Tuesday, 05 İyul 2022 11:32
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Kiyevdə keçirilən etnomədəni festivalda ölkəmiz uğurla təmsil olunub

Kiyevdə keçirilən etnomədəni festivalda ölkəmiz uğurla təmsil olunub

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən etnomədəni festivalda Azərbaycan diasporu da təmsil olunub. Yerli meriyanın təşəbbüsü ilə baş tutan tədbirdə Ukraynada yaşayan müxtəlif xalqların nümayəndələri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən YAZTV-ə verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) dəstəyilə təşkil olunan Azərbaycan pavilyonunda milli xalçalar, geyimlər, kitablar, musiqi alətləri və rəsm əsərləri nümayiş etdirilib. Pavilyonun tərtibatı, xalqımızın milli musiqi, rəqs və məxbəx nümunələri festival iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Festivalda Nicat Mirzəyevin başçılıq etdiyi "Qafqaz" ansamblı milli rəqslərimizi ifa edərək tədbirə xüsusi ovqat qatıb.

UABD rəhbəri Hikmət Cavadov bildirib ki, Bakının qədim və müasir görüntülərinin əks olunduğu tərtibatda rəssam Əsgər Cavadovun böyük əməyi var və festivalın gedişində azərbaycanlı rəssam arzu edənlərə ustad dərsi də keçib. "Əməyi keçən hər kəsə, xüsusilə də Əsgər Cavadova və Nicat Mirzəyevə minnətdarlığımızı bildiririk. Fikrimizcə, bu festivalda Azərbaycan diasporu yüksək səviyyədə iştirak edib" - deyə H.Cavadov vurğulayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adlı şəxsin şəkli.Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adlı şəxsin şəkli.Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adlı şəxsin şəkli.Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adlı şəxsin şəkli.

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd edilir.

Nazirlikdən YAZTV-ə verilən məlumata görə, Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət və incəsənət xadimləri əlamətdar gün münasibətilə I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər. Dahi bəstəkarın məzarüstü abidəsinin önünə çələng və tər çiçək dəstləri qoyuldu.

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirdi ki, bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin və onun yaxın dostu bəstəkar və dirijor Müslüm Maqomayevin 135 illiyini qeyd edirik: “Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. O, zəngin, çoxşaxəli yaradıcılığa malik böyük sənətkar olub. Üzeyir bəy 18 sentyabr 1885-ci ildə Qarabağda dünyaya gəlib, uşaqlığı qədim Şuşa şəhərində keçib. "Qafqazın konservatoriyası" adlanan Şuşa Üzeyir bəy üçün ilk məktəb olub. Sonralar o, Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirib”.

Anar Kərimov dedi ki, milli mədəniyyətimiz köklü ənənələrinə görə Üzeyir Hacıbəyliyə minnətdardır: “O, əsl maarifpərvər, bir sıra dəyərli elmi əsərlərin müəllifidir. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O əsərlərində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirib. Məhz onun rəhbərliyi altında Azərbaycanda əsaslı bəstəkarlıq məktəbi yaranıb. Üzeyir bəyin mirasına hörmət olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması qərara alınıb. Həmin tarixdən etibarən xalqımız bu musiqi bayramını qeyd edir. Bu, bir daha ulu öndər Heydər Əliyevin mədəniyyət xadimlərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərildiyi qayğının davamı kimi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı da göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirir. Bu festivala dünyanın bir sıra tanınmış musiqiçiləri cəlb edilib. Təəssüflər olsun ki, bu il pandemiyaya görə biz bu festivalı keçirməyə qadir deyilik. Buna baxmayaraq, festivalı davamlı etmək üçün ötən illərin ifalarını televiziyada göstərmək qərarına gəldik”.

Anar Kərimov çıxışının sonunda Milli Musiqi Günü münasibətilə bütün musiqisevərlərə təbriklərini çatdırdı.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında "Üzeyir Hacıbəyli" fəxri medalının təsis edildiyini vurğuladı: "Onun birinci nüsxəsi Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edilib. Biz də Bəstəkarlar İttifaqı olaraq Üzeyir Hacıbəyli festivalında fəal iştirak etmişik, maraqlı elmi konfranslar keçirmişik. Çalışmışıq ki, Üzeyir bəyin təkcə musiqilərini yox, həm də onun alim olaraq kəşflərini və tapıntılarını gənclərə çatdıraq. Nə qədər ki, Azərbaycan var, Üzeyir Hacıbəylinin musiqisi səslənəcək və biz ona sevə-sevə qulaq asacağıq".

Daha sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək dahi bəstəkarın ömür və sənət yolu haqqında fikirlərini bölüşdülər.

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru səsləndirildi.

Sonda mərasim iştirakçıları Fəxri xiyabanda musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş sənətkarların məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzdülər.

 
Mehmanxanalara növbəti mediatur təşkil olunub

Mehmanxanalara növbəti mediatur təşkil olunub

Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Səhiyyə Nazirliyi tərəfindən mehmanxanalarda növbəti monitorinq keçirilib.

Monitorinq prosesinin ictimaiyyətə çatdırılması məqsədilə “Landmark” və “Stalybridge Suites Baku” hotellərinə mediatur təşkil edilib. Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, bütün dünyada tüğyan edən COVID 19 pandemiyası Azərbaycandan da yan keçməyib və bununla da turizm sektoruna böyük zərbə vurmuş olub. Buna baxmayaraq təsdiq olunmuş qaydalara əsasən ölkəmizdəki mehmanxanalar fəaliyyətini bərpa edərək qonaqları qəbul etməyə hazırdılar. Burada əsas məqamlar mehmanxanalarda sosial məsafənin gözlənilməsi, dizinfeksiya maddələrindən istifadə edilməsi, qəbul etdikləri qonaqların hərarətinin ölçülməsindən ibarətdir. “Bakıda yalnız 65, ümumilikdə isə ölkə üzrə 229 mehmanxanada monitorinqlər keçirilib. Onların 80 faizində qaydalara tam riayət edilir.

Bəzi hotellər ilk həftələrdə qəbul edilən standartlara cavab verməsə də, aparılan maarifləndirmə işlərindən sona nəticənin müsbətə doğru dəyişdiyini söyləyə bilərik”, - deyə Rüfət Bağırov əlavə edib. Bildirilib ki, monitorinq çərçivəsində işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılır və tələblərə cavab verən mehmanxanalar Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir. Vurğulanıb ki, virusun turizmə vurduğu zərbəni minimuma endirmək və deyilən obyektlərə yardımçı olmaq məqsədilə dövlət sosial paketlər hazırlayır. Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Zaur Kərimov deyib: “Monitorinqlər zamanı mehmanxanaların qida blokunda normalara və metodik göstərişlərin tələblərinə riayət edilməsi agentliyin əməkdaşları tərəfindən qiymətləndirilib. Bu zaman işçilərin xüsusi geyimlərlə təmin olunmasına, mətbəxdə və qida qəbulu zallarında təmizlik işləri apararkən müvafiq dizinfeksiyaedici maddələrdən istifadə edilməsinə diqqət yetirilib. Mətbəxlərlə bağlı müəyyənləşdirilən tələblərə əsasən qida məhsullarının səthi örtülü saxlanmalı və istifadə olunmuş qida yeniləri ilə qarışdırılmamalıdır.

Qidanın saxlanılmasında müvafiq xüsusiyyətlər də nəzərə alınmalıdır”. Qeyd edək ki, monitorinqlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə keçirilir. (Azərtac)

Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlayıb

Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlayıb

Sentyabr ayının 22-də Azərbaycan xalqının igid övladı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlanıb.

Nazirlikdən YAZTV-ə verilən məlumatda bildirilib ki, elektron məlumat bazası rəsmi sənəd, əfsanələşən partizan ömrü, mükafatları, haqqında nəşrlər, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

Opera və Balet Teatrı onlayn tamaşaları təqdim edəcək

Opera və Balet Teatrı onlayn tamaşaları təqdim edəcək

Hər il ənənəvi olaraq sentyabr ayında yeni mövsümünə başlayan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində bu il bir qədər fərqli şəkildə öz tamaşaçıları ilə görüşəcək.

Mədəniyyət Nazirliyindən YAZTV-ə bildirilib ki, bu məqsədlə teatrın virtual repertuarı tərtib edilmiş və ilk olaraq sentyabrın 19-da opera həvəskarları internet üzərindən (teatrın www.tob.az saytında və YouTube kanalında) dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşasını seyr edə biləcəklər. Qeyd edək ki, tamaşada əsas rolları Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan) və b. ifa edəcəklər.

Eyni zamanda sentyabrın 20-də F.Əmirovun “Min bir gecə” baleti, sentyabrın 23-də M.Maqomayevin “Şah İsmayıl” operası, sentyabrın 26-da V.A.Motsartın “Hamı belə edir” operası, 27-də N.Əliverdibəyovun “Cırtdan” uşaq operası və sentyabrın 30-da Q.Qarayevin “Yeddi gözəl” baletinin tamaşaları nümayiş olunacaq.

 

“Repressiya” layihəsinin ilk sənədli filmi Mikayıl Müşfiqə həsr olunub

“Repressiya” layihəsinin ilk sənədli filmi Mikayıl Müşfiqə həsr olunub

Azərbaycan Televiziyasında bu gün saat 21:30-da “Repressiya” adlı yeni layihənin təqdimatı olacaq.

YAZTV xəbər verir ki, “Repressiya” yeni mövsümdən ayda iki dəfə efirə gedəcək sənədli filmlər silsiləsidir.

İlk sənədli film 1937-ci il repressiya qurbanı Mikayıl Müşfiqə həsr olunub. Ekran əsərində Müşfiqə qarşı təzyiqlər, atılan böhtanlar və yazıçının həbsi obrazlı şəkildə əks olunub. Bundan başqa, şairin həyat yoldaşı Dilbər Axundzadə ilə görüşü və iki müstəntiqə ifadəsi də filmdə improvizə olunub. Sonda isə şairin güllələnmə səhnəsi yer alıb.

“Repressiya”da Mikayıl Müşfiq obrazını Toğrul Rza, Dilbər Axundzadəni isə Kəbirə Həşimi canlandırıb.

Sənədli filmin rejissoru və operatoru Elmir Süleymanov, ssenari müəllifi Kəmalə Mirzəyevadır. Montaj isə Mahir Rəhimova məxsusdur.

Açıq səma altında tamaşa nümayiş olunub

Açıq səma altında tamaşa nümayiş olunub

Şamaxının Kələxana kəndində yerləşən XVI əsrə aid "Kələxana türbələri"ndə şifahi xalq ədəbiyyatı incilərindən sayılan "Apardı sellər Saranı" xalq dastanı əsasında hazırlanan "Sara" tamaşasıyla Mingəçevir Dövlət Dram teatrı həm də 52-ci teatr mövsümünü açıq elan etdi.

Mədəniyyət Nazirliyindən YAZTV-ə verilən məlumata görə, açıq havada, səma altında tarixi abidələrdən fon kimi istifadə olunub. Bu dəfə adət etdiyimiz kimi dekorasiyalar dekoratorlar tərəfindən tamaşa üçün xüsusi olaraq hazırlanmayıb, tarixi memarlıq abidələri canlı dekorasiya rolunu oynayıb.

Canlı dekorasiyadan istifadə edilərək açıq səma altında oynanılan bu tamaşa teatr tarixində ilk idi.

Tamaşanın qurluşundan tutmuş nümayişinə qədər Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün şərt və tələblərinə əməl edilmişdi. Mizanlardan başlayaraq premyera öncəsinə kimi Operativ Qərargahın tövsiyələri, tələbləri nəzərə alınıb. Tamaşadan öncə tibbi personalın iştirakı ilə yaradıcı heyət yoxlanışlardan keçib və premyeraya icazə verilib.

Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları rol alıblar.

Çəkilişlər AzTV-nin “Mədəniyyət” kanalında yayımlanacaq.  

Milli Kitabxana Ü.Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazasını təqdim edib

Milli Kitabxana Ü.Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazasını təqdim edib

18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Üzeyir Hacıbəyli: Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan YAZTV-ə bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Mükafatlar”, “Fotoqalereya”, “Filmoqrafiya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Məlumat bazasında bəstəkarın publisistik əsərləri, operaları, musiqili komediyaları, xor, orkestr və kamera-instrumental əsərləri, romansları, mahnıları, səsyazmaları, fotoları, haqqında və əsərlərinə çəkilən filmlər verilib. Resurslar tam mətni ilə təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.

Xalq artisti UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalın qonağı olacaq

Xalq artisti UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalın qonağı olacaq

Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tanınmış pianoçu Murad Hüseynov 16 -18 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalda dünyanın tanınmış musiqiçiləri ilə birgə eyni səhnəni bölüşəcək.

YAZTV xəbər verir ki, Xalq artistinin çıxış edəcəyi festival gününün konsertini Baku Media Mərkəzi lentə alacaq. Festivalın partnyorları sırasında, həmçinin Bakı Media Mərkəzi və Azərbaycanın İctimai Televiziyası da yer alır.

Pianoçu festivalın formatına uyğun olaraq, klassik əsərlərdən ibarət rəngarəng proqramla çıxış edəcək. Festivalın tərəfdaşları sırasında Gürcüstanın Pos TV telekanalı, İtaliyanın Gürcüstandakı Səfirliyi, “Michel Sogny” “SOS Talents” fondu , Gürcüstan Fransa İnstitutu və digər beynəlxalq təşkilatlar da var.

Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakı şəhəri “Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti”nin 2023-cü ildə keçiriləcək 3-cü Regional Konfransına ev sahibliyi edəcək.

Dövlət Turizm Agentliyindən YAZTV-ə bildirilib ki, bu barədə qərar sentyabrın 17-də “Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti”nin 42 ölkədən olan yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə onlayn şəkildə keçirilən səsvermə nəticəsində qəbul olunub.

Həmçinin 2017-ci ildə “Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti”nin sədri kimi fəaliyyətə başlayan Çingiz Rəhimov təşkilatın Şərqi Avropa üzrə regional nümayəndəsi seçilib.

Bakının namizədliyinin elan edildiyi ilk gündən Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Konqreslər Bürosu tərəfindən aparılan uğurlu təbliğat işi, həmçinin paytaxtın turizm və təşkilatçılıq imkanlarının peşəkar şəkildə təqdim edilməsi konfransın Azərbaycanda keçirilməsi hüququnun əldə edilməsi ilə nəticələnib.

Azərbaycan Konqreslər Bürosu tərəfindən irimiqyaslı tanıtım, təbliğat və marketinq kampaniyasının aparılması, professor Çingiz Rəhimovun göstərdiyi təşəbbüsün hərtərəfli dəstəklənməsi 1000-dən çox xarici iştirakçısı olması gözlənilən konfransın ölkəmizə cəlb olunmasına öz töhfəsini verib.

İşgüzar turizmin inkişafı üzrə bu nailiyyətin əldə edilməsinə Azərbaycan Respublikası Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyi tərəfindən böyük dəstək göstərilib.

“Bu cür irimiqyaslı beynəlxalq tədbirlər nəinki ölkəmizin və onun işgüzar turizm imkanlarının tanıdılmasına xidmət edir, eyni zamanda müxtəlif sahələrin inkişafına da öz töhfəsini verir”, - Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva bildirib.

1970-ci ildə əsası qoyulmuş Avropa, eləcə də dünyanın bir sıra başqa ölkələrində yüksək nüfuza malik olan “Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti” kəllə-üz-çənə cərrahiyyəsində müasir üsulların tətbiq olunması üzrə ixtisaslaşaraq sözügedən cərrahiyyə növü ilə bağlı yenilikləri çatdırmaq üçün hər iki ildən bir dünyanın müxtəlif ölkələrində beynəlxalq səviyyəli konfranslar keçirərək üzvlərini bir araya toplayır.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irimiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirməkdir.

 Xalça Muzeyi “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb

Xalça Muzeyi “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb

Azərbaycan Milli Xalça Muzeyi dördüncü dəfə “Tripadvisor Travellers’ Choise” (Tripadvisor səyahətçilərin seçimi) sertifikatına layiq görülüb.

YAZTV xəbər verir ki, bütün dünya üçün mövcud çətin dövrdə belə muzeyin peşəkar fəaliyyətini yüksək səviyyədə davam etdirməsi tamaşaçılar, izləyicilər tərəfindən layiqincə dəyərləndirilib və obyektiv qiymətini alıb.

Qeyd edək ki, dünyanın məşhur turizm saytı “Tripadvisor”ın 2010-cu ildə təsis olunan bu sertifikatına əsasən yüksək səviyyədə xidmət göstərən məkanlar, turizm müəssisələri layiq görülür. Qalib milyonlarla insanın, turistlərin saytda il ərzində qeyd etdiyi rəylər əsasında müəyyənləşir.

“Tripadvisor Travellers’ Choise” sertifikatını beş dəfə alan müəssisələrin saytın “Şöhrət zalı” fəxri siyahısına daxil olduğunu nəzərə alsaq, Azərbaycan Milli Xalça Muzeyi bu uğurun da bir addımlığındadır.

Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri aşkarlanıb

Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiyası rayon ərazisində dəniz səviyyəsindən 2000 metr yüksəklikdə - Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri aparıb.

İnstitutdan YAZTV-ə bildirilib ki, ekspedisiya müddətində bölgədə qeydə alınmış kurqan tipli arxeoloji abidə tədqiq edilib. Kurqanın üst örtüyünün perimetri boyunca iri qaya daşlarından ibarət kromlexi (kromlex - sakral xarakterli dairəvi daş düzümü) olub. Kurqanın qəbir kamerası daş qutu tipindədir. Kamera iri sal qaya daşlarından dördkünc formada hazırlanmaqla üzəri sal daşlarla örtülüb. Qəbir kamerasından aşkar edilən insan skeletinin qalıqları və maddi mədəniyyət nümunələri əsasında kurqanın bir qadına məxsus olduğu müəyyən edilib. İnsan üzü şərqə doğru olmaqla sağ tərəfi üstə bükülü vəziyyətdə dəfn olunub. Kurqan kamerasından aşkar edilən artefaktlar əsasən metal və mineral daşlardan hazırlanmış bəzək əşyaları ilə təmsil olunur. Abidədən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin müqayisəli təhlili onun Son Tunc - İlk Dəmir dövrü ilə tarixlənərək Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti daşıyıcılarına məxsus olduğunu göstərir.

Bununla yanaşı, ekspedisiya müddətində ərazidə tədqiq olunmuş, biri digərindən 20 metr aralı olan iki kurqan arasında aparılan qazıntılar zamanı mütəxəssislərin xüsusi marağına səbəb olmuş tikili qalığı aşkarlanıb. İlkin nəticələrə əsasən, qaya daşlarından dördkünc formada inşa edilmiş bu tikilinin ibadətgah və ya hər hansı dini ritual məkan olduğu təxmin edilir. Tikili qalığının içərisindən aşkar edilmiş maddi mədəniyyət nümunələri onun kurqanlarla eyni dövrə aid olduğunu göstərir. Dini ritual tikili qalığının içərisindən ocaq izləri və daşdan hörülmüş xüsusi hücrələr aşkar edilib. Tikilinin salamat qalmış divarlarının hündürlüyü bir metrə yaxındır. Tikili qalığından aşkarlanmış dəlillər və arxeoloji nümunələr üzərində tədqiqatlar davam etdirilir.

Arxeoloji ekspedisiya zamanı Xoşbulaq kəndinin kənarında, Xoşbulaq çayının sağ sahilində bir ədəd daş qutu qazılaraq tədqiq olunub. Qaya daşlarından hazırlanmış qəbir kamerasının üzəri iki ədəd sal qaya ilə örtülüb. Daş qutudan 6 ədəd saxsı qab nümunəsi, bir ədəd tunc kəmər, bir ədəd dəmirdən hazırlanmış xəncər və bir insan skeletinin qalıqları aşkar edilib.

Arxeoloji abidələrdən tapılmış nümunələr laborator şəraitdə tədqiq edilmək üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna gətirilib. Mütəxəssislər ərazidə aparılan arxeoloji qazıntıların və elmi nəticələrin Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının dini dünyagörüşləri, dəfn adətləri və ümumilikdə həmin dövrün tarixinin öyrənilməsində böyük əhəmiyyət kəsb etdiyini düşünürlər.