




Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır.
YAZTV xəbər verir ki, yarışın 4-cü günündə - fevralın 4-də 3 güləşçimiz mübarizə aparıb. Yunan-Roma güləşçimiz Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.
Hazırda davam edən “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turniri çərçivəsində 20 yanvar 2023-cü il tarixində baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törətmiş və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd etmişdir. Eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanmışdır.
YAZTV xəbər verir ki, Baş vermiş hallarla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası tərəfindən ikitərəfli qaydada Rusiya Federasiyasının müvafiq qurumlarına, eləcə də Beynəlxalq Tennis Federasiyası və “Australia Open” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlanmış, bu təxribatçı addımlarına görə tennisçinin cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilmişdir.
Rusiya Federasiyasının müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilmişdir.
Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa – Azərbaycan oyununun başlama saatı açıqlanıb.
YAZTV Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Koszalin şəhərindəki idman zalında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu matç 6-cı qrupun sonuncu görüşü olacaq.
Parisdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.
YAZTV xəbər verir ki, Balabəy Ağayev final görüşündə Fransa təmsilçisi Sedrik Revolu məğlub edib.
Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.
19-21 dekabr 2022-ci ildə taekvondo üzrə ölkə birinciliyi keçirilib.
Yaztv.az xəbər verir ki, yarışda Şahmar müəllimin yetirmələri, İsgəndərli Səyid 45 kq çəki dərəcəsində 2-ci yerə Hüseynova Səma 55 kq 3-yerə layiq görülüblər.
Nəticə vermiş idmançılar taekvondo üzrə milli komandanın heyətinə cəlb ediliblər.
Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib.
YAZTV Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, belaruslu təcrübəli mütəxəssis Nikolay Kruçinskinin iştirakı ilə keçirilən seminarın mövzusunu Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq dövründə tibbi təminatı əhatə edir.
Nazirliyin təşkil etdiyi seminar rasional qidalanmanın əsas prinsipləri, idmançıların qidalanmasının tədqiqi, qidalanma və idman hazırlığı, idmançıların fiziki inkişafının kompleks şəklində qiymətləndirilməsi, əzələlərin yığılması, fiziologiya və biokimya, idmanda biokimyəvi nəzarət, fiziki stres şəraitində böyrəküstü vəzilərin funksiyasının qida ilə dəstəklənməsi, antidopinq və qida dəstəyi, idmanda mikroelementlər və digər mövzuları əhatə edəcək.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışı davam edir. Yanvarın 30-da veloturun 4-cü mərhələsi keçirilib.
YAZTV xəbər verir ki, “Kalba Flag Island”dan start götürən idmançılar dağ yolları ilə 110.24 km məsafə qət edərək “Khorfakkan Al Suhub Mountain” ərazisində finişə çatıblar.
Yarışda iştirak edən Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandasının üzvü Elgün Əlizadə digər komandaların velosipedçilərinin səhvindən baş verən qəzada yıxılaraq zədələnsə də, əsl mübarizlik nümayiş etdirib. Dizindən, çiynindən və üzündən xəsarət alan idmançımız həkimlərin dərhal müdaxiləsindən sonra əzmkarlıq göstərərək yarışa davam edib və qarşıdakı qrupa çatıb. E.Əlizadə marşrutu uğurla başa vuraraq mərhələni 61-ci yerdə bitirib (02h42'45'').
Yığma komandamızın üzvlərindən ən yaxşı göstəriciyə Musa Mikayılzadə imza atıb. O, 2 saat 38 dəqiqə 19 saniyə nəticə ilə 18-ci pillədə yer alıb.
Elçin Əsədov 49-cu (02h41'45''), Şahin Eyvazov 98-ci (02h48'58''), Nəcəf Bağırov isə 111-ci (02h51'46'') sırada qərarlaşıblar.
Taylandın “Roojai Cycling Team” klubunun niderlandlı idmançısı Van Engelen Adne (02h36'22'') mərhələnin qalibi olub.
Dördüncü mərhələdən sonra M.Mikayılzadə ümumi təsnifatda 15-ci sıraya yüksəlib (08h24'58''). O, yarışın liderindən 2 dəqiqə 9 saniyə geri qalır.
Qeyd edək ki, 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçinin mübarizə apardığı veloturun sonuncu - 5-ci mərhələsi yanvarın 31-də baş tutacaq.
Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.
Azərbaycan Həndbol Federasiyasından YAZTV-ə bildiriblər ki, təsnifat turnirində millimiz ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta yığmaları da mübarizə aparacaqlar.
Millimiz ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Həndbolçularımız ertəsi gün Böyük Britaniya, ayın 15-də isə Kipr yığmaları ilə güclərini sınayacaqlar.
Bölgələrdə idman infrastrukturunun möhkəmləndirilməsi həmişə prioritet məsələdir. Dövlətlə yanaşı, sahibkarların, ictimai təşkilatların, o cümlədən idman federasiyalarının da fəaliyyəti vacibdir. Bu baxımdan Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə “Ağstafa Olimpiya İdman Klubu”nun və Sabirabad şəhərində cüdo təlim mərkəzinin istifadəyə verilməsi bu idman növünün həmin rayonda inkişafına böyük təkan verəcək. Federasiyanın bu son bir ildə regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Buna görə federasiya rəhbərliyinə təşəkkür edirəm.
YAZTV xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun yanvar ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.
“Azərbaycan Ağır Atletika Federasiyasının “Təkan” layihəsinin təqdimatını da xüsusi qeyd etmək istəyirəm. İdmanın inkişafı, infrastrukturun möhkəmlənməsi üçün ictimaiyyətin bu sahəyə dəstəyi gərəkdir. Məhz bu səbəbdən federasiyanın istifadəyə verdiyi “Təkan” platforması vasitəsilə istənilən şəxs istədiyi kluba ianə edə biləcək, fəaliyyətinə dəstək verəcək. Bunun üçün www.tekan.az saytına daxil olmaq yetərlidir”, - nazir vurğulayıb.
YAZTV xəbər verir ki, 27-29 yanvar Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turnirinin ikinci günündə -81 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elcan Hacıyev yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, idmançımız 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Yanvarın 12-də kişi voleybolçular arasında Yüksək Liqada I dövrənin növbəti oyunları keçiriləcək. Həmin gün baş tutacaq II tura saat 16:00-da “Neftçi” - “Xarı bülbül” görüşü ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK və “Murov” qarşılaşması keçiriləcək. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Yanvarın 13-də isə qadın voleybolçular arasında Yüksək Liqada II turun oyunlarına start veriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC dueli start götürəcək.
Xatırladaq ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turdan sonra aktivinə 3 xal yazdırmış “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. “Neftçi” və MOİK-in isə hələ ki, xalı yoxdur.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında isə I turdan sonra hərəyə 3 xal qazanmış “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. “Abşeron” və UNEC isə turu xalsız başa vurub.