“Millətəm” pyesinin müəllifi, qazi Həsən Cəfərov: “Mən hər cümləmdə ölüb dirildim”

“Millətəm” pyesinin müəllifi, qazi Həsən Cəfərov: “Mən hər cümləmdə ölüb dirildim”

Gəncə Dövlət Dram Teatrının kollektivi tərəfindən “ŞUŞA, SƏN AZADSAN!” adlı əbədi-bədii kompozisiya hazırlanıb. Həsən Cəfərovun “Millətəm”  pyesi əsasında hazırlanan kompozisiyanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissoru isə Elşad Əhmədovdur. 

Əli Qasımov: “Əli Qasımov: “Bildiyiniz kimi, 27 Sentyabr-Anım Günündə hazırladığımız “ŞUŞA, SƏN AZADSAN!” adlı ədəbi-bədii kompozisiya çox böyük rezonans doğurdu. "Millətəm" pyesinin müəllifi Həsən Cəfərov Gəncə Dövlət Dram Teatrının aktyoru olmaqla yanaşı, Vətən müharibəsi iştirakçısıdır. Qazi Həsən Cəfərov qələmə aldığı bu pyesdə müharibə zamanı döyüş yoldaşlarının hünərini, şəhid qardaşlarının şücayətini əks etdirib. Hazırda, pyesin əsasında tamaşa da hazırlanır. Səhnə əsəri 8 Noyabr-Zəfər Günü ərəfəsində teatrsevərlərin ixtiyarına veriləcəkdir. Məlumat üçün bildirim ki, bu qazi Həsən Cəfərovun səhnələşdirilən ilk əsəri deyil. Bundan əvvəl onun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dirçəliş” pyesi də tamaşaya qoyulub”.

Qazi Həsən Cəfərov: “Mən bu pyesi yazmağı müharibə zamanı çox düşünürdüm. Dəfələrlə özümə deyirdim ki, əgər bu cəng meydanından salamat qurtulsam mütləq pyesi qələmə alacam. Burada yaşadıqlarımı və gördüklərimi mütləq kağız üzərində cilvələndirəcəm. Müharibədə yaralandıqdan sonra mənəvi və fiziki tərəfdən çox əziyyət çəkdirdim. Özümdə “Millətəm” pyesini yazmağa cürət toplaya bilmirdim. Bir neçə ay əlimə qələm alıb cəhd etmək istəsəm belə, alınmırdı. Avqustun əvvəllərində teatrın rəhbəri, çox hörmətli Əli Qasımov, atam, Gəncə Dövlət Dram teatrının aktyoru Yusif Cəfərov və teatrın rejissoru Elşad Əhmədov mənimlə söhbət apararaq silahı qələmlə əvəzləməyimi xahiş etdilər. Onların mənəvi dəstəyi nəticəsində qərara gəldim ki, artıq zaman yetişib. Deyim ki, asan oldu? Xeyir... Məmməd Arazın bir deyimi var,“Ölə-ölə yazmıram, yaza-yaza ölürəm”. Həqiqətən də, mən hər cümləmdə ölüb dirildim.


Personajların demək olar ki, hamısı müharibədə iştirak edən şəhid və qazi olan hərbçilərimizdir. Bir neçə obraz var ki, onlar hazırda xidmətlərini davam etdirirlər və çox şükürlər olsun ki, sağ- salamatdılar.


Pyesin ərsəyə gəlməsində xalqımızın 44 gündə göstərdiyi birliyin də təsiri oldu. Mənim zənnimcə bütün Azərbaycan xalqı Vətən müharibəsi iştirakçısıdır və hamısı da qəhrəmandır.Çünki bu müharibədə hər kəs, Müzəffər Ali Baş Komandanın ətrafında birləşərək düşmənə meydan oxudu. Hamı əlindən gələni etdi. Bu Qələbə asan əldə olunmadı. Şəhidlərimizin qanı, qazilərimizin canı, xalqımızın həmrəyliyi və Ali Baş Komandanımızın qətiyyəti ilə biz Zəfər çaldıq. Bu yolda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzulayıram”.

Xatırladaq ki, “Millətəm” adlı tamaşada əsas rollar Əməkdar artist Elxan Yunisə,  aktyorlar Emil Salmanova, Ruslan Hüseynova, Vasif İsmayılova, Həsən Cəfərova, Hüseyn Cəfərova, Şahmar Məmmədova və Elmir Məmmədova məxsusdur.