Bir əsrlik tarixə malik olan qədim teatr - Gəncə Dövlət Dram Teatrı

Bir əsrlik tarixə malik olan qədim teatr - Gəncə Dövlət Dram Teatrı

Bu gün 18 may 2021-ci ildə 126 illik tarixi yol keçmiş sənət ocağının Dövlət Statuslu Teatr kimi fəaliyyətə başlamağınıň 100 ili tamam olur.

1895-ci ildə Gəncədə həvəskar teatr truppaları fəaliyyət göstərməyə başlayırlar. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına verilmişdir. 1906-cı ildə isə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" teatr truppası yaradılmışdır. Sonradan 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"-i tələbələrinin ilk dram truppası da yaradılır. Bu truppada gələcəkdə teatr tarixində vacib rol oynayacaq Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstərmişlər.

Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə Bakıda yaranmışdır. Elə həmin ilin may ayının 18-də Bakı Xalq Komissarlar sovetinin qərarı ilə dövlət statusu almışdır. Əvvəlcə "Tənqid-təbliğ" teatrı adı ilə, daha sonra isə "Bakı-işçi-kəndli" adı altında fəaliyyətə başlayan teatr, 1932-ci ilin dekabr ayında Gəncəyə, alman sahibkarı Xristofor Förer tərəfindən inşa edilən binaya köçürülmüşdür.

Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədiri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçür və öz fəaliyyətlərini burada davam etdirirlər.

1990-cı ildən teatr Gəncə Dövlət Dram Teatrı adı ilə fəaliyyətə başlamışdır. Sonradan Gəncə Dövlət Nizami Poeziya Teatrı ilə birləşdirilmişdir.

Qeyd edək ki, 24 iyul 2014-cü ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisinə başlanıb. Yeni bina üçün Gəncə çayının sağ sahilində 2 hektar torpaq sahəsi ayrılıb. Hazırda binanın inşası yekunlaşmaq üzrədir.

Bildirək ki, qədim teatrın fəaliyyəti bu gündə göz önündədir. Mövcud pandemiya şəraitində belə teatr bir gün də olsun tamaşaçılarını tək buraxmamışdır. Gəncə Dövlət Dram Teatrı hər həftə repertuarına uyğun olaraq onlayn tamaşalar nümayiş etdirir, hətta festivallara belə qatılmışdır. Bu isə ölkəmizdə qədim sənət ocağına olan sonsuz məhəbbətin bariz nümunəsidir.

YAZTV  adından 1 əsrlik tarixə malik olan doğma teatrın rəhbərliyini və kollektvini səmimi qəlbdən təbrik edir və bol-bol tamaşaçı alqışı arzulayırıq.