Monday, 05 İyun 2023 10:01
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Nizami Gəncəvi yaradıcılığı haqqında beynəlxalq konfransa məqalə qəbulu davam edir

Nizami Gəncəvi yaradıcılığı haqqında beynəlxalq konfransa məqalə qəbulu davam edir

Xəzər Universiteti dekabrın 9-10-da dahi şair və mütəfəkkir Nizami Gəncəvi ilə bağlı beynəlxalq konfrans keçirəcək.

Universitetdən  bildirilib ki, arzu edən tədqiqatçılar “Nizami Gəncəvinin əsərlərinin digər dillərdə tərcümələri”, “Nizami yaradıcılığında dünya sivilizasiyaları”, “Nizami Gəncəvinin ədəbi irsində dünyanın tarixi və coğrafi kosmologiyası” mövzularında tezislərini təqdim edə bilərlər. Eyni zamanda, Nizami yaradıcılığına dair hər hansı mövzuda yazılan məqalələr təqdim oluna bilər.

Məqalələrin qəbulu noyabrın 15-dək davam edəcək. (AZƏRTAC)

Amaliya Pənahovanın xatirə barelyefinin açılışı olub

Amaliya Pənahovanın xatirə barelyefinin açılışı olub

Bu gün görkəmli teatr və kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahovanın (1945-2018) Bakı şəhərində yaşadığı binanın (Fikrət Əmirov küçəsi 1) fasadında barelyefinin açılış mərasimi keçirilib.

"YAZTV" xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, Yazıçılar Birliyinin sədri Anar, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri Azər Paşa Nemətov, xalq artistləri Həmidə Ömərova, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Rasim Balayev və aktrisanın digər həmkarları iştirak ediblər.

Sonra müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan barelyefin açılışını bildirən qırmızı lent kəsilib.

Qeyd edək ki, Xalq artisti Amaliya Pənahovanın barelyefi Nazirlər Kabinetinin 21 iyun 2019-cu il tarixli sərəncamına əsasən hazırlanıb. Sərəncamda sənətkarın yaşadığı binaya onun xatirə lövhəsinin vurulması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdı.

 

 

Gəncədə “Nizami və vətənpərvərlik” mövzusunda tədbir keçirilib

Gəncədə “Nizami və vətənpərvərlik” mövzusunda tədbir keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə filialının birgə təşkilatçılığı ilə  “Nizami və vətənpərvərlik” mövzusunda tədbir keçirilib. Tədbir Nizami Gəncəvi Muzeyinin qarşısında gerçəkləşib.

Əvvəlcə Nizami Gəncəvi Məqbərəsi ziyarət olunub,  məzarı üzərinə təzə-tər qərənfillər düzülüb. Sonra Nizami Gəncəvi Muzeyinə ekskursiya təşkil edilib.

Tədbirdə II Qarabağ Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan övladlarının əziz xatirəsinə ehtiram yad olunub.

Mərasimdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə şəhər “Maarif evi” İctimai Birliyinin sədri İmamverdi Vəliyev, Gəncə şəhər “Gənclər evinin” direktoru Amil Qurbanov, Gədəbəy rayon Təhsil İdarəsinin aparıcı məsləhətçisi Şahzadə Qəhrəmanlı və digərləri iştirak edib.

Vasif Cənnətov tədbir iştirakçılarını salamlayaraq, ölkə rəhbəri  İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu ilin “Nizami Gəncəvi ili” elan olunmasından, Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmrindən və Gəncə Regional Mədəniyyət İdarəsinin Tədbirlər planından danışıb. O bildirib ki, regional idarənin təşəbbüsü və təşkilatçılığı ilə Nizami Gəncəvi ili çərçivəsində bir çox silsilə tədbirlər canlı və ya onlayn şəkildə keçirilib. Eyni zamanda, Regional İdarənin tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhər, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarındakı mədəniyyət müəssisələrində də silsilə tədbirlərin davam etdiyini diqqətə çatdırıb. 
 
Milli Elmlər Akademiyasının Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Təhminə Bədəlova “Nizami yaradıcılığında vətənpərvərlik”  mövzusunda ətraflı çıxış edib. 

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Muğam” üçlüyünün ifasında (Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin səs-muğam sinfinin müəllimi, Filarmoniyanın solisti Xəyal Əliyev, tar ifaçısı Çoşğun Süleymanov, kamança ifaçısı Ayxan Məmişov) məşhur “Xudayar təsnifi” təqdim olunub. Həmçinin, məktəblilərin bir--birindən rəngarəng çıxışları tədbir iştirakılarına xoş anlar bəxş edib.  Gədəbəy şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nərmin İbrahimlinin sulu boya ilə çəkdiyi Nizami Gəncəvinin portreti isə böyük maraqla qarşılanıb.

“Nizami və vətənpərvərlik” mövzusunda keçirilən tədbir Gəncə Dövlət Filarmoniyasının Muğam üçlüyünün Nizami Gəncəviyə həsr etdiyi musiqi nömrəsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.
 

Mir Cəlal yaradıcılığı İspaniya ədəbiyyat portalında

Mir Cəlal yaradıcılığı İspaniya ədəbiyyat portalında

İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın ispan dilinə tərcümə edilmiş “İki ananın bir oğlu” hekayəsinə və ədibin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

Bu barədə YAZTV-yə Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib.

Əsərin ispan dilinə tərcümə müəllifi Rəhimə Məmmədovadır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənən “Trabalibros” müntəzəm olaraq səhifələrində Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsiya Lorka kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır. (AZƏRTAC)

Kino Günü ilə bağlı mükafatı onlar qazandı

Kino Günü ilə bağlı mükafatı onlar qazandı

Azərbaycan Kinematoqrafçılar İttifaqı Kino Günü ənənəvi mükafatının qaliblərini elan edib.

YAZTV” xəbər verir ki, İttifaqın katibliyinin qərarına əsasən, 2021-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar təltif olunublar:

Rejissor Emil Quliyev – “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə görə.

 

Ssenarist Nəriman Əbdülrəhmanlı – Azərbaycan kino səlnaməsinin yaradılmasında xidmətlərinə görə.

Rejissor Hilal Baydarov  “Səpələnmiş ölümlər arasında” filmində obrazların  poetik vizual həllində uğurlarına görə.

Qeyd edək ki,  mükafatı təsis etməkdə məqsəd milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir.

Şəmkirdə "Qələbəyə aparan yol - Polad Həşimov" adlı rəsm sərgisi keçirilib

Şəmkirdə "Qələbəyə aparan yol - Polad Həşimov" adlı rəsm sərgisi keçirilib

Şəmkir rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Qələbəyə aparan yol -Polad Həşimov" başlığı altında gənclər arasında rəsm sərgisi keçirilib.
 
Açıq hava şəraitində keçirilən sərgidə rəsmi qonaq qismində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Miraqil Cavadov iştirak edib.
 
Sərgidə Şəmkir rayonunun bir qrup istedadlı gəncləri öz əsərlərini  nümayiş etdiriblər.
 
Sonda iştiraçılara sertifikatlar təqdim olunub.
 
“Avrasiya Tiyatrolar Birliyi”nin I qurultayı öz işini başa vurub

“Avrasiya Tiyatrolar Birliyi”nin I qurultayı öz işini başa vurub

Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən “Avrasiya Tiyatrolar Birliyi”nin I qurultayıyekunlaşıb. Bu barədə YAZTV-yə məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib. 

Onun sözlərinə görə, İstanbulda  21 ölkənin iştirakı ilə keçirilən toplantı üç gün davam edib. “Avrasiya Tiyatrolar Birliyi”nin I qurultayında Azərbaycan təmsilçisi olaraq Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov iştirak edib.  O, bu toplantıya Mədəniyyət Nazirliyinin dəstəyi ilə göndərilib. Tanışlıq məqsədilə baş tutan ilk qurultay sonda 12 maddədən ibarət qərarın qəbul edilməsi ilə yekunlaşıb.

Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, qurultayda müazkirə edilən məsələlər əsasən ölkə nümayəndələri ilə tanışlıq məqsədi daşımaqla, teatr ənənələrinin inkişaf  mexanizmi  ətrafında geniş fikir mübadiləsi etmək və qarşılıqlı əlaqələrin qurulması mexanizmlərinin öyrənilməsilə yanaşı aktyor, rejissor  mübadiləsi, fərqli ölkələrdə aktyor, rəssam master  klaslarının təşkil olunmasını planlaşdırır.

Qeyd edək ki, növbəti toplantının Portuqaliya və İspaniyada keçiriləcək.
 

Gəncədə Qəmbər Hüseynlinin anım mərasimi keçirilib

Gəncədə Qəmbər Hüseynlinin anım mərasimi keçirilib

Gəncədə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin anım mərasimi keçirilib.
 
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, bəstəkarın ailə üzvləri və şəhər rəsmiləri iştirak ediblər. 

Əvvəlcə tədbir iştirakçıları dünya şöhrətli bəstəkarın məzarı üzərinə tər çiçəklər düzüblər. 

Niyazi Bayramov çıxış edərək Gəncənin milli mədəniyyət, elm, incəsənət mərkəzi olduğunu deyib və dahi bəstəkarın incəsənət sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Şəhər rəhbəri Qəmbər Hüseynlinin məzarının yerləşdiyi ərazinin yaxın gələcəkdə əsaslı şəkildə təmir olunacağını tədbir iştirakiçılarının diqqətinə çatdırıb.

Bəstəkarın ailə üzvləri, Qəmbər Hüseynlinin yaradıcılığına göstərdikləri xüsusi diqqətə görə ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər. Daha sonra onlar “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynli haqqında xatirələrini bölüşüblər. Onun həyat və yaradıcılığından danışıblar. 

Tədbirin bədii hisəsində Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Respublikanın Əməkdar artisi Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova bəstəkarın sevilən “Ay işığında” və “İlk məhəbbətim” əsərlərini səsləndiriblər. 

Qeyd edək ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə qədər "Cücələrim" kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Qəmbər Hüseynli 1961-ci il iyulun 31-də  dünyasını dəyişib.

Müslüm Maqomayev və Tofiq Quliyevin heykəlləri Bakının bu hissəsində qoyulacaq

Müslüm Maqomayev və Tofiq Quliyevin heykəlləri Bakının bu hissəsində qoyulacaq

Görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi Müslüm Maqomayevin və bəstəkar Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer müəyyənləşib.

Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib. Məlumata görə, “Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli 1927 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan Xalq rəssamı, akademik Ömər Eldarovun müəllifi olduğu heykəlin son tamamlama işləri aparılır və yaxın zamanda Bakı şəhərində Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucadılması nəzərdə tutulur.

“Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 may 2021-ci il tarixli 2654 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin isə paytaxtda, keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucadılması planlaşdırılır.

Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov Türkiyədə ölkəmizi təmsil edir

Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov Türkiyədə ölkəmizi təmsil edir

Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “Avrasiya Tiyatrolar Birliyi”nin I qurultayı öz işinə başlayıb. Bu barədə YAZTV-yə Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib. Onun sözlərinə görə 21 ölkənin iştirakı ilə keçirilən “Avrasiya Tiyatrolar Birliyi”nin I qurultayında Azərbaycan təmsilçisi olaraq Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov da var.

Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki; “Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov toplantıda Azərbaycan Respublikasını təmsil edir. 21 ölkənin iştirakı ilə keçirilən bu toplantıya aktyor Yusif Cəfərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə göndərilib. İlk qurultay ölkə nümayəndələri ilə tanışlıq məqsədi daşımaqla yanaşı teatr ənənələrinin inkişaf mexanizmi ətrafında geniş fikir mübadiləsi etmək və qarşılıqlı əlaqələrin qurulmasından ibarətdir” – deyə Anar Burcəliyev bildirib.

Flora Kərimovaya “Şərəf” ordeni və Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM

Flora Kərimovaya “Şərəf” ordeni və Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev F.Ə.Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Bu gün Flora Kərimovanın ad günüdür

Bu gün Flora Kərimovanın ad günüdür

Bu gün Azərbaycanın məşhur estrada, muğam və opera müğənisi, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Flora Kərimovanın ad günüdür.Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Əslən anası Zümrüd xanım Şuşalı, atası Ələkbər bəy isə qəbələlidir.

Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora xanım həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış etmişdir. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1964-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirmiş, həkim ixtisasına yiyələnmişdir. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirmişdir.

Yaradıcılığına nəzər saldıqda görürük ki, klassik opera, milli opera, xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı Sənətkar, Azərbaycan Estrada janrının üç banisindən biridir.

Azərbaycan Dövlət Opera və Balet Teatrında ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov) çıxış etmiş (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilmişdir.

Əsrarəngiz səs tembrinə sahibi olan Flora Kərimova bəşər tarixində dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn İma Sumac ) fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz etməklə yanaşı (Nümunə üçün Qız, oğlan və şir (film, 1974)-də vokaliz), hətta bu yüksək notlarda oxuya da bilir. Onun səsi 4 oktavanı bütövlükdə əhatə etməsi (Kontraalt, Mezzo-soprano, Soprano, Koloratur soprano) və bundan əlavə çox böyük səs çalarına malik olan sənətkarın muğam ifa etməsi onu ifacı kimi unikallığıdır.

Repertuarında Azərbaycan bəstəkarlarının əksəriyyətinin ( Tofiq Quliyev, Şəfiqə Axundova, Taleh Hacıyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Arif Məlikov, Tofiq Əhmədov (musiqiçi), Süleyman Ələsgərov (bəstəkar), Rauf Hacıyev, Oqtay Kazımov, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Elza İbrahimova, İbrahim Topçubaşov, Vasif Adıgözəlov, Mobil Babayev, Hacı Xanməmmədov, Ramiz Mirişli, Aydın Əzim Kərimoğlu, Xəyyam Mirzəzadə, Qəmbər Hüseynli, Tofiq Bakıxanov, Ramiz Mustafayev, Telman Hacıyev (bəstəkar), Ələkbər Tağıyev, İbrahim Mirzəzadə, Nəriman Əzimov, Nadir Əzimov, Nəriman Məmmədov (bəstəkar), Ağabacı Rzayeva, İsrail Kərimov, Eldar Mansurov, Elçin İmanov, Faiq Sücəddinov, Əli Səlimi, Siyavuş Kərimi, Tahir Əkbər, Ruhəngiz Qasımova, Cavanşir Quliyev, Sevda İbrahimova, Hökümə Nəcəfova, Sevda İbrahimova, Sevinc Qasımova, Ətiqə Ələkbərova, Adil Bəbirov, Nazim Qəmərlinski, Şəmsi Kərimov, Tamilla Məmmədzadə, Aygün Səmədzadə, Xanım İsmayılqızı, Göhər Həsəsnzadə və b.) mahnıları yer tutur

YAZTV saytının kollektivi adından böyük sənətkarı ürəkdən təbrik edib,uzun ömür can sağlığı arzu edirik.