Wednesday, 10 Avqust 2022 22:08
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Mədəniyyət nazirinə birinci müavini təyin olunub

Mədəniyyət nazirinə birinci müavini təyin olunub

Azərbaycanın mədəniyyət nazirinə birinci müavin təyin olunub.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, E.Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini almışdır.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışmışdır. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.

2020-ci il avqustun 12-dən mədəniyyət nazirinin müşaviri vəzifəsində işləyib.

Şuşada Vaqif Poeziya Günləri davam edir

Şuşada Vaqif Poeziya Günləri davam edir

Şuşada keçirilən Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı da zəngindir.

YAZTV xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtında bir araya gələn xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları olub, muğam ifaları səslənib, xalq və əməkdar artistlər “Nizamidən Vaqifə” adlı poetik kompozisiyanı təqdim ediblər.

Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür

Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür

Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırıb. Şair həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirib, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alıb. Onun poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, onun gələcəyinə olan nigarançılıq, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət gözəllikləri, tarixi şəxsiyyətləri barədə düşüncələr əsasdır, aparıcıdır. Fikrət Qocanın əsərləri oxucunu vətən və millət haqqında düşünməyə vadar edir. Şairin vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın təkrarsız gözəllikləri, yurdumuzun igid, qəhrəman övladları, tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunub.

YAZTV xəbər verir ki, bu gün Xalq şairi Fikrət Qocanın anadan olmasının 86-cı ildönümü tamam olur.

Fikrət Qoca 1935-ci il avqustun 25- də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Şair ədəbi yaradıcılığa kiçik yaşlarından meyil göstərib. O, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyində beynəlxalq əlaqələr üzrə məsul katib olub.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən, Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik,-qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapıb.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Şeirlərinə musiqilər bəstələnib ("Anacan, dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.). Onun mətni əsasında yazılan musiqi əsərləri tanınmış müğənnilərin repertuarına daxil edilib.

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan Komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını alıb, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Bu günə qədər şairin "Qağayı", "Hamıya borcluyam", "Stixi", "Dənizdə ay çiməndə", "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən səhifələr", "Mavi dünyanın adamları", "Taleyin ağır taleyi", "Seçilmiş əsərləri", "Eldən elə - dildən dilə", "Sükutun səsi" və s. kitabları oxucuların ixtiyarına verilib.

Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır. Fikrət Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.

Xalq şairi Fikrət Qoca 2021-ci il mayın 5-də, 85 yaşında vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Əməkdar mədəniyyət işçisi COVID-19-dan vəfat etdi

Əməkdar mədəniyyət işçisi COVID-19-dan vəfat etdi

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova koronavirusdan dünyasını dəyişib.

Bu barədə YAZTV-yə onun yaxınları bildirib. 

Məlumata görə, N. Sadıxova 57 yaşında vəfat edib.

 Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub. 1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, direktor müavini vəzifəsində çalışıb.

2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi ” fəxri adı ilə təltif edilib.

Əməkdar artist koronavirusdan vəfat etdi

Əməkdar artist koronavirusdan vəfat etdi

Dağıstanın Ləzginka Dövlət Akademik Rəqs Ansamblında orkestrə rəhbərlik edən Azərbaycanın və Rusiyanın Əməkdar artisti Mutay Xadulayev 81 yaşında dünyasını dəyişib.

YAZTV” xəbər verir ki, bu barədə Dağıstanın mədəniyyət naziri Zarema Butaeva məlumat verib. 

“Mutay Xadulayev koronavirusa yoluxdu və vəfat etdi. Elə bu yaxınlarda, may ayında 80 yaşı tamam olmuşdu”,- deyə nazir bildirib. 

Kinoteatr və tetrlarla bağlı Operativ Qərargahdan açıqlama

Kinoteatr və tetrlarla bağlı Operativ Qərargahdan açıqlama

Kinoteatr və tetrlarların fəaliyyətinin bərpa olunması ilə bağlı gələcəkdə epidemioloji vəziyyət nəzərə alınmaqla qərar verilə bilər.

YAZTV-nin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu sahələrdə uzun müddətdir ki, bağlı qalan sahələrdəndir. Əgər epidemioloji vəziyyət sabitləşərsə, bu sahələrində müəyyən qaydalar çərçivəsində bərpası müzakirə oluna bilər.

Şuşa Azərbaycanın mədəniyyətinin beşiyidir

Şuşa Azərbaycanın mədəniyyətinin beşiyidir

Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa şərqlilərə məxsus arxitekturası ilə fərqlənib. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.
 
2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkənin həyatında əlamətdar hadisə kimi qeyd olunmalıdır.
 
2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkəmizin həyatında əlamətdar hadisə kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açlış mərasimindəkı çıxışında bir çox mühüm hadisələrdən bəhs etmişdir.
 
Qeyd olunmuşdur ki, 39 il əvvəl Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada Vaqifin məqbərəsi açılmışdı. Erməni vadalizminin nəticəsində dağıdılmış məqbərə Heydər Əliyev Fondu tərəfindən qısa müddət ərzində bərpa olunmuşdur. Vaqif Poeziya Günləri də , "Xarıbülbül" festivalı da bərpa edildi.
 
Şuşanın bərpası bu il yanvarın 14-də başladı və qısa müddət ərzində böyük işlər görülmüşdür.Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.
 
Şuşada yeni beşulduzlu hotel inşa olunacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Mənfur düşmən “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu hotel inşa olunacaqdır. Yeni yaşayış kompleksinin təməli qoyuldu.
 
Göründüyü kimi, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Qarabağ öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın daha bir təntənəsinə çevrilib.
 
Sənan Səmədov,
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Təşkilat sektorunun baş məsləhətçisi

Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu

Avqustun 29-da Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub.

YAZTV” xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Bu gün Müslüm Maqomayevin doğum günüdür

Bu gün Müslüm Maqomayevin doğum günüdür

Hər il avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılır.

YAZTV xəbər verir ki, bu gün Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 79-cu ildönümü tamam olur.

On dörd yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" sərlövhəli məqalə dərc edib.

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçib.

Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb.

Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, fəlsəfi yüksəkliyə qaldırdı.

Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya, öz dünyasını yaradırdı.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsil sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.

Onun yoxluğunun acısını daha çox hiss edən sənətkarın ömür-gün yoldaşı, SSRİ xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir: "Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcəkdir".

Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən ölməz Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu sevənlərin sayı heç zaman azalmayacaq.

Tamilla Ağamirova vəfat etdi

Tamilla Ağamirova vəfat etdi

Azərbaycanın Əməkdar artisti, RSFSR-in Xalq artisti Tamilla Ağamirova dünyasını dəyişib.

YAZTV” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Bildirilir ki, o, 93 yaşında vəfat edib.

Qeyd edək ki, Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. 1951-ci ildə Bakı Teatr İnstitutunu bitirib. Bunun ardından isə 1952-ci ildə “Romen” teatrına gələrək baş rollar ifa etməyə başlayıb. T. Ağamirova “Don Kixot”, “Onun böyük ürəyi”, “Əsl dost”, “Mateo Falkone” və s. filmlərdə canlandırdığı obrazlar və “Romen” teatrında oynadığı onlarla roluna görə tamaşaçıların sevgisini qazanıb. (qafqazinfo az)
Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlərlə tanışlıq

Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlərlə tanışlıq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar.

YAZTV” xəbər verir ki, dövlət başçısına və birinci xanıma burada görüləcək işlər barədə məlumat verilib.
Nizami Gəncəvi yaradıcılığı haqqında beynəlxalq konfransa məqalə qəbulu davam edir

Nizami Gəncəvi yaradıcılığı haqqında beynəlxalq konfransa məqalə qəbulu davam edir

Xəzər Universiteti dekabrın 9-10-da dahi şair və mütəfəkkir Nizami Gəncəvi ilə bağlı beynəlxalq konfrans keçirəcək.

Universitetdən  bildirilib ki, arzu edən tədqiqatçılar “Nizami Gəncəvinin əsərlərinin digər dillərdə tərcümələri”, “Nizami yaradıcılığında dünya sivilizasiyaları”, “Nizami Gəncəvinin ədəbi irsində dünyanın tarixi və coğrafi kosmologiyası” mövzularında tezislərini təqdim edə bilərlər. Eyni zamanda, Nizami yaradıcılığına dair hər hansı mövzuda yazılan məqalələr təqdim oluna bilər.

Məqalələrin qəbulu noyabrın 15-dək davam edəcək. (AZƏRTAC)