Saturday, 03 Dekabr 2022 20:26
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
İslamiadada yüksək nəticə göstərmiş Azərbaycan idmançıları və məşqçiləri mükafatlandırılacaq - SƏRƏNCAM

İslamiadada yüksək nəticə göstərmiş Azərbaycan idmançıları və məşqçiləri mükafatlandırılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 10 milyon manat vəsait ayrılıb.

Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq etməli, sərəncamla hər bir idmançı üçün ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.

Mahmud Qurbanov: "Hücumda istədiyimizi ala bilmirik"

Mahmud Qurbanov: "Hücumda istədiyimizi ala bilmirik"

"Görüş ağır keçdi. Matçın əvvəllərində yaxşı oynamadıq. Düzdür, qol vurduq, amma komandada hərəkət az idi. 1 xal qazandıq. Daha yaxşı nəticə əldə edə bilərdik".

YAZTV-nin məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Şamaxıda eyniadlı komanda ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis ilk hissədə yaxşı oynamadıqlarını etiraf edib: "Dediyim kimi, uşaqlar ağır hərəkət edirdilər. Ona görə fasilədə əvəzetməyə əl atdıq və 3 nəfəri dəyişdik. Müdafiə yox, hücumda istədiyimizi ala bilmirik. Daha çox ön xətti fikirləşməliyik. Hücumameylli legionerlər hələlik gözlədiyimiz oyunu sərgiləmirlər. Əslində onları oyunlarına baxıb götürmüşük. Düzdür, Qoba Zakpa məhsuldar ötürmə ilə yadda qaldı. Lakin hücumda oynayan əcnəbi futbolçuların potensialı daha böyükdür. Onlara güvənirik. İnanırıq ki, gələcək oyunlarda bizə kömək edəcəklər".

Qurbanov yeni transfer Petro Stasiuku müdafiə xətti üçün transfer etdiklərini bildirib: "İlk yarıda rəqibin sağ cinahı aktiv idi. Ona görə də Fakundo Kardozonu sağa çəkib hücuma daha çox qatılmasını istədik. Stasiuk ilk matçda işinin öhdəsindən gələ bilmədi. Yeni oyunçuların alınmasını istəyərik. Bəlkə bir hücumameylli futbolçu götürə bilərik. Əlimizdəki heyətlə davam edəcəyik".

İslamiada: Azərbaycan kikboksinq millisi medal sıralamasında ilk "üçlüy"ə düşüb

İslamiada: Azərbaycan kikboksinq millisi medal sıralamasında ilk "üçlüy"ə düşüb

Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk "3-lüy"ə düşüb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən  verilən məlumata görə, 3 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmış milli komanda medal sıralamasında 3-cü olub.

1-ci yeri meydan sahibi Türkiyə tutub. Türklər 17 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Qazaxıstan 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 2-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının ümumi sıralamasında 99 medal qazanıb. 29 qızıl, 36 gümüş və 34 bürünc medal qazanmış Azərbaycan Türkiyə, Özbəkistan və İrandan sonra 4-cü olub.

"Neftçi" "Roma", "Napoli" və "Fənərbağça" ilə eyni turnirdə çıxış edəcək

"Neftçi" "Roma", "Napoli" və "Fənərbağça" ilə eyni turnirdə çıxış edəcək

"Neftçi"nin U-17 komandası İtaliyada beynəlxalq Skopinyo Kubokunda iştirak edəcək.

YAZTV-nin məlumatına görə, ənənəvi yarışa "ağ-qaralar"la yanaşı, Türkiyənin "Fənərbağça", İtaliyanın "İnter", "Roma", "Napoli", "Latsio", "Salernitana", "Ternana", "Lodiciani 1927", "Yunayted Napoli", "Pol Kantalis" və Braziliyanın "Fluminense" klublarının müvafiq yaş qruplarından ibarət komandaları da qatılacaqlar.

Turnirin dəqiq vaxtı avqustun 23-də açıqlanacaq.

"Neftçi"nin U-17 komandası sentyabrın əvvəlində İtaliyaya yola düşəcək.

Türkiyə klubu danimarkalı iş adamına satılıb

Türkiyə klubu danimarkalı iş adamına satılıb

Türkiyənin "Göztepe" klubunun yeni sahibi müəyyənləşib.

YAZTV xəbər verir ki, danimarkalı iş adamı Rasmus Ankersenin rəhbərlik etdiyi "Sport Republic" şirkəti I liqa təmsilçisinin əsas səhmdarı olub. Tərəflər arasında rəsmi müqavilə imzalanıb.

Klubun hissələrinin 70 faizini satın Ankersen eyni zamanda İngiltərənin "Sautgempton" komandasının sahibidir.

Region Liqası klublarının geyim dəstləri ilə bağlı tender elan olunub

Region Liqası klublarının geyim dəstləri ilə bağlı tender elan olunub

Region Liqası turnirinin 2022/2023-cü illər mövsümündə iştirak edəcək komandaların geyim dəstləri ilə təmin olunması ilə əlaqədar AFFA tender elan edib.

YAZTV AFFA-nın saytına istinadən xəbər verir ki, tenderə əsasən şirkətlər 1540 sayda oyun forması, 1680 sayda getr, 910 sayda idman kostyumu, 140 sayda qapıçı forması və 910 sayda idman çantasını təmin etmək iqtidarında olmalıdır.

Tenderdə iştirak üçün son müraciət tarixi sentyabrın 2-si saat 17:00-dəkdir. Şirkətlərin göstərilən bütün ləvazimatlar üzrə nümunə təqdim etməyi vacibdir. Hər məhsul çeşidindən 1 ədəd nümunə təqdim edilməlidir. Bunun üçün son tarix oktyabrın 5-dəkdir. Qeyd olunan ləvazimatların nümunəsi qiymət təklifi ilə birlikdə təqdim edilməlidir.

Şərtlərə əsasən, ilkin olaraq 50%, məhsullar təhvil verildikdən sonra qalan 50% pul ödənilməlidir.

“Qəbələ”dən rekord

“Qəbələ”dən rekord

“Qəbələ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünə ardıcıl üç qələbə ilə başlayıb.

YAZTV  klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Turan Tovuz” (2:0) və “Şamaxı”nın (3:1) ardınca “Kəpəz”i də məğlubiyyətə uğradıb – 3:0.

Bu, Premyer Liqada 2006/07 mövsümündə debüt edən “Qəbələ”nin tarixində ən yaxşı startdır. "Qəbələ" bunadək mövsümün ilk üç turunda 9 xal toplamayıb.

Üç dəfə startda 7 xal yığmaq mümkün olub. 2015/16, 2016/17 və 2021/22 mövsümündə əldə olunan bu göstərici rekordla yenilənib.

“Qəbələ” dörd dəfə ilk iki qarşılaşmada qalib gəlsə də, 3-cü turda seriyası qırılıb. Buna 2007/08, 2008/09, 2013/14 və 2017/18 mövsümlərində təsadüf olunub. Cari çempionatda isə startdakı qələbə seriyası üçə yüksəlib.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasında keçirilən 3-cü oyun günündə “Qəbələ” “Kəpəz”ə (3:0) qalib gəlib.

Mbappe argentinalı futbolçuların PSJ-dən göndərilməsini istəyir

Mbappe argentinalı futbolçuların PSJ-dən göndərilməsini istəyir

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe klubun prezidenti Nasser Əl-Xələfidən argentinalı futbolçuların göndərilməsini xahiş edib.

YAZTV "UOL Esporte" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Lionel Messi, Mauro İkardi və Leandro Paradesin Paris təmsilçisində qalmasını istəmir.

Fransalı forvard hesab edir ki, Cənubi Amerika təmsilçiləri komandada qruplaşma yaradıblar və ümumi ab-havanı pozurlar. Braziliyalı Neymar, kosta-rikalı Keylor Navas və ispaniyalı Ander Erreranın da argentinalı oyunçulara qoşulması Mbappeni narahat edir.

Qeyd edək ki, daha əvvəl Kilian Mbappe ilə Neymar arasında münaqişə olması barədə məlumat yayılmışdı. Daha sonra yerli media futbolçuların barışdığını iddia edib.

Azərbaycan İslam Həmrəyliyi Oyunlarını 99 medalla başa vurub

Azərbaycan İslam Həmrəyliyi Oyunlarını 99 medalla başa vurub

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb.

YAZTV xəbər verir ki, Azərbaycan yarışı 99 medalla bitirib və 4-cü pillədəki mövqeyini qoruyub.

İlk 3 sırada medal əyarında müvafiq olaraq, Türkiyə, Özbəkistan və İran qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 44-ü medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.

“Neftçi” “Sabah”a qarşı

“Neftçi” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları davam edir.

YAZTV xəbər verir ki, bu gün daha 1 matç keçiriləcək. "Sabah" "Neftçi"ni qəbul edəcək.

Qeyd edək ki, turun digər iki görüşü avqusun 21-də oynanılacaq.

20 avqust (şənbə)

20:00. “Sabah” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov

“Bank Respublika Arena”.

21 avqust (bazar)

18:00. “Kəpəz” – “Qəbələ”

Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov

Qəbələ şəhər stadionu.

20:30. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov

“Dalğa Arena”.

19 avqust (cümə)

“Şamaxı” – “Səbail” - 1:1 

"Qarabağ"ın Çexiyaya səfər proqramı açıqlanıb

"Qarabağ"ın Çexiyaya səfər proqramı açıqlanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) komandası ilə qarşılaşacaq “Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlanıb.

YAZTV klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" avqustun 22-də Plzen şəhərinə yollanacaq.

Ağdam təmsilçisini Praqaya aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

Avqustun 22-si Bakı vaxtı ilə saat 21:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Yarım saat sonra isə matçın keçiriləcəyi "Dusan Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da baş tutacaq. Bakıdakı ilk matçda hesab açılmayıb.

"Real Madrid" futbolçusunu icarəyə verib

"Real Madrid" futbolçusunu icarəyə verib

İspaniyanın "Real Madrid" klubu futbolçusu Antonio Blankonu icarəyə verib.

YAZTV Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi cari mövsüm "Kadis"də çıxış edəcək.

İspaniyalı oyunçunun icarə müddəti 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Antonio Blanko "Real Madrid"in yetirməsidir.