Kamil Əliyevin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Kamil Əliyevin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev görkəmli xalçaçı-rəssam Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Qeyd edək ki, Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib. Kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən çeşnilər əsasında toxunmuş xalçalarının başlıca səciyyəvi cəhətləridir. Onun qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fondunun qiymətli nümunələrindəndir. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr verib.