Qədim Ordubadın, qədim adəti. " Orucun 15-i"

Qədim Ordubadın, qədim adəti. " Orucun 15-i"

Azərbaycan qədim tarixi, gözəl və bir-birindən maraqlı adət-ənənələri ilə bütün dünya mədəniyyətləri arasında seçilir. Azərbaycanın bölgələrinin spesifik adətləri də vardır ki, bu adətlərdən biri də qədim və ecazkar tarixi, qonaqpərvərliyi, səmimi insanları, gözəl təbiəti ilə seçilən Ordubad rayonunun ən çox sevilən bayramlarından biri olan “Orucun 15-i” dir.

YAZTV xəbər verir ki, bu bayram Ordubad şəhərinin özündə və bəzi kəndlərində qeyd edilir. Razamazan ayının 14-cü günü uşaqlar əllərində torbalar, ev-ev gəzərək musiqili şeirlər deir, ev yiyəsini səsləyərək bayrampayı istəyir. Ev yiyəsi də əvvəlcədən alıb hazır saxladığı şirniyyatlardan gələn uşaqlara verir.

Bu şeirlər Ordubad şəhərində və kəndlərində nisbətən fərqli olsa da ümumi məna eyni olur. Məsələn bəzi kəndlərdə belədir:

Orucun 15-ində gəldik sizə,
Süfrənizin niyazını verin bizə,
Bağçazda bir gül olsun,
Açılsın sünbül olsun,
Oğlu-qızız var olsun,
Ya bir savab, ya bir cavab.

Və yaxud:

Orucun 15-dir,
Orucun 15-dir, gəldik sizə,
Orucun niyazını verin bizə.
Xanım, ayağa dursana,
Boşqabı doldursana.
Rəbbi gəlir, rübbü gəlir,
Boşqabı doldurub gəir.

Bu ev-ev gəzmələr günün səhər saatlarında başlayır. Bu saatlarda əsasən azyaşlı uşaqlar “Orucun 15-i” nə gedir, axşam olduqca artıq yeniyetmələr və gəncləri görürük yollarda. Bəzən musiqi sədaları altında rəqslər edilir, bəzən ev yiyəsi gələn qonaqları çay süfrəsinə dəvət edir.
Saat daha da irəlilədikcə artıq hamı evlərinə çəkilir, Ordubadın o əvəzolunmaz sükutu duyulur küçələrdə.
Bu bayramın tarixi uzun illərə dayanır. Konkret yazılı mənbələr olmasa da, müxtəlif fərziyyələrlə bu adətin tarixi izah edilir ki, ən çox qəbul edilən versiyalardan biri keçmiş dövrlərdə kasıb ailələrin oruc tutmaq üçün azuqələrinin azalması səbəbiylə onlar özləri utandıqları üçün uşaqlarını quru meyvələr, bəzi qidaları istəmək üçün nisbətən daha imkanlı insanların evlərinə göndərərdilər. Ordubad camaatının səxavətli və əliaçıq olmaları elə o vaxtdan görünürdü ki, onlar qapılarına gələn heç bir kəsi əliboş qaytarmırdılar. Zamanla bu adət ümumiləşir və bir bayram halı alır. Bu gün isə maddi vəziyyətindən asılı olmayaraq bütün ailələrin uşaqları evləri gəzir, gedilən hər bir ev isə gələnlərə bayrampayından verir.

Bütün Azərbaycan xalqı ilə neçə belə gözəl bayramları qarşılamaq ümidi ilə. Sağolun, salamat qalın.

Yeni Azərbaycan Televizyası