Saturday, 03 Dekabr 2022 20:10
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Real Madrid" futbolçusunu icarəyə verib

"Real Madrid" futbolçusunu icarəyə verib

İspaniyanın "Real Madrid" klubu futbolçusu Antonio Blankonu icarəyə verib.

YAZTV Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi cari mövsüm "Kadis"də çıxış edəcək.

İspaniyalı oyunçunun icarə müddəti 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Antonio Blanko "Real Madrid"in yetirməsidir.

Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub

Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Qadjiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

YAZTV-nin məlumatına görə, 74 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Ryunosuke Kamiya ilə üz-üzə gəlib.

Rəqibini "tuşe" ilə məğlub edən Qadjıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal əldə edib.

FIFA Braziliya - Argentina oyunu ilə bağlı qərarını ləğv edib

FIFA Braziliya - Argentina oyunu ilə bağlı qərarını ləğv edib

FIFA Braziliya və Argentina yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu ilə bağlı əvvəlki qərarını ləğv edib.

YAZTV Argentina Futbol Federasiyasının (AFF) rəsmi saytına istinadən məlumatına görə, yarımçıq dayandırılmış görüş yenidən keçirilməyəcək.

Həmçinin, AFF 150 min İsveçrə frankı məbləğində cərimələnib. Məbləğin bir hissəsi koronavirus pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına köçürüləcək.

Qeyd edək ki, Braziliya - Argentina oyunu start fitindən cəmi 4 dəqiqə sonra dayandırılıb və qonaqlar meydanı tərk ediblər. Bu, meydana yerli polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra olub. Onlar Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar.

Mauro İkardi "Qalatasaray"la danışıq aparmaq üçün İstanbula gedib

Mauro İkardi "Qalatasaray"la danışıq aparmaq üçün İstanbula gedib

Fransanın PSJ klubunun və Argentina millisinin futbolçusu Mauro İkardi karyerasını Türkiyədə davam etdirə bilər.

YAZTV-nin məlumatına görə, bu barədə "Haber Global"ın jurnalisti Bərk Göl şəxsi tviter hesabından paylaşım edib.

29 yaşlı hücumçunun hazırda həyat yoldaşı və meneceri Vanda Nara ilə birlikdə "Qalatasaray"la danışıqlar üçün İstanbulda olduğu bildirilib.

Qeyd edək ki, Mauro İkardi 2019-cu ildən PSJ-də çıxış edir.

Azərbaycan karateçisi İslamiadada bürünc medal qazanıb

Azərbaycan karateçisi İslamiadada bürünc medal qazanıb

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.

YAZTV  xəbər verir ki, karateçi Mədinə Sadıqova bürünc medala sahib çıxıb.

Sadıqova 55 kq çəki dərəcəsində fərqlənib.

Elmar Qasımov: "Formada deyiləm, güləşə bilmədim"

Elmar Qasımov: "Formada deyiləm, güləşə bilmədim"

"Bu, tək mən yox, başqaları üçün də narahat rəqibdir. Güləşə bilmədim. Fənd tətbiq edirdi, saxlaya bilmirdim".

YAZTV Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Azərbaycan cüdoçusu Elmar Qasımov jurnalistlərə açıqlamasında deyib.

100 kq-da fəxri kürsünün 2-ci pilləsinə qalxan idmançı tam formada olmadığını və təcrübəsi hesabına güləşdiyini bildirib: "Məşq edib, qarşıdakı yarışlaradək daha yaxşı formada olacağam. Sevindirici haldır ki, finala kimi irəlilədim. Əslində ciddi problemim yoxdur. Sadəcə, qabırğam əzilmişdi. Ona görə yaxşı məşq edə bilməmişdim. Amma sonuncu Avropa çempionatında güclü rəqibləri udub, 3-cü yeri tutmuşdum".

O, 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına qatılmayacağı üçün İslamidada iştirak etdiyini söyləyib.

İslamiadanın üçqat mükafatçısı: "Uşaqlara görə belə güləşdim"

İslamiadanın üçqat mükafatçısı: "Uşaqlara görə belə güləşdim"

"İslamiadada eyni rəqib üzərində ikinci dəfə qələbə qazandım. Rəqib iki dəfə xəbərdarlıq almışdı. Üçüncü xəbərdarlığı da ala bilərdi. Bəlkə də fərdi yarış olduğu üçün bir az zəif çıxış edirdim".

YAZTV-nin verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısı Elmar Qasımov deyib.

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında indi məşqçi işləyən Elxan Məmmədova uduzaraq gümüş medal qazanmış Qasımov bu dəfə də finalda uduzub. Bununla belə, 100 kq çəki dərəcəsində çıxış edən cüdoçu komanda yarışında qızıl medala sahib çıxıb. Olimpiya, dünya və üçqat Avropa mükafatçısı komanda yarışında daha çox güc ortaya qoyduğunu bildirib:

"Komanda yarışında çox həyəcanlı idim. Həm də meydan sahibi Türkiyəyə qarşı mübarizə aparırdıq. Onlara dəstəyin çox olması normaldır. Cüdoçularımız cırmaq-cırmaq finala gəldilər və mən də məsuliyyət hiss etdim. Sanki rəqibə xəbərdarlıq vermək istəmirdilər. Buna baxmayaraq, qələbə qazandım. Komanda yarışında özümü çox güclü hiss edirdim. Uşaqlara baxdım və motivasiya aldım, onlara görə belə güləşdim. Bu çıxışım fikirləşdiyimdən daha yaxşı oldu".

O bildirib ki, İslamiadaya ehtiyat heyətlə gəldiklərindən, komanda yarışında üçüncü olsalar belə, heç kim onları qınamayacaqdı: "Üçüncü yer də bizim üçün yaxşı nəticə olardı. Rəqib yığmalarda əsas heyət üzvləri çox idi. Amma bütün güclərini ortaya qoydular və bacardıqlarından artığını etdilər. Bu səbəbdən çempion olduq. Türkiyə də ən güclü heyətlə mübarizə aparırdı".

"Neftçi"nin sabiq futbolçusu "Viktoriya"nı "Qarabağ"dan şanslı sayır

"Neftçi"nin sabiq futbolçusu "Viktoriya"nı "Qarabağ"dan şanslı sayır

"Viktoriya"nın şanslarını nisbətən yüksək qiymətləndirirəm. "Şerif"də olduğu kimi, "Qarabağ"ın heyətində də 8-9 əcnəbi çıxış edir ki, onların bəziləri fərdi keyfiyyətləri yüksək olan futbolçulardır. Plzen təmsilçisi komanda işi ilə yenidən uğur qazana bilər. Hər şeyi oyun göstərəcək".

YAZTV-nin məlumatına görə, bunu "Neftçi"nin sabiq futbolçusu Zdenek Folprext Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Çexiyalı yarımmüdafiəçi bildirib ki, qonaqları Azərbaycan paytaxtında yalnız matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu təəccübləndirə bilər: "Bu, olduqca qədim arenadır. Stadionda qaçış cığırları və elə də yaxşı olmayan paltardəyişmə otaqları var. Azərbaycan millisi Almaniyaya qarşı ev oyununu da burada keçirib. Azarkeşlər orada yaxşı atmosfer yarada bilirlər. Fikrimcə, matçın Respublika stadionuna salınmasının əsas səbəblərindən biri budur".

"Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.

Qeyd edək ki, Zdenek Folprext 2017-ci ildə icarə əsasında "Neftçi"də çıxış edib.

Qurban Qurbanov: "Azarkeşləri küsdürmək olmaz"

Qurban Qurbanov: "Azarkeşləri küsdürmək olmaz"

"Klub tərəfindən hansısa çatışmazlıq olubsa, azarkeşlər üzrlü saysınlar".

YAZTV-nin məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis görüşün biletləri satışa çıxan zaman baş verən texniki problemə münasibət bildirib: "Klub hər şeyi edir ki, fanatlar narazı qalmasın. Təəssüflər olsun ki, stadionda yalnız 28-30 min azarkeş olur".

Qurbanov tərəfdarların oyuna maraq göstərməsinə sevindiyini söyləyib: "Azərbaycanda futbola maraq artıb. Bizdə futbolu sevirlər və azarkeşlər var. Sadəcə, onları küsdürmək olmaz. Fanatların futbola olan sevgisini görürük. İşimizi elə qurmalıyıq ki, sevgi davam etsin. Azarkeşləri alqışlayıram. Bizə olan inamlarını göstərirlər. Baş verənlərə narazılıq deməzdim. İstərdim ki, fanatların hamısı stadionda olsun. İnanıram ki, gələcəkdə futbolumuz və çempionatımız daha yaxşı səviyyəyə çatacaq".

Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək

UEFA Avropa Liqasında bu gün pley-off mərhələsinə start veriləcək.

YAZTV xəbər verir ki, 10 oyunun hamısı eyni gündə olacaq.

Türkiyənin turnirdəki təmsilçilərindən "Sivasspor" İsveçrədə "Malmö"nün, "Fənərbağça" isə Avstriyada "Austriya" (Vyana) komandasının qonağı olacaq.

"Qarabağ"ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı "Sürix" İsveçrədə "Harts"ı, "Ferentsvaroş" isə Macarıstanda İrlandiyanın "Şemrok Rovers" klubunu qəbul edəcək.

 

UEFA Avropa Liqası
pley-off mərhələsi, ilk oyunlar
18 avqust

20:00. HİK (Finlandiya) - "Silkeborq" (Danimarka)
20:30. "Ferentsvaroş" - "Şemrok Rovers" (İrlandiya)
21:00. "Sürix" (İsveçrə) - "Harts" (Şotlandiya)
21:00. "Malmö" (İsveç) - "Sivasspor" (Türkiyə)
21:00. "Apollon" (Kipr) - "Olimpiakos" (Yunanıstan)
21:00. "Pünik" (Ermənistan) - "Şerif" (Moldova)
21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Jalgiris" (Litva)
22:00. "Dnepr-1" (Ukrayna) - AEK (Larnaka, Kipr)
22:30. Gent (Belçika) - Omoniya (Kipr)
23:00. "Austriya" (Vyana, Avstriya) - "Fənərbağça" (Türkiyə)

Qeyd edək ki, cavab qarşılaşmaları avqustun 25-də olacaq.

Tokio Olimpiadasının Təşkilat Komitəsinin eks-rəhbəri rüşvətə görə həbs edildi

Tokio Olimpiadasının Təşkilat Komitəsinin eks-rəhbəri rüşvətə görə həbs edildi

Tokiodakı Olimpiada və Paralimpiadanın Təşkilat Komitəsinin keçmiş rəhbəri Haruyuki Takahaşi böyük məbləğdə rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

Bu barədə “YAZTV” NHK telekanalına istinadən xəbər verir.

İyulun sonunda prokurorluq nümayəndələri Takahaşinin evində axtarış aparıblar. Bundan əlavə, axtarış Tokio Olimpiadasının sponsorlarının seçilməsi prosesinə cəlb edilmiş və rəhbərlərdən birinin Takahaşinin olduğu “Dentsu” şirkətinin baş ofisində aparılıb.

Tokio Oyunlarının Təşkilat Komitəsinin keçmiş rəhbəri 45 milyon yen (ovaxtkı məzənnə ilə 400 min dollar, indiki ilə 330 min dollar) rüşvət almaqda şübhəli bilinir. İstintaq hesab edir ki, Takahaşinin rəhbərlik etdiyi şirkət bu məbləği Olimpiadanın sponsorlarından alıb.

Təşkilat Komitəsinin direktoru, dövlət qulluqçusu kimi, Cinayət Məcəlləsinə uyğun olaraq, işi ilə bağlı fəaliyyətinə görə mükafat ala bilməz. Bu, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də qadağandır.

Takahaşi bütün bunları inkar edir. O israr edir ki, konsaltinq xidmətlərinin xarakteri Olimpiadaya deyil, bütövlükdə idmana aid idi.

Azərbaycan cüdoçusu İslamiadada finala çıxıb

Azərbaycan cüdoçusu İslamiadada finala çıxıb

60 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçu Balabəy Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala çıxıb.

YAZTV xəbər verir ki, o, yarımfinalda türkmənistanlı idmançı Haqverdi Cumayevə qalib gələrək, finala vəsiqə qazanıb. Balabəy finalda özbəkistanlı idmançı Kamran Nurullayev ilə qarşılaşacaq.

Həmçinin Azərbaycanın digər idmançılarından Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala çıxıblar.

Telman Vəliyev (73 kq) 1/4 finalda uduzub və bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İbrahim Əliyev (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) isə uduzaraq medalsız qalıb.