəcək.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi builki peşə gününə “Dünya bizim hamımızın” başlığı altında hazırladığı proqramla qatılacaq. Bura “Birgə və Sağlam İctimai Birlik” ətrafında toplaşan spektr pozuntular qrupundan olan uşaqların rəsmlərindən ibarət virtual sərgi və “Əsa” İnklüziv Teatrının “Göy quş” tamaşasının sosial şəbəkədən canlı yayımı daxildir. Virtual sərgi muzeyin “facebook” səhifəsindən saat 12:00-da, tamaşa isə 17:00-da yayımlanacaq.

Beynəlxalq Muzeylər Günündə Cəfər Cabbarlı ev-muzeyi tamaşaçılara “Dan ulduzu” adlı fotosərgini təqdim edəcək. Sərgidə izləyicilər muzeydə qorunan nadir tarixi eksponatlarla, eləcə də muzeyin müxtəlif illərdə həyata keçirdiyi uğurlu layihələri və maraqlı tədbirləri əks etdirən fotolarla tanış olacaqlar.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi isə məktəblilər arasında “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” və “Mənim eksponatım” devizi ilə “Sirli-sehrli aləm” adlı onlayn rəsm müsabiqəsi keçirir. Gözəl rəsm çəkə bilən məktəblilər bu müddət ərzində sevdikləri hər hansı muzeylə və ya eksponatla bağlı rəsm əsərlərini öz şəkilləri ilə birgə muzeyin “facebook” və ya “ınstagram” səhifəsinin mesaj bölməsinə göndərməklə müsabiqəyə qatıla bilərlər. Qaliblər muzeyin fəxri diplomu və hədiyyələrlə mükafatlandırılacaqlar.

18 may saat 11:00-da Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi rəsmi “facebook” səhifəsi ilə “Halay” folklor musiqi və rəqs ansamblının ifasında “Folklorumuzun keçmişi və bu günü” mövzusunda virtual təqdimat keçirəcək.

"Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq"

"Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq"

"Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı işlər davam etdirilir".

YAZTV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.

"Hazırda heykəlin hazırlanması işləri görülür. Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq", - deyə BŞİH başçısı bildirib.

Qeyd edək ki, Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb.

Mədəniyyət işçilərinin peşə bilikləri müzakirə edildi

Mədəniyyət işçilərinin peşə bilikləri müzakirə edildi

Ölkəmizdə yaranmış mövcud vəziyyət, habelə sosial izolyasiya və karantin şərtlərinə riayət olunması səbəbindən müəssisələrin fəaliyyətində rəqəmsal texnologiyaların aktuallaşmasını nəzərə alaraq, mədəniyyət işçilərində yeni peşə səriştələrinin formalaşması məsələləri müzakirə edilib. Mayın 6-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan növbəti təlim də məhz ixtisasartırma kursların gələcək formatına həsr olunub.

Mərkəzdən YAZTV-ə bildirilib ki, vebinarda qurumun əməkdaşları ilə yanaşı, vebinarda müxtəlif regionlarda çalışan mədəniyyət işçiləri də iştirak ediblər. Vebinarda Ağcabədi Regional Mədəniyyət İdarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Şəki Mədəniyyət İdarəsi, habelə Şəmkir Mədəniyyət idarələrinin nümayəndələri fərqli məruzələr ilə çıxış ediblər.

İştirakçılar elektron formada ixtisasartırma təlimlərinin gələcək perspektivləri, hansı formatda davam etdirilməsi, onlayn dərslərin keçirilməsi haqqında fikir mübadiləsi də aparıblar. Əməkdaşlarda yeni peşə keyfiyyətlərinin formalaşması, xüsusilə də mədəniyyət müəssisələrinin sosial aktuallığının qorunması məqsədilə gələcəkdə informasiya texnologiyaları, PR, kreativ səriştələr, onlayn tədbirlərin xüsusiyyətləri, müasir mədəniyyət siyasətinin prioritetləri və s. bu kimi mövzulara həsr olunmuş mühazirələrə böyük tələbat olduğu iştirakçılar tərəfindən bildirilib.

Tədbirin sonunda Mərkəzin direktoru Asif Usubəliyev nazirlik tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verərək mövcud vəziyyətdə regionlarda çalışan əməkdaşların şəxsi təşəbbüslərinin əhəmiyyətini bildirib. Daha sonra mərkəz tərəfindən gələcəkdə reallaşması nəzərdə tutulan ixtisasartırma kursları haqqında müzakirələr aparılıb.

Beynəlxalq konfrans keçiriləcək

Beynəlxalq konfrans keçiriləcək

Mayın 18-də Mədəniyyət Nazirliyi və ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans keçiriləcək.

YAZTV xəbər verir ki, iki hissədən ibarət konfransın birinci hissəsi saat 14:00-da başlayacaq. Bu hissədə konfransın fəxri qonaqları qismində beynəlxalq ekspertlər: “Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) sədri David Vuillaume, “The Entertrainers Limited” şirkətinin direktoru, təlim provayderi, müxtəliflik və inklüzivlik üzrə təcrübə məsləhətçisi Barbara Lisicki, Beynəlxalq Mədəni İnklüziv Liderlik Mərkəzinin direktoru, Anant Milli Universitetinin professoru, ICOM-un keçmiş vitse-prezidenti Amareswar Galla çıxış edəcəklər.
Konfransın moderatoru ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova olacaq.

Konfransın ikinci hissəsi saat 15:00-da başlayacaq. Bu hissədə isə Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Muzey Mərkəzi, “YARAT” Müasir İncəsənət Məkanı, “İçərişəhər” Muzey Mərkəzi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Səttar Bəhlulzadənin Ev-Muzeyi, Tahir Salahovun Ev-Muzeyi, Cəfər Cabbarlının Ev-Muzeyi, Niyazinin Mənzil-Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyi, Qara Qarayevin Ev-Muzeyi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Məmməd Səid Ordubadinin Xatirə Muzeyi, Cəlil Məmmədquluzadənin Ev-Muzeyi, Əzim Əzimzadənin Mənzil-Muzeyi, Nəriman Nərimanovun Xatirə Muzeyi, Abdulla Şaiqin Mənzil-Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin direktorları mövzu ilə bağlı müzakirələr aparacaqlar.

Müslüm Maqomayevin abidəsinin yeri ilə bağlı versiya açıqlandı

Müslüm Maqomayevin abidəsinin yeri ilə bağlı versiya açıqlandı

"Müslim Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin sərəncamı var, bu sahədə işlər davam etdirilir".

YAZTV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib:

"Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bir sıra nailiyyətlər əldə edib. Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər aparılır".

BŞİH başçısı Müslim Maqomayevin heykəlinin ucaldılacağı yerlə bağlı məsələyə də münasibət bildirib: "Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalılar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin martın 12-də "Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında" sərəncam imzalayıb.

Bu gün kinomuzun Cahandar ağasının doğum günüdür

Bu gün kinomuzun Cahandar ağasının doğum günüdür

Bu gün görkəmli teatr və kino akyoru,Xalq artisti, Gəncə Dövlət Dram Teatrının əvəzolunmaz aktyoru kino və teatr sahəsində əvəzsiz xidmətləri olan Kinomuzun Cahandar ağası Ələddin Abbasovun doğum günüdür.

YAZTV xatırladır ki, Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub.

On beş yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki illik təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb.

1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcılığı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə calışıb.

Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Ələddin Abbasovun aktyorluq təhsili olmasa da xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmə malik olub. Yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.

Ələddin Abbasovun canlandırdığı rollar faciə, komediya və dram janrlarında olub. O, sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub.

Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və s. bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.

Ələddin Abbasov 13 iyul 2014-cü il tarixində, Gəncə şəhərində 92 yaşında vəfat edib. Gəncə şəhər Fəxri Xiyabanında dəfn edilib.

Sənubər Qocayeva