Monday, 29 May 2023 06:35
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bahar Gənclik Festivalı keçirilib

Bahar Gənclik Festivalı keçirilib

Coca-Cola Azərbaycanın dəstəyi, ADA Universiteti Fondunun əməkdaşlığı ilə növbəti Bahar Gənclik festivalı keçirilib.

Martın 15-də ADA Universitetinin bağında keçirilən Festival canlı musiqi, rəngarəng çıxışlar və bayram tədbirləri ilə yadda qalıb. Festival çərçivəsində təşkil edilən sərgidə milli geyimlər, müxtəlif xalça məktəblərinin nümunələri, bayram mətbəxinin şirniyyatları, Xına rəsmləri, Kosa-Keçəl tamaşaları nümayiş etdirilib. Festivalın ən maraqlı məqamı isə bayram Tonqalının yandırılması olub.

Yerli və xarici tələbələrin, ADA məktəblilərinin, universitetin müəllim və işçi heyətinin, həmçinin tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda Novruz dəyərlərindən danışılıb, müxtəlif bayram adət-ənələri yerinə yetirilib.

Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev Novruz bayramına hər il xüsusi diqqət ayırdıqlarını bildirib:

"Coca-Cola hər il Novruz bayramına xüsusi önəm verir. Bayram ərəfəsində müxtəlif kampaniylar həyata keçirir, tədbirlərə dəstək oluruq. Çox şadıq ki, artıq 9-cu ildir ADA Universiteti ilə birlikdə keçirdiyimiz Bahar Gənclik Festivalı artıq Novruz ənənəsinə çevrilməyi bacarıb. Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirik".

Festivala müğənni Röyanın və DJ Chinanın çıxışı əlavə rəng qatıb.

Festivalda bayram şənliyi ilə yanaşı, Coca-Cola şirkətinin “Tullantısız Dünya” ekoloji proqramı çərçivəsində Azərbaycanda görülən işlər barədə də məlumatlar verilib. Təbiətin oyanışını simvolizə edən bu bayramda ətraf mühitin qorunmasının vacibliyi qonaqların diqqətinə çatdırılıb.

Qeyd edək ki, Coca-Cola 2030-cu ilə qədər qablaşdırmalarını 100% təkrar emal etmək və plastik qablaşdırmalarında ən azı 50% təkrar emal edilmiş materialdan istifadə etmək öhdəliyi götürüb. Buna görə də şirkət fəaliyyət göstərdiyi ölkələrdə "Tullantısız Dünya" proqramını başladıb.

Azərbaycan Televiziyasının yaranmasından 67 il ötür

Azərbaycan Televiziyasının yaranmasından 67 il ötür

“Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib.

YAZTV xəbər verir ki, Şərqdə ilk televiziyanın ölkəmizdə fəaliyyətə başlamasından ötən 67 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib.

1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.

Teleradionun uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran Ulu Öndər onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan Teleradiosu bu gün də xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir. Artıq onun hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya azərbaycanlıları deyil, dünya ölkələri, dünya tamaşaçısıdır.

Televiziyanın efirində ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.

Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Ölkə başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.

Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var.

2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.

2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.

Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.

Son illər Teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət müasirliyi özündə ehtiva edən, 3 peyklə dünyaya yayımlanaraq yüksək “əyarlı” peşəkar telekanala çevrilərək, ən son texniki standartlara tam uyğunlaşıb.

Gəncə Dövlət Kukla Teatrında “Dərdlərimin çamadanı" adlı mono tamaşa nümayiş olunub

Gəncə Dövlət Kukla Teatrında “Dərdlərimin çamadanı" adlı mono tamaşa nümayiş olunub

16 dekabr 2022-ci il tarixində Gəncə Dövlət Kukla Teatrında 2022-ci il "Şuşa İli" çərçivəsində teatr tərəfindən hazırlanmış “Dərdlərimin çamadanı" adlı mono tamaşaya ictimai baxış keçirildi.
Tamaşada Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Filarmoniyasınin direktoru Rəşad Yusibov, Dövlət İmtahan Mərkəzinin Gəncə Regional bölməsinin rəhbəri Nəsimi Məmmədov, Qərb bölgəsi üzrə teatrşünas – tənqidçi Anar Bürcəliyev, şəhid ailələri və şəhər ictimaiyyəti iştirak etmişlər.

Müəllifi Hafiz Ataxanlı, quruluşçu rejissoru, Respublikanın Əməkdar artisti Fərmail Paşayev, quruluşçu rəssamı Məhəmməd Hacıyev, musiqi tərtibatçısı Şamil Məmmədli olan tamaşada əsas rolun ifaçısı Zülfiyyə Əliyeva idi.

Tamaşa vaxtı ilə Şuşadan məcburi köçkün olmuş 12 yaşlı qızın həyat hekayəsindən bəhs edir. Beş nəfərlik xoşbəxt ailədən yalnız o sağ qalır. Doğmalarını itirən qız onların əşyalarını xatirə olaraq çamadana toplayır və illər uzunu özü ilə gəzdirir. Ən böyük təsəllisi çamadanda gəzdirdiyi əşyalardır.

Qeyd edək ki, 2022-ci il 25-30 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Teatro.az saytının təşkilatçılığı ilə təşkil olunan II 4.4 Qısa Tamaşalar Festivalında “Dərdlərimin çamadanı” mono tamaşasındakı ifasına görə aktrisa Zülfiyyə Əliyeva “Münsiflərin Rəğbəti” mükafatına layiq görülmüşdür.

Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Kollektivə minnətdarlığını bildirmiş və 2022-ci ildə Mədəniyyət idarəsi ilə sıx əməkdaşlıq etdiyinə görə Gəncə Dövlət Kukla Teatrına Təşəkkürnamə təqdim etmişdir.

“Kod adı V.X.A” tamaşası yenidən nümayiş olunacaq

“Kod adı V.X.A” tamaşası yenidən nümayiş olunacaq

Fevralın 25-də və 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən YAZTV-ə verilən məlumata görə, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

Qeyd edək ki, Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

Ölkəmizin turizm potensialı Hindistanda beynəlxalq sərgidə təbliğ olunur

Ölkəmizin turizm potensialı Hindistanda beynəlxalq sərgidə təbliğ olunur

Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən "OTM Mumbai 2023” səyahət sərgisində milli stendlə təmsil olunur.

Dövlət Turizm Agentliyindən YAZTV-ə bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC də daxil olmaqla ümumilikdə 14 yerli turizm sənayesi nümayəndəsinin iştirak etdiyi sərgidə milli stendimizə və təbliğ edilən turizm məhsullarına xüsusi maraq müşahidə edilir.

Sərgi çərçivəsində Hindistandan olan tərəfdaşlarla gələcək əməkdaşlığa dair müzakirələr aparılır, media nümayəndələri ilə görüşlər keçirilir.

Tədbir zamanı Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov “Postpandemiya dövründə turizm sənayesinin üzləşdiyi çətinliklər və yeni imkanlar” mövzusunda təşkil olunan paneldə spiker qismində çıxış edib.

Fevralın 4-dək davam edəcək beynəlxalq sərgidə dünyanın 55-dən çox ölkəsindən, eyni zamanda Hindistanın müxtəlif şəhərlərindən mindən çox turizm sənayesi nümayəndəsi, 25 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 60731 nəfər təşkil edib. Hindistan həmin ildə Azərbaycana ən çox ziyarətçinin səfər etdiyi ölkələr sırasında 6-cı yerdə qərarlaşıb.

Azərbaycan bəstəkarı Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Azərbaycan bəstəkarı Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş Musiqi Festivalı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib.

Konsertdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin baş məsləhətçisi Turan Məmmədəliyeva, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Rauf Hacıyevin ailə üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Konserti Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri (bədii rəhbər və baş dirijor Respublikanın Xalq artisti Rafael Bayramov) və "Xəmsə" estrada qrupu (bədii rəhbər Şəhriyar Tağıyev) təqdim etmişlər.

Konsert proqrqmı tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

 
"Muğam axşamları" layihəsinin növbəti konserti

"Muğam axşamları" layihəsinin növbəti konserti

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsinin növbəti konserti təşkil olunub.

YAZTV xəbər verir ki, musiqi gecəsində “Bayatı Qacar” və “Şüştər” muğamlarını BMM-in solistləri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Rəvanə Qurbanova, Nisbət Sədrayeva və Məmməd Nəcəfov təqdim ediblər.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.

“Kinokonsert” multimedia şousu

“Kinokonsert” multimedia şousu

Fevralın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yerləşən Opera Studiyasında "Kinokonsert" adlı multimedia şousu təqdim olunacaq.

BMA-nın mətbuat xidmətindən YAZTV-ə verilən məlumata görə, “Avanqard” Kamera Orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş konsert proqramında yüksək bədii zövqlə yeni aranjeman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərləri səsləndiriləcək.

Qeyd edək ki, orta və yaşlı nəslin nümayəndələri səsləndirilən nostalji musiqi nömrələrinin sayəsində gənclik illərini, yaşadıqları anları xoş xatirələr kimi yada salmaq imkanına sahib olacaqlar.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

İstanbulda keçirilən 4.Maltepe Beynəlxalq Teatr festivalı yekunlaşıb

İstanbulda keçirilən 4.Maltepe Beynəlxalq Teatr festivalı yekunlaşıb

Avrasiya Teatrlar Birliyinin xətti ilə İstanbulda keçirilən 4.Maltepe Beynəlxalq Teatr festivalının bağlanış mərasimi keçirilib. Türkiyənin tanınmış iş adamlarının və rəsmi şəxslərin iştirak etdiyi festivalda 11 ölkədən 165 iştirakçıya "Ən yaxşı kişi oyunçu", "Ən yaxşı qadın oyunçu", "Ən yaxşı geyim" və s. üzrə mükafatlar təqdim olunub.
 
Qeyd edək ki, festivalda ölkəmizi Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı və Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi, teatrın aktyoru Yusif Cəfərov təmsil ediblər.
 
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.

YAZTV xəbər verir ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.

Son illər ölkəmizdə də bu gün bir sıra tədbirlərlə qeyd edilir.

Qırğızıstanda fonoqram oxumaq qadağan olundu

Qırğızıstanda fonoqram oxumaq qadağan olundu

Qırğızıstanda müğənnilərə fonoqram oxumaq qadağan edilib.

YAZTV xəbər verir ki, bununla bağlı Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov əmr imzalayıb.

2023-cü il yanvarın 1-dən qüvvəyə minən əmrə əsasən, Qırğızıstanda artistlərə kütləvi tədbirlərdə və bütün dövlət mədəni-maarif müəssisələrində fonoqram altında çıxış etmək qadağan olunur.

Fonoqramla bağlı qadağa teatrlarda, filarmoniya və konsert zallarında, kinoteatr, klub, muzey və kitabxanalarda, eləcə də idman müəssisələrində keçirilən tədbirlərə də şamil edilir.

Avrasiya Teatrlar Birliyi beynəlxaq festival çərçivəsində fəaliyyətini davam edir

Avrasiya Teatrlar Birliyi beynəlxaq festival çərçivəsində fəaliyyətini davam edir

Avrasiya Teatrlar Birliyinin xətti ilə İstanbulda keçirilən beynəlxalq teatr festivalında Avrasiya Teatrlar Birliyi öz işinə başlayıb. Bu gün festival çərçivəsində Birliyin ilk toplantısı keçirilibş. Toplantıda əsasən, növbəti teatr festivallarının hansı ölkələrdə keçiriləcəyini, festivalların məqsədi və digər məsələləri müzakirə olunub. Birliyin işi cari ilin 9 oktyabr tarixində yekunlaşdıraraq.

Xatirladaq ki, Avrasiya Teatrlar Birliyində ölkəmizi Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov təmsil edir.