Friday, 01 İyul 2022 01:59
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanın "Avroviziya-2021" təmsilçisi müəyyənləşdi

Azərbaycanın "Avroviziya-2021" təmsilçisi müəyyənləşdi

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2021" Beynəlxalq Mahnı Müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb.

Şirkətdən YAZTV-yə bildirilib ki, müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov bildirib ki, seçim mərhələsinə yerli və xarici müəlliflərdən 229 kompozisiya təqdim olunub.

“Komandamız hər bir mahnını layiqincə qiymətləndirmək üçün onaların hər birini bir neçə dəfə dinlədi. Onların arasında həqiqətən gözəl kompozisiyalar var idi, onlardan altı ən yaxşısı bizim şort-listimizə düşmüşdü. Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışdıq. Lakin bu il də ilk növbədə biz onun ifaçı ilə nə dərəcədə uzlaşacağını nəzərə alırdıq", - deyə bəstəkar və prodüser İsa Məlikov qeyd edib.

Bildirilib ki, Avropa Yayımları Birliyinin (AYB) tələblərinə uyğun olaraq, hər bir mahnının müddəti 3 dəqiqədən çox olmamalıdır. Seçim prosesinə əsasən, mahnı növbəti mərhələdə müxtəlif ölkələrdən olan 50-dən çox "Avroviziya" mütəxəssisindən ibarət beynəlxalq fokus-qrupunun səsverməsi əsasında seçiləcək.

 

Mahnının rəsmi təqdimatı martın ikinci həftəsində baş tutacaq.

Müsabiqədə ölkəmizi müğənni Əfəndi təmsil edəcək.

Qeyd edək ki, bu il "Avroviziya" mahnı müsabiqəsinin yarımfinal mərhələsinin mayın 18-i və 20-də, final mərhələsinin isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır.

Mədəniyyət Nazirliyi ilə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Mədəniyyət Nazirliyi ilə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Mədəniyyət naziri Anar Kərimovla Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev arasında videoformatda görüş keçirilib.

Mədəniyyət Nazirliyindən YAZTV-ə bildirilib ki, görüş zamanı gələcək əməkdaşlıq və birgə layihələr barədə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ölkə rəhbərliyinin müəyyən etdiyi istiqamətlər üzrə görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın dirçəldilməsi məqsədilə nazirlik tərəfindən bir neçə prioritet istiqamətlər üzrə iş aparılmasının nəzərdə tutulduğunu və bir neçə layihəyə artıq başlanıldığını bildirib. Bunlar arasında həmin ərazilərin tarixi abidələrinin və mədəniyyət müəssisələrinin bərpası, Qarabağdan olan əhalinin adət-ənənələrinin bərpası (“Yurda qayıdış” layihəsi) və Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıdışının beynəlxalq səviyyədə təbliğini qeyd edib. Həmçinin nazirlik tərəfindən həyata keçirilən “Qarabağnamə” layihəsinin ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılandığını vurğulayıb.

Görüş zamanı Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən digər layihələr barədə də məlumat verilib.

Tural Gəncəliyev, öz növbəsində, nazirlik ilə ictimai birlik arasında əməkdaşlıqdan danışıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin və birgə layihələrin icrasının əhəmiyyətini qeyd edib.

Görüşün sonunda Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Mədəniyyət Nazirliyinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə birlikdə ölkə rəhbərliyi tərəfindən müəyyən edilən tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə inam ifadə edilib.

Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO

Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir məscidimizə qarşı etdiyi vandalizmlə bağlı məlumat verib.

YAZTV xəbər verir ki, o, bu barədə “Twitter” hesabında paylaşım edib.

 “Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi, heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər”.

Azad olunmuş ərazilərdə abidələrin bərpasına nə vaxt baxılacaq? - Rəsmi AÇIQLAMA

Azad olunmuş ərazilərdə abidələrin bərpasına nə vaxt baxılacaq? - Rəsmi AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və komendantlıqların nəzdində aidiyyəti dövlət orqanlarının (qurumlarının), o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.

Bu barədə YAZTV-nin sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər. Qeyd olunub ki, Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlərə başlamış və abidələrin əksəriyyətinin dağıdıldığı, məhv edildiyi, mənimsənildiyi və vandalizmə məruz qaldığı müəyyən edilib.

 

"Monitorinqlər yekunlaşdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə neçə heykələ ziyan dəydiyi müəyyənləşəcək. Monitorinqlərin nəticəsi təhlil olunduqdan sonra işğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin bərpası məsələsinə baxılacaq".

Bakı şəhər muzeylərinin rəhbərləri ilə videokonfrans keçirilib

Bakı şəhər muzeylərinin rəhbərləri ilə videokonfrans keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər muzeylərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirildi.

Mədəniyyət Nazirliyindən YAZTV-ə bildirilib ki, görüşdə çıxış edən Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərgiz Abdullayeva azad edilmiş rayonlarda geniş quruculuq işlərinin başlanacağı, həmin ərazilərdə mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin, o cümlədən muzeylərin bərpası ilə bağlı Nazirlik tərəfindən müvafiq işlərə başlanılması barədə məlumat verib.

Videokonfransda tarixi Zəfərlə başa çatan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək qazi olan muzey əməkdaşlarının adları qeyd edilib, onların daim diqqət və qayğı göstərilməsinin vacibliyi vurğulanıb.

Görüşdə iştirak edən muzey rəhbərləri azad edilmiş torpaqlarda bərpa ediləcək muzeylərlə bağlı təkliflərini irəli sürüblər və bərpa prosesində iştirak etməyə hazır olduqlarını bildirib. Belə ki, “Qarabağın musiqi xadimləri muzeyi”nin yaradılması, muzeylərin fondunda saxlanılan Qarabağa aid eksponatların bərpası, işğaldan azad edilmiş ərazilərdə bərpa ediləcək muzeylərin fondlarının formalaşdırılması məqsədilə müvafiq işlərə başlanılması səsləndirilən təkliflər arasında olub.

Eyni zamanda görüşdə muzeylər tərəfindən 2020-ci il ərzində görülən işlər müzakirə olunub. Videokonfransda qeyd olunub ki, muzey müəssisələri pandemiya dövründə onlayn fəaliyyət vasitəsilə çox qısa zamanda öz işlərini karantin dövrünün tələblərinə uyğunlaşdırlb və bu müddət ərzində bir sıra onlayn sərgilər keçirilib, uğurlu layihələr reallaşdırılıb, muzeylərin sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq məlumatlar paylaşılıb.

"Əməkdar Mədəniyyət işçisi” Vaqif Vəliyevin doğum günüdür

"Əməkdar Mədəniyyət işçisi” Vaqif Vəliyevin doğum günüdür

Bu gün Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin doğum günüdür.

YAZTV-nin məlumatına görə, Vaqif Zülfü oğlu Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli rayonun Füzuli şəhərində sənətkar ailəsində anadan olub. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda "mədəni-maarif” fakultəsində təhsil alıb.

1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri, direktor vəzifələrində işləyib.1989-cu ildən hal-hazıra kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində işləyir. 1990-cı ildən 1999-cu ilədək teatrın bədii rəhbəri və direktoru vəzifəsində işləyib.

İşlədiyi müddətdə Cahangir Məmmədovun "Günəş zindanda”, Həsən Əsgərxanovun "Pristav Həsənalı bəy”, Səttar Axundovun "Bəndalı bəndə düşüb”, Altay Məmmədovun "Kişilər”, Loğman Rəşidzadənin "Toya bir gün qalmış” tamaşalarına quruluş vermiş və İlyas Əfəndiyevin "Unuda bilmirəm”də Kamran, Həsən Əsgərxanovun "Pristav Həsənalı bəy”də Naçalnik, Cəlil Məmmədquluzadənin "Danabaşlar”da Həsən kişi, Loğman Rəşidzadənin "Toya bir gün qalmış”da Yaqub obrazlarını canlandırıb.

Bütün bunlarla yanaşı Rayonda keçirilən kütləvi tədbirlərin bədii rəhbəri və quruluşçu rejissorudur.

Bir sözlə Vaqif Vəliyev teatr ənənəsinin yaşamasında əvəzsiz rol oynayıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əlyevin 2013-cü il 25 iyun 2967 nömrəli sərəncamı ilə Vəliyev Vaqif Zülfü oğluna "Əməkdar Mədəniyyət işçisi” fəxri adı verilib.

Ailəlidir, 3 övladı var.

Mədəniyyət Nazirliyinin ilin birinci yarımili üçün tədbirlər planı təsdiqlənib

Mədəniyyət Nazirliyinin ilin birinci yarımili üçün tədbirlər planı təsdiqlənib

Fevralın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Nazirlikdən YAZTV-yə bildirilib ki, Mədəniyyət naziri Anar Kərimov iclası açaraq kollegiya üzvlərini salamlayıb, ötən ilin mədəniyyət mənzərəsinə nəzər salıb. İl ərzində Mədəniyyət Nazirliyi tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən layihələrin pandemiya şəraitində insanlarının asudə vaxtının səmərəli təşkilinə töhfə olmaqla yanaşı, yaradıcı insanlar üçün əlavə stimul olduğunu vurğulayıb.

2020-ci il eyni zamanda Azərbaycanın tarixinə şanlı Qələbə ilə yazıldığını bildirən nazir Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında Mədəniyyət Nazirliyinin də səylərini əsirgəmədiyini, müharibənin gedişində və ondan sonrakı mərhələdə müxtəlif beynəlxalq təşkilatlara və onlarla ölkəyə edilən müraciətlərin, yayılan bəyanatların, reallaşdırılan layihələrin Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı həyata keçirdiyi vandalizm siyasətinin daha böyük miqyasda nümayişinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Anar Kərimov “Mədəniyyət Nazirliyinin institusional islahatlarının icrasına dəstək Proqramı”nın hazırlandığını, proqramın strateji istiqamətlərinin mədəniyyət və irsin tədqiqi, qorunması və inkişafı, insan və cəmiyyətin inkişafı, həmçinin mədəniyyətimizin beynəlxalq aləmdə qorunması və təbliğini əhatə etdiyini diqqətə çatdırıb.

Qeyd edib ki, islahatların əsas məqsədi nazirlik sistemində hüquqi bazanın təkmilləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir infrastrukturun qurulması, insan kapitalının inkişafı, məzmunun zənginləşdirilməsi, dayanıqlı maliyyələşmə və modellərin qurulmasından ibarətdir.

* * *

İclasda 2021-ci ilin birinci yarımili üçün nazirliyin tədbirlər planı müzakirə edilib. Konkret hədəflər müəyyən edilərək hazırlanan planda nazirlik sistemində həyata keçiriləcək islahatlar, mədəniyyət və yaradıcılığın inkişafı, məzmununun zənginləşdirilməsi, yaradıcı və mədəniyyət sənayelərinin inkişafı, mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası, “Nizami Gəncəvi İli” ilə əlaqədar tədbir və layihələr, Azərbaycan mədəniyyətinin ölkəmizdə və dünyada təbliği, beynəlxalq əməkdaşlığın inkişafı məsələrinə diqqət yetiriləcəyi bildirilib.

 

Ölkə başçısı tərəfindən Şuşa şəhərinin “Azərbaycan mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar tədbirlərin təşkili, Vaqif Poeziya Günləri və “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalının keçirilməsi, həmçinin işğaldan azad olunan ərazilərdə mədəniyyətin mövcud vəziyyəti və Ermənistan tərəfindən törədilən vəhşiliklər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Eyni zamanda ölkə başçısının fərmanı ilə yaradılan Dövlət Nəzarəti İnformasiya Sisteminin əhəmiyyəti vurğulanıb, nazirlik üzrə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar proseslərin bu sistemin meyarlarına uyğun qurulmasının vacibliyi diqqətə çatdırılıb.

İclasda Kollegiyanın üzvləri və nazirliyin digər struktur bölmə rəhbərləri çıxış edərək tədbirlər planı ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra Mədəniyyət Nazirliyinin 2021-ci ilin birinci yarımili üçün tədbirlər planı təsdiq edilib.

Kollegiya iclasına yekun vuran Anar Kərimov qarşıya qoyulmuş vəzifələrin reallaşmasında bütün kollektivə uğurlar arzulayıb.

YAZTV

Musiqili Teatr “Döyüşən teatr” sənədli filmini təqdim edib

Musiqili Teatr “Döyüşən teatr” sənədli filmini təqdim edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Vətən müharibəsində şəhid olmuş teatrın işıqçısı Əliağa Məmmədova və döyüşlərdə iştirak etmiş digər əməkdaşlara həsr olunmuş "Döyüşən teatr" (“İşıq adam”) sənədli filmini təqdim edib.

YAZTV xəbər verir ki, sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Akademik Musiqili Teatrının rejissoru Samir Qulamov bu barədə ətraflı məlumat verib: “Əbəs yerə bu sənədli filmin adını "Döyüşən teatr" qoymamışıq. İstər müharibənin ən qızğın vaxtlarında, istərsə də ondan sonrakı mərhələlərdə teatrımız həm arxa, həm də ön cəbhədə olmağı bacardı və bunu könüllülük prinsipi ilə, sevə-sevə həyata keçirdi.

Qarabağın azadlığı uğrunda 44 günlük zəfər tariximizə adını qızıl hərflərlə yazdıran şəhidlərimizin sırasında bizim teatrın işıqçısı, qəhrəmanımız da var. O, Əliağa Məmmədovdur. Filmin ikinci adının “İşıq adam” adlandırılması da məhz onunla bağlıdır. Filmdə şəhidin ailə üzvlərinin, teatr rəhbərliyinin, iş yoldaşlarının da fikirləri yer alıb. Şəhidlərimizi ehtiramla yad etmək və döyüşlərdə iştirak etmiş qazilərimizə diqqət göstərmək bizim müqəddəs borcumuzdur. Allah cəmi şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.

Qeyd edək ki, sözügedən sənədli filmin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əlqismət Lalayev, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir.

Filmdə Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Televiziyasının, Strateji Kommunikasiyalar Mərkəzinin videokadrlarından, həmçinin görkəmli bəstəkarların, musiqiçilərin – Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Eldar Mansurov, Emin Sabitoğlu, Ədalət Vəzirov, Əlixan Səmədov, Ali Aliyevin əsərlərindən, həmçinin "Millətəm" (Elçin Cəfərov, Sabir Rüstəmxanlı) mahnısından istifadə edilib.

Mədəniyyət Nazirliyinin əməkdaşları işğaldan azad edilmiş torpaqlara təhkim olunub

Mədəniyyət Nazirliyinin əməkdaşları işğaldan azad edilmiş torpaqlara təhkim olunub

Ermənilərin məscidlərdə donuz saxlaması faktı vəhşilik, vandallıqdır.

YAZTV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, mənşəyindən asılı olmayaraq ibadət evlərinə hörmət göstərilməlidir: “Təəssüflər olsun ki, biz ermənilər tərəfindən bunu görmədik. Nəinki məscidlər, hətta alban məbədləri belə baxımsız, dağıdılmış vəziyyətdə idi. Bildiyiniz kimi, Hadrutda belə bir alban məbədi tapılmışdı, o baxımsız və dağıdılmış vəziyyətdə idi. Bu, bir daha göstərir ki, ermənilər heç bir ümumbəşəri dəyərə hörmət etmirlər, beynəlxalq hüquq normalarına məhəl qoymurlar. Təəssüflər olsun ki, bu, belədir. Amma biz bu abidələrimizin bərpa edilməsi ilə məşğul olacağıq”.

Anar Kərimov artıq Mədəniyyət Nazirliyinin əməkdaşlarının işğaldan azad edilmiş torpaqlara təhkim olunduğunu vurğulayıb: “Əməkdaşlarımız həmin abidələrin vəziyyətini öyrənir, onların hamısını sənədləşdirirlər. Bu faktları toplayıb beynəlxalq təşkilatlara göndərəcək və eyni zamanda, bu abidələrin bərpa və konservasiya işləri ilə məşğul olacağıq. Bu sahəyə də biz həm yerli, həm də beynəlxalq ekspertləri dəvət etmək istəyirik. Beynəlxalq ekspertlərin dəvət edilməsində məqsəd ondan ibarətdir ki, bütün dünyaya bu vəhşiliklər çatdırılsın”.

Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan edir

Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsini elan edir.

Nazirliyə istinadən YAZTV xəbər verir ki, Müsabiqənin məqsədi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək, habelə Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə verməkdir.

Müsabiqənin mövzusu 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyətini əhatə edir.

Müsabiqə və şərtləri barədə ətraflı məlumatı buradan almaq olar: "Böyük Qayıdış"

 
“Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası təqdim edilib

“Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası təqdim edilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası hazırlanıb.

Milli Kitabxanadan YAZTV-ə verilən məlumata görə, elektron məlumat bazası “Tarixi”, “Görkəmli şəxsiyyətləri”, “Mədəni irsi”, “Qarabağın incisi – Şuşa”, “Kitablar”, “Məqalələr”, “Azərbaycan Milli Kitabxanasının nəşrləri”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında Qarabağın tarixi, Şuşa şəhəri və onun inzibati quruluşu, mədəniyyət abidələri haqqında kitablar, məqalələr, fotolar, videolar və digər sənədlər təqdim olunur. Elektron məlumat bazasında yerləşdirilən materiallar tam mətni ilə təqdim olunub.

Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb

Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb

Azərbaycanın dilbər guşələrindən olan, Qarabağımızın döyünən qəlbi Şuşa hər birimizin qürur mənbəyidir. Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağları ilə əzəmətli görünən Şuşa hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Cənubi Qafqazın dəyərli mədəniyyət mərkəzlərindən biri olan Şuşa, milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə məşhur olub. Muğamımızın beşiyi sayılan, Qarabağın dilbər guşəsi Şuşa şəhəri əbədi olaraq Azərbaycanın mədəniyyət məbədidir.

Şuşanı “Şərqin konservatoriyası” və “Azərbaycanın musiqi beşiyi” adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli şair, müğənni, musiqiçi və böyük bəstəkarların Vətənidir. Xurşidbanu Natəvan, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Üzeyir Hacıbəyli və digər dəyərli sənət adamları bu şəhərdə yaşayıb, bu şəhərdə yaradıblar.

YAZTV xəbər verir ki, Azərbaycanın döyünən qəlbi, Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. Şuşa haqqında kompozisiyanın müəllifi xaricdə yaşayan həmyerlimiz Anar Bramodur. Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.

Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib. Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq Əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan istedadlı müğənnimiz Ülviyyə Salayeva ifa ediblər. Musiqi kompozisiyasının çəkilişlərində dirijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.

Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu gözəl şəhərdə ermənilər tərəfindən talan olunan mədəniyyət nümunələrimiz, məhv edilən tarixi abidələrimiz bərpa ediləcək. Yenə gözəl Cıdır düzü Azərbaycan igidlərinin məskəninə çevriləcək, doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək.

Şuşa Qarabağdır, Qarabağ isə Azərbaycandır! Şuşa, Vətənini, millətini sevən hər bir Azərbaycan vətəndaşı üçün doğma torpaq, əziz bir şəhərdir. Bu gün hər bir Azərbaycan vətəndaşı digər ərazilərimiz kimi, döyünən ürəyimiz – Şuşanın da azad olunacağı günü səbirsizliklə gözləyir.

Üç dildə olan musiqi kompozisiyasını Bakı Media Mərkəzinin rəsmi “YouTube” və digər sosial şəbəkə səhifələrində izləmək mümkündür:

YouTube

https://www.youtube.com/watch?v=1zm4bpNUOKQ

https://www.youtube.com/watch?v=LQGSl8nlOIg

https://www.youtube.com/watch?v=lTXms613aEw

Facebook

https://www.facebook.com/1402834436617491/posts/3009030299331222/

https://www.facebook.com/1402834436617491/posts/3009038955997023/

https://www.facebook.com/1402834436617491/posts/3009090969325155/

Instagram

https://www.instagram.com/tv/CHQQAcRpVeZ/?igshid=1dm4tb6yhkruh

https://www.instagram.com/tv/CHQiznQpyrN/?igshid=6jt0zditg2lz

https://www.instagram.com/tv/CHQkfluJpNn/?igshid=1kpxlflh17qb9