Kitabxanalar “Ulu Öndər xatirələrdə” adlı videoçarx hazırlayıb

Kitabxanalar “Ulu Öndər xatirələrdə” adlı videoçarx hazırlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Ucar rayon Mərkəzi Kitabxanası ilə birgə layihə əsasında Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ulu Öndər xatirələrdə” adlı videoçarx hazırlayıb.

İdarədən YAZTV-ə bildirilib ki, “Heydər Əliyev – milli sərvətimizdir” sözləri videoçarxın şüarıdır.

Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Videoçarxda qeyd olunur ki, ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Burada Ümummilli Liderin keçdiyi həyat yolu qısa şəkildə işıqlandırılır.

Daha sonra vurğulanır ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan edib. Həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Ulu öndərin bizə qoyduğu bu irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülüb, nailiyyətlər əldə edilib. Ölməz öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə də ölkəmizin inkişafı üçün başlıca mənbə rolunu oynayacaq.

Videoçarxda Ulu Öndərin məşhur sözləri, nitqlərindən fraqmentlər, maraqlı və tarixi fotoşəkillər, onun haqqında yazılan bir neçə kitabın fotoşəkilləri də əks olunub. (AZRTAC)

Videoçarxı “YouTube” səhifəsindən izləmək olar.