Monday, 29 Noyabr 2021 03:28
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
“Zəfər: körpələrin gülüşü”

“Zəfər: körpələrin gülüşü”

Gəncə şəhərində yerləşən Kəlbəcər Mədəniyyət Mərkəzində “Zəfər: körpələrin gülüşü” adlı ədəbi-musiqili kompozisiya nümayiş olunub. Səhnə işi oktyabrın 12-də Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.

Təsirli bədii qiraət və musiqili fon kadrları ilə zəngin olan kompozisiyada Qarabağdan məcburi köçkün düşmüş uşaqların tank belində geri qayıtması, müharibə qaydalarını qəddarcasına pozan düşmənin Gəncə şəhərində mülki əhaliyə qarşı raket hücumundan sonra əzab-əziyyətlərə və ağır itkilərə rəğmən məğrur duruş və dəyanət göstərən körpənin təbəssümü, 44 günlük Vətən müharibəsinin zirvəsi sayılan Qələbə sevinci bədii ampluada tamaşaçıların diqqətinə çatdırılıb.

Uşaq musiqi məktəblərinin şagirdləri tərəfindən üçlük şəklində səsləndirilən “Xudayar təsnifi” və “Bayatı-Şiraz” muğamı kompozisiyanın təsirini daha da artırıb.

Müxtəlif regionlardan, o cümlədən Gəncə şəhəri, Goranboy və Kəlbəcər rayonlarından olan uşaqlar da aktyor qismində səhnədə yer alıblar. Uşaqların səhnə məharəti alqışlarla qarşılanıb.

Nümayişin sonunda uğurlu təqdimata görə uşaqlara təşəkkürnamələr təqdim olunub.

Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib

Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib

“Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə növbəti ümumşəhər tədbiri təşkil olunub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Gəncənin Cavadxan küçəsi boyunca “El şənliyi” formatında təşkil edilən ümumşəhər tədbiri Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” adlı ədəbi-bədii kompozisiya ilə açılıb. Daha sonra “Ozan” qədim milli musiqi alətləri ansamblının, “Xəmsə” ritm qrupunun, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, “Gəncə qönçələri” və digər musiqi kollektivlərinin çıxışları izlənilib.
Ümumşəhər tədbirində Gəncə Uşaq Rəssamlıq və Uşaq İncəsənət məktəbləri, habelə Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işləri sərgilənib.

“Gəncə sənətkarları” bölməsində keramika üzərində rəsm, səbət toxuma, ağac üzərində oyma, misgərlik, dulusçuluq və digər qədim sənət növləri nümayiş etdirilib, Gəncə Dövlət Kukla Teatrı kollektivinin təqdimatında Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” nağılı oynanılıb. Bununla yanaşı Gəncə idmançılarının şahmat, ağırlıq qaldırma, güləş və digər növlərdə çıxışları izlənilib.

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbirində Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin, Samux rayon Sərkar Uşaq Musiqi Məktəbinin kollektivləri də iştirak ediblər. Tədbir Gəncə Dövlət Filarmoniyasının önündə təşkil olunan konsert proqramı ilə davam edib.

Tədbir çərçivəsində Gəncə Urban Mərkəzində «GƏNCƏSƏNƏT» və «GəncəKitab» sərgi-satış yarmarkası da təşkil edilib. Sərgi-satış yarmarkasında müxtəlif növ sənətkarlıq və incəsənət nümunələri, habelə xeyli sayda yerli və dünya ədəbiyyatı inciləri satışa çıxarılıb.

Sonda Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə baş tutan «GƏNCƏSƏNƏT» incəsənət, sənətkarlıq və yaradıcılıq satış-sərgi yarmarkasının keçirilməsində verdikləri əvəzsiz dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, KOBİA və Göygöl Milli Parkına layihə rəhbərləri tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.

Nazir Xalq artistlərinə Prezident təltiflərini təqdim etdi

Nazir Xalq artistlərinə Prezident təltiflərini təqdim etdi

5 oktyabr tarixində Milli İncəsənət Muzeyində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup əməkdaşının və bir sıra incəsənət xadimlərinin mükafatlarının təqdimat mərasimi keçirilib.

YAZTV xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin 29 mart 2020-ci il, 5 iyun, 31 iyul, 17 mart 2021-cil tarixli Sərəncamlarında nəzərdə tutulmuş sənətçilərə mükafatlar təqdim olunub.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu mərasimin keçirilməsi çoxdan planlaşdırırılsa da, pandemiya səbəbilə proses yarımçıq qalıb.

Onun sözlərinə görə, tədbirin keçirilməsində seçilən məkan və vaxt da təsadüfü deyil: "Özümüz istədik ki, mükafat mərasimini Azərbaycan mədəniyyətini ən gözəl şəkildə təqdim edən İncəsənət muzeyində keçirək. Bilirsiniz, bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müqəddəs müəllimlik peşəsindən ayırmıram. Müəllimlər şagirdlərə elmi, incəsənət xadimləri isə cəmiyyətə mədəniyyəti təqdim edir. Mən hesab edirəm ki, Azərbaycanın ən gözəl səfirləri mədəniyyət xadimləridir. Çünki onlar xaricdə də ölkəmizi mədəniyyət vasitəsilə təbliğ edirlər".

A.Kərimov ölkə rəhbərinin mədəniyyət xadimlərini daim diqqət mərkəzində saxladığını bildirib: "Prezident İlham Əliyev səhnə arxasında mədəniyyət xadimləri ilə daim görüşlər keçirirdi. Söhbət zamanı tamaşalarla bağlı öz təkliflərini irəli sürürdü. Bu gün teatr xadimlərinə göstərilən diqqət onu göstərir ki, Azərbaycan hakimiyyəti teatra yüksək qiymət verir".

Daha sonra mədəniyyət naziri Anar Kərimov mükafatları təqdim edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

"İstiqlal" ordeninə layiq görülən Xalq artisti Xuraman Qasımova bildirib ki, torpaqlarımızın işğal olunmasını xalqımız hər zaman ürək ağrısı ilə xatırlayırdı: "Bizi incidirdi ki, Üzeyir Hacıbəyovun uverturasını Şuşada dinləyə bilmirdik. Hələ ki, Şuşada olmamışıq. Bilirəm ki, şəhər abadlaşır, Şuşamız artıq mədəniyyət mərkəzinə çevrilir. Əminəm ki, gələcək tədbirlərdə iştirak edəcəyik. Çox həyəcanlı və qürurluyam. Cənab Prezident və onun xanımına minnətdaram ki, mədəniyyət xadimlərinə öz dəstəklərini göstərirlər".

Daha sonra Xalq artisti Flora Kərimova da Şərəf Ordeni ilə təltif olunub. Torpaqlarımızın azad olunmasından söz açan sənətçi çıxışında Prezident İlham Əliyevi oğlu adlandırıb:

"Vətən böyük ailədir. Vətəni ürəklə sevib ağılla qorumaq lazımdır. Mənim borcum həqiqəti deməkdir. Burada tədbir olcağını biləndə "Nəğmə dolu bir ürəyəm, torpağına baş əyərəm, ey Vətən" mahnısını xatırladım. İlham Əliyev sadəcə Prezident deyil, həm də mənim oğlumdur. O, 30 il addım- addım bu qələbəyə doğru irəliləyirdi. Bu çətin şərtlərdə çox az dəstək olduğu halda bizə sevinci bəxş etdi. Dostunu əsl qardaş etdi. Var olduğu və belə bir ürəyə sahib olduğu üçün təşəkkür edirəm.

Bu illər ərzində hər gün yuxudan durub düşünürdüm ki Şuşanı görəcəmmi? Allaha dua edirim ki, üzünü bizə çevirsin. Və Allah bizə vətəni ürəyi ilə sevib ağlı ilə qoruyan oğlu - İlham Əliyevi göndərdi. Allah bizi belə oğullardan xali eləməsin. O, dünən dedi ki, əgər kişisənsə debata gəl. Düşmənlərimizin arasında kişi yoxdu. Onu bizə anası və atası göndərdi. Allah onu bizə çox görməsin".

Təltif olunanların siyahısını təqdim edirik:

"İstiqlal" ordeni

Qasımova Xuraman Əkrəm qızı

“Şərəf” ordeni

Kərimova Flora Ələkbər qızı

"Əməkdar artist" fəxri adı

Ağayeva Həcər Maqsud qızı

Dubovitskaya Mariya Aleksandrovna

Əmirbəyov Oleq Arnoldoviç

 

Hacıyeva Natavan Nizami qızı

İmranova İnna Aleksandrovna

Kimaşeva Bella Vladislavovna

Məmmədov Murad Məmməd oğlu

Omelçenko Yuri Vladimiroviç

Rəhimov Teymur Əsgər oğlu

Sokolenko Milana Aleksandrovna

"Əməkdar mədəniyyət işçisi" fəxri adı

Məmmədov İlham Əli İslam oğlu

3-cü dərəcəli “Əmək” ordeni

Baliyeva Natalya Gennadyevna

Əmirbəyova Rita Cəmil qızı

“Tərəqqi” medalı

Lerman Viktoriya Anatolyevna

Rudıçev Nikolay Nikolayeviç

Saprıkina Lyudmila Qennadiyevna

Sonda nazir Anar Kərimov təltif olunan şəxslərlə foto çəkdirib.

Kamil Əliyevin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Kamil Əliyevin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev görkəmli xalçaçı-rəssam Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Qeyd edək ki, Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib. Kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən çeşnilər əsasında toxunmuş xalçalarının başlıca səciyyəvi cəhətləridir. Onun qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fondunun qiymətli nümunələrindəndir. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr verib.

Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq yaydı

Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi bu gün vəfat edən Xalq artisti Ağakişi Kazımovun ölümü ilə bağlı nekroloq yayıb.

YAZTV xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə itki üz verib.

Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımov 2021-ci il oktyabr ayının 8-də vəfat edib.

Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il iyun ayının 28-də Ağcabədi rayonunda dünyaya göz açıb.

A.Kazımov 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyoru fakültəsində ali təhsil alıb. 1960-cı ildə Quba Dövlət Dram Teatrına baş rejissor təyin olunub. 1964-cü ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə daxil olub.

1969-1970-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor, sonralar isə baş rejissor vəzifəsində çalışıb.

A.Kazımov 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar Ağakişi Kazımovun əziz xatirəsi doğmalarının, sənət dostları və sevənlərinin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!"

Vaqif Şərifovla vida mərasimi keçirilib

Vaqif Şərifovla vida mərasimi keçirilib

Azərbaycan Respublikasının Xalq artisti Vaqif Şərifov bu gün dünyasını dəyişib. Bununla əlaqədar olaraq Gəncə Dövlət Dram Teatrında Xalq artisti ilə vida mərasimi keçirilib.

Vida mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov,  Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov,  Mingəçevir Dövlət Dram Teatrlarının nümayəndələri, Gəncə Dövlət Kukla Teatrının kollektivi, mərhumun ailə üzvləri, şəhər ictimaiyyəti və sənət yoldaşları iştirak ediblər.

Xalq artistinin 60 ildən çox çalışdığı teatr səhnəsinə qoyulan cənazəsi önünə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı adından əklil və gül dəstələri düzülüb.

Vida mərasimində əvvəlcə mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Teatrın rəhbəri, Əməkdar mədəniyyət işçisi Əli Qasımov çıxış edərək Vaqif Şərifovla bağlı xatirələrini bölüşüb: “Vaqif Şərifov demək olar ki, bütün ömrünü teatra və sənətə həsr edib. Görkəmli sənətkar 1960-cı ildən Gəncə Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirib. Fərqli illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, Sumqayıt və Ağdam Dövlət Dram Teatrlarında baş rejissor kimi çalışıb. 1981-ci ildən ömrünün sonuna qədər Gəncə Dövlət Dram Teatrında direktor, bədii rəhbər və quruluşçu rejissor vəzifələrində işləyib. Vaqif Şərifov rejissor olmaqla yanaşı, həmçinin bir çox gənclərə dəstək duraraq, onların yaradıcılığında mühüm rol oynayıb. Hazırda mərhum sənətkarın davamçıları ölkənin mədəniyyət sahəsində öz xidmətləri ilə sayılıb seçilən xadimlərdəndir”.   

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxışında,  Xalq artisti Vaqif Şərifovun vəfatını ölkə, ələxüssus da Gəncə mədəniyyəti üçün ağır itki olduğunu bildirib.  Vasif Cənnətov qeyd edib ki, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim qiymətləndirilib. Belə ki,  o, Xalq artisti adına,“Tərəqqi” medalına, “Qızıl Dərviş” mükafatına layiq görülməklə bərabər, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Çıxışının sonunda Vasif Cənnətov mərhumun ailə üzvlərinə və teatrın kollektivinə başsağılığı verib.

Vaqif Şərifonun sənət dostları, Xalq artistləri Alim Məmmədov,  Məmmədəli Balayev, həmçinin, mərhum rejissorun yetirmələrindən olan Əməkdar artistlər Elxan Yunis, Ramiz Vəliyev, teatrşünas-tənqidçi Anar Bürcəliyev və kollektiv üzvləri çıxışlarında Vaqif Şərifovu bir məktəb adlandırıblar. Hər biri sənətkarın Gəncə teatrına verdiyi töhvələrdən, ömür yolundan danışıblar və Xalq artistinin yoxlğunu Azərbaycan mədəniyyəti üçün itki hesab ediblər.

Vida mərasimindən sonra aktyorun cənazəsi sənətsevərlərin alqışları altında doğma teatrın səhnəsindən son mənzilə yola salınıb.  O,  Gəncənin Fəxri xiyabanında dəfn edilib.

Gənc rejissor Beynəlxalq Teatr Festivalında

Gənc rejissor Beynəlxalq Teatr Festivalında

Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Dram Teatrının gənc rejissoru Elşad Əhmədov təmsil olunur. Belə ki, 7-10 oktyabr tarixlərində İstanbulda “3-cü Maltəpə Beynəlxalq Teatr Festivalı” keçirilib. Bu barədə YAZTV məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib. Onun sözlərinə görə Festivalda Ukrayna, Rusiya, Özbəkistan, İspaniya, Cənubi Kipr və Türkiyə Cümhuriyyətinin müxtəlif dövlət və bələdiyyə teatrları iştirak ediblər. Anar Burcəliyev həmçinin bildirib ki, “Festival komitəsinin qərarına əsasən iştirak edən teatr qrupları Azərbaycan, Türkiyə, Serbiya, Ukrayna, Özbəkistan teatrlarından olan jüri tərəfindən 10 nominasiya - ən yaxşı tamaşa, ən yaxşı kişi aktyoru, ən yaxşı qadın aktrisası, ən yaxşı ikinci dərəcəli kişi aktyoru, ən yaxşı ikinci dərəcəli qadın aktrisası eləcə də Emin Olcay adına istedadlı və gənc aktyor, Hayat Olcay adına istedadlı və gənc aktrisa, ən yaxşı səhnə tərtibatı və ən yaxşı geyim üzrə mükafatlandırılmalar olub”.

Qeyd edək ki, “Festival proqramı çərçivəsində Serbiya Dövlət Teatrının bədii rəhbəri və direktoru İvana Nedeljikoviç “Tamaşa zamanı emosiyaların idarə edilməsi”, Gəncə Dövlət Dram Teatrının gənc rejissoru Elşad Əhmədov “Aktyor müşahidəsi və xarakter analizi”, Ukrayna Teatrının aktrisası Natalya Polovyanka “Söz və səs”, İspaniya-Qaliçya Dövlət Teatrının aktrisası isə “Səhnədə hərəkətin idarə olunması” adlı ustad dərslərini də keçmişlər.

Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi

Xalq artisti, rejissor, professor Ağakişi Kazımov dünyasını dəyişib.

YAZTV xəbər verir ki, o, 85 yaşında vəfat edib. 

Qeyd edək ki, Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. 1960-cı ildə o, Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib. 1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. Bundan başqa, Akademik Musiqili Teatrında, Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrında tamaşalar hazırlayıb. 

A. Kazımov Əməkdar artist Mehriban Abdullayevanın həyat yoldaşı idi.

Xalq artisti Vaqif Şərifov vəfat edib

Xalq artisti Vaqif Şərifov vəfat edib

Gəncə Dövlət Dram Teatrının görkəmli sənətkarlarından biri, rejissor, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Qızıl Dərviş" mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov ömrünün 78-ci ilində vəfat etmişdir. Bu barədə məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas Anar Burcəliyev verib.n

Oun sözlərinə görə, teatr rejissoru Vaqif Şərifov oktyabrın 5-i səhərə yaxın dünyasını dəyişib. 

Vaqif Şərifov 12 avqust 1943-cü ildə Qazax mahalında anadan olmuşdur. O, 1960-cı ildən Gəncə Dövlət Dram Teatrda əmək fəaliyyətinə başlamış, 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirmişdir. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə isə Gəncə Dövlət Dram Teatrda direktor və bədii rəhbər vəzifələrində çalışmışdır. Müxtəlif illərdə Nazim Hikmətin “Demoklsın qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Altay Məmmədovun “Dəli Domrul”, Anarın “Şəhərin yay günləri", Mirzə Fətəli Axundzadənin “Qanun dəllalı”, H.Mirəlimovun “Vicdanın hökmü”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Fəridə Əlyarbəylinin “Xan qızı” və s. pyeslərinə quruluşlar verməklə maraqlı rejissor tarktofkaları ilə realist rejissor məktəbinin yetirməsi olaraq səhnə məziyyətlərilə dolğun və rəngarəng özünün sənət məktəbini yarada bilmişdir. Bu müddət ərzində Vaqif Şərifov Azərbaycan teatrlarında 180-dən artıq pyeslərə səhnə həyatı bəxş etmişdir. O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. “Qanun dəllalı” tamaşasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür. 

 

 

Görkəmli sənətkarın səhnə fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilmişdir. Belə ki, 4 mart 1992-ci ildə Respublikanın Əməkdar İncəsənət xadimi, 13 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına həmçinin 25 iyun 2013-cü ildə “Tərəqqi” medalı ilə və 7 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 

Allah rəhmət eləsin!

Pikassonun tablosu 24,6 milyon dollara satıldı

Pikassonun tablosu 24,6 milyon dollara satıldı

Pablo Pikassonun “Femme accroupie” əsəri hərracda 24,6 milyon dollara satılıb.

YAZTV  xəbər verir ki, Honkonqda keçirilən hərracda tablo 1954-cü ildə çəkilib. (UNİKAL ORG)

Gəncədə “nizamiganjavi.az” saytının təqdimat mərasimi keçirilib

Gəncədə “nizamiganjavi.az” saytının təqdimat mərasimi keçirilib

Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr.Volfqanq Maniq, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər. 

Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilmişdir. Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə imzalanan bu Sərəncam dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi və təbliği üçün münbit şərait yaratmışdır. Nizami Gəncəvi irsinin təbliğinə Gəncə Şəhər İcra Hakimiyyəti də öz növbəsində töhvə vermiş, dahi şairin həyat və yaradıcılığı, habelə Nizami Gəncəvi haqqında tədqiqat və maraqlı məlumatların yer aldığı yeni sayt ərsəyə gətirilmişdir.  

Təqdimat mərasimində çıxış edən Almaniyanın ölkəmizdəki səfiri Dr.Volfqanq Maniq, dahi şairin 880 illik yubileyi çərçivəsində Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən “Nizami Gəncəvi Həftəsi” elan olunduğunu və bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib. Səfir “Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə təşkil olunan tədbirlərin iştirakçısı olmaqdan məmnunluq duyduğunu bildirib.

Daha sonra yeni istifadəyə verilən sayt qonaqlara təqdim olunub. Bildirilib ki, saytda Nizami Gəncəvi barədə məlumatların yerləşdirildiyi “Haqqında”, dahi şairin əsərlərinin yer aldığı “Xəmsə”, “Müdrik fikirlər”, habelə “Xəbərlər” və sair bölmələr mövcuddur. Saytda yer alan “Virtual tarix – 3600” bölməsi isə xüsusi diqqət çəkir. Bu hissə Nizami Gəncəvi Məqbərə Kompleksini, habelə Gəncənin tarixi abidələri, müasir binaları, müzey, park və xiyabanlarını “virtual” olaraq ziyarət etmək imkanı verir.  

Tədbirdə çıxış edən AMEA-nin Gəncən Regional Bölməsinin sədri, akademik Fuad Əliyev, Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusifli, “Gəncə İş Adamları” İctimai Birliyinin İdarə Heyətinin sədri, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Zəfər Məmmədov sayt haqqında öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, Gəncədə yaşayıb-yaratmasına baxmayaraq, Nizami Gəncəvinin “Xəmsə”si dünyada geniş şöhrət tapıb. “Nizamiganjavi.az” saytı dahi şairin yaradıcılığının təbliğ olunması və dünyada daha geniş tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Məlumat üçün bildirək  ki, “nizamiganjavi.az” saytı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gəncə İş Adamları” İctimai Birliyi və AMEA Gəncə Regional Bölməsinin dəstəyi ilə “Netqraf Group” tərəfindən hazırlanmışdır.

Previous Next

Gəncə Dövlət Dram Teatrının bir qrup əməkdaşı Fəxri fərmanla mükafatlandırılıb

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Gəncə Dövlət Dram Teatrının bir qrup əməkdaşını Fəxri fərmanla mükafatlandırıb.