Gəncə Dövlət Filarmoniyasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş maraqlı konsert proqramı keçilirib

Gəncə Dövlət Filarmoniyasında  Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş maraqlı konsert proqramı keçilirib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri orkestri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş maraqlı konsert proqramı təqdim edib.

Gəncə Dölət Filarmoniyasında keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, AMEA-nın Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, ictimaiyyət nümayəndələri və şəhər ziyalıları iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Respublikanın Əməkdar artisti, dirijor Elçin Elçiyevin bədii rəhbərliyi ilə Xalq Çalğı Alətləri orkestri maraqlı konsert proqramın təqdim edib.

Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operettasından bir parça, Xalq artisti Sevinc İbrahimovanın ifasında “Gülüm”, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın ifasında “Sevgili canan”, “Gəncəm”, Əməkdar artist Kəmalə Tağızadənin ifasında “Anam Azərbaycan”, Filarmoniyanın solisti Günel Hacıyevanın ifasında “Arşın mal alan” operettasından Gülcöhrənin ariyası, “Ölkəm” , solist Rüstəm Cəfərovun ifasında “Vətən nəğməsi”, solist Xəyal Əliyevin ifasında “Xudayar təsnifi” təqdim edilib. Konsertdə o cümlədən, “Gəncəm” triosunun təqdimatında Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, bəstəkar Svetlana Zelmixan qızının Nizami Gəncəvinin “Görünür” qəzəlinə yazdığı mahnısı səsləndirilib.

Konsert Filarmoniyanın baletmeysteri Sənan Cavadovun rəhbəri olduğu “Xəmsə” uşaq rəqs ansamblının “İgidlər” və “Naz eləmə” rəqsləri ilə davam edib.

Qeyd edək ki, “Nizami ili” çərçivəsində keçirilən silsilə tədbirlər davam edəcəkdir.