Mədəniyyət işçilərinin peşə bilikləri müzakirə edildi

Mədəniyyət işçilərinin peşə bilikləri müzakirə edildi

Ölkəmizdə yaranmış mövcud vəziyyət, habelə sosial izolyasiya və karantin şərtlərinə riayət olunması səbəbindən müəssisələrin fəaliyyətində rəqəmsal texnologiyaların aktuallaşmasını nəzərə alaraq, mədəniyyət işçilərində yeni peşə səriştələrinin formalaşması məsələləri müzakirə edilib. Mayın 6-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan növbəti təlim də məhz ixtisasartırma kursların gələcək formatına həsr olunub.

Mərkəzdən YAZTV-ə bildirilib ki, vebinarda qurumun əməkdaşları ilə yanaşı, vebinarda müxtəlif regionlarda çalışan mədəniyyət işçiləri də iştirak ediblər. Vebinarda Ağcabədi Regional Mədəniyyət İdarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Şəki Mədəniyyət İdarəsi, habelə Şəmkir Mədəniyyət idarələrinin nümayəndələri fərqli məruzələr ilə çıxış ediblər.

İştirakçılar elektron formada ixtisasartırma təlimlərinin gələcək perspektivləri, hansı formatda davam etdirilməsi, onlayn dərslərin keçirilməsi haqqında fikir mübadiləsi də aparıblar. Əməkdaşlarda yeni peşə keyfiyyətlərinin formalaşması, xüsusilə də mədəniyyət müəssisələrinin sosial aktuallığının qorunması məqsədilə gələcəkdə informasiya texnologiyaları, PR, kreativ səriştələr, onlayn tədbirlərin xüsusiyyətləri, müasir mədəniyyət siyasətinin prioritetləri və s. bu kimi mövzulara həsr olunmuş mühazirələrə böyük tələbat olduğu iştirakçılar tərəfindən bildirilib.

Tədbirin sonunda Mərkəzin direktoru Asif Usubəliyev nazirlik tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verərək mövcud vəziyyətdə regionlarda çalışan əməkdaşların şəxsi təşəbbüslərinin əhəmiyyətini bildirib. Daha sonra mərkəz tərəfindən gələcəkdə reallaşması nəzərdə tutulan ixtisasartırma kursları haqqında müzakirələr aparılıb.