Tuesday, 30 May 2023 02:35
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Gənclər və İdman Nazirliyindən koronavirus açıqlaması

Gənclər və İdman Nazirliyindən koronavirus açıqlaması

"Bu günədək koronavirusla bağlı Azərbaycandakı idmançılar barədə şübhəli heç bir məlumat daxil olmayıb".

Bunu "YAZTV"ə açıqlamasında Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, karantinin elan olunmasından əvvəl ölkədə yaşayan idmançılar təlim-məşq toplanışlarından, yarışlardan vətənə qayıdıblar: "Karantin dövründə onlar evdə olublar. Federasiyadan nazirliyə idmançıların sağlamlığı ilə bağlı mütəmadi hesabatlar daxil olub".

S.Məmmədova bildirib ki, nazirlik tərəfindən federasiyalara ehtiyac olacağı təqdirdə, testlərin götürülə biləcəyi və karantində saxlanılmaları üçün hər bir şəraitin olduğu haqda məlumat verilib.

Qeyd edək ki, hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov "YAZTV"ə müsahibəsində koronavirusa yoluxduğunu açıqlayıb.

 

Evander Holifild ilə Mayk Tayson arasında üçüncü döyüş keçirilə bilər

Evander Holifild ilə Mayk Tayson arasında üçüncü döyüş keçirilə bilər

Amerikalı boksçu Evander Holifild həmyerlisi Mayk Taysonla ağır çəkidə üçüncü döyüşü keçirmək niyyətindədir.

YAZTV xəbər verir ki, E.Holifild bu barədə "The 3 Point Conversion" “YouTube” kanalına verdiyi müsahibəsində bildirib. Əlli yeddi yaşlı boks ustası qeyd edib ki, onun nümayəndələri bu barədə danışıq aparırlar. Razılıq isə hələ əldə olunmayıb.

Qeyd edək ki, bundan əvvəl hər iki boksçu xeyriyyə məqsədi üçün rinqə qayıdacağını bildirmişdilər.

Xatırladaq ki, 1997-ci ildə E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə olunmaqla, həm də diskvalifikasiya olunub.

E.Holifild M.Taysonla iki dəfə qarşılaşıb və hər ikisində ona qalib gəlib.

Evander Holifild son döyüşünü 2011-ci ildə keçirib. Aktivində 44 qələbə və 10 məğlubiyyət var. “Dəmir Mayk” ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə bitirib. O, karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.

Mariya Stadnik olimpiada tarixinə düşə bilər

Mariya Stadnik olimpiada tarixinə düşə bilər

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında rekorda imza ata bilər.

YAZTV  Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı idmançı buna olimpiya çempionluğu qazanacağı təqdirdə sahib çıxacaq. O, qızıl medal qazansa, olimpiya çempionluğuna nail olan ən yaşlı qadın güləşçi ünvanını ələ keçirəcək.

Stadnikdən əlavə bu rekordu hazırda 33 yaşında olan Yaponiya təmsilçisi Hiroe Minaqavanın da yeniləmək imkanı olacaq. Minaqava 2017 və 2018-ci il dünya çempionatlarında bürünc, ötən il isə gümüş medal qazanıb.

Qeyd edək ki, hazırkı rekord yaponiyalı 4 qat olimpiya və 10 qat dünya çempionu Kaori İtyoya məxsusdur. O, Rio-2016 Yay Olimpiya Oyunlarında 32 yaş 4 ay, 3 günündə ikən 58 kq çəki dərəcəsində qızıl medal qazanıb. Hazırda 36 yaşında olan İtyonun Tokio olimpiadasında iştirak ehtimalı çox aşağıdır.

Mariya Stadnik isə 48 kq çəki dərəcəsində Pekin-2008-də bürünc, London və Rio-de-Janeyro olimpiadalarında isə gümüş medal qazanıb.

Tokio-2020 koronavirus pandemiyası ilə əlaqədar gələn il 23 iyul - 8 avqusta təxirə salınıb.

Azərbaycanda futbol məşqləri bərpa edilir?

Azərbaycanda futbol məşqləri bərpa edilir?

Nazirlər Kabineti yanında operativ qərargah kiçik qruplar şəkilində futbol məşqlərinin aparılmasına münasibət bildirib.

YAZTV-nin məlumatına görə, qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, ölkədə elan edilən xüsusi karantin rejiminin yumşaldılma mərhələsində bu barədə qərar yoxdur:

“Bu məsələ aktiv şəkildə müzakirədədir. Vəziyyətdən asılı olaraq növbəti mərhələlərdə bu məsələyə qayıda bilərik”.

"İdmanla bağlı məsələ müzakirə olunur"

"İdmanla bağlı məsələ müzakirə olunur"

"İdman təkcə futbol deyil. İdman kompleksləri ilə bağlı məsələlər müzakirə olunur".

YAZTV xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, ola bilsin, növbəti mərhələlərdə bu aspektlər də aktuallaşsın.

Millimizin sabiq baş məşqçisi koronavirusdan vəfat etdi

Millimizin sabiq baş məşqçisi koronavirusdan vəfat etdi

.Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov vəfat edib.

YAZTV-nin məlumatına görə, bunu Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.

O bildirib ki, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb: “Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.

Aliomarov mayın 13-də 67 yaşında vəfat edib. Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.

Qeyd edək ki, mütəxəssis ölkəmizdə çalışdığı vaxt qadınlardan ibarət Azərbaycan millisinə də rəhbərlik edib və yığmanı London-2012 Yay Olimpiya Oyunlarına aparıb.

İdman zalları nə vaxt açılacaq? - AÇIQLAMA

İdman zalları nə vaxt açılacaq? - AÇIQLAMA

Gənclər və İdman Nazirliyi idman qurğularının açılması və yarışların bərpası üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir.

Bu barədə nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, hələlik stadionlar da daxil olmaqla, idman qurğularına dair heç bir qəti qərar yoxdur.

Nazirlik rəsmisi Operativ Qərargahın idman qurğularının açılması ilə bağlı qərarından sonra fikir bildirəcəklərini söyləyib: "Qərar yoxdursa, hələ ki, bu barədə danışa bilməyəcəyik. Operativ Qərargahın qərarından sonra bu mövzuda fikir söyləmək olar".

Qeyd edək ki, Azərbaycanda martın 13-də bütün kütləvi idman tədbirləri qeyri-müəyyən müddətədək təxirə salınıb. (Report)

AFFA-dan koronavirus testi üçün klublara MALİYYƏ YARDIMI

AFFA-dan koronavirus testi üçün klublara MALİYYƏ YARDIMI

Azərbaycan Premyer Liqa klublarında koronavirus testindən keçirilməsi prosesinə start verilib.

YAZTV-nin məlumatına görə, bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçirdiyi iclasında bu məsələyə toxunulub.

Premyer Liqa təmsilçilərinin məşqçi və oyunçu heyətinin koronavirus testindən keçirilməsi ilə bağlı AFFA-nın tövsiyəsinə cavab olaraq, bütün klublar bu prosesin davam etdiyini bildiriblər.

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov testlərin keçirilməsi üçün hər bir kluba qurum tərəfindən maliyyə yardımı göstəriləcəyini və müvafiq vəsaitin mayın 15-də klubların hesabına köçürüləcəyini bildirib.

Premyer Liqa klublarının rəsmiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun, müvafiq tibbi təlimatlara riayət olunmaqla çempionatın bərpası ilə bağlı AFFA və PFL-in təkliflərini dəstəklədiklərini qeyd ediblər.

Türkiyə liqası ləğv olundu - RƏSMİ

Türkiyə liqası ləğv olundu - RƏSMİ

Türkiyə Basketbol Federasiyası (TBF) koronavirus səbəbindən bütün liqaları ləğv edib.

YAZTV  yerli mətbuata istinadən xəbər verir ki, bu barədə TBF prezidenti Hidayət Türkoğlu məlumat verib.

O, heç bir komandanı çempion elan etməyəcəklərini açılayıb. Türkoğlu komandaların aşağı dəstəyə düşməyəcəyini və yıxarı liqaya çıxmayacaqlarını da vurğulayıb.

Qeyd edək ki, Türkiyədə daha öncə voleybol liqaları da ləğv edilib.

Azərbaycan voleybolçusu Türkiyə klubu ilə müqaviləsini yeniləyib

Azərbaycan voleybolçusu Türkiyə klubu ilə müqaviləsini yeniləyib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova karyerasını yenidən Türkiyədə davam etdirəcək.

YAZTV xəbər verir ki, 22 yaşlı hücumçu “Sarıyer Bələdiyəspor” komandası ilə müqaviləsini yeniləyib. Voleybolçumuz daha bir il “Sarıyer Bələdiyəspor”un şərəfini qoruyacaq.

Yığmamızın üzvü 1 il “Bursa BBSK”da oynadıqdan sonra 3 mövsümdür “Sarıyer Bələdiyəspor”da çıxış edir. 

Azərbaycan Qran-prisinin yeni tarixi açıqlandı

Azərbaycan Qran-prisinin yeni tarixi açıqlandı

“Formula-1” üzrə dünya çempionatının ilkin təqvimi açıqlanıb.

“Autosport” koronavirus pandemiyası üzündən hələ də başlamayan 2020-ci il mövsümünün təqvimini dərc edib.

İlkin təqvim “Formula-1”, “Formula-2” və “Formula-3” yarışlarını əhatə edir. 12 mərhələdən ibarət çempionatın Azərbaycan Qran-Prisinin vaxtı da açıqlanıb.

Bakıdakı mərhələ sentyabrın 19-20-nə planlaşdırılıb. “Autosport”un təqviminə əsasən hələlik yalnız “Formula-2”nin ölkəmizdə keçirilməsi dəqiqdir.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri də öz mənbələrinə əsasən təqvim dərc etmişdi. Azərbaycan Qran-Prisi həmin təqvimdə daha tez – sentyabrın 5-6-da təşkil olunacağı bildirilirdi.

4-5 iyul – Avstriya
11-12 iyul – Avstriya
25-26 iyul – Böyük Britaniya
1-2 avqust – Böyük Britaniya
8-9 avqust – Almaniya və ya İspaniya
22-23 avqust - Macarıstan
29-30 avqust – Belçika
5-6 sentyabr – İtaliya
19-20 sentyabr – Azərbaycan (hələlik yalnız “Formula-2”)
26-27 sentyabr – Rusiya (hələlik yalnız “Formula-2”)
5-6 dekabr – Bəhreyn
12-13 dekabr – BƏƏ. (APA)

"Portu" dağılmaq təhlükəsi ilə üzləşib

"Portu" dağılmaq təhlükəsi ilə üzləşib

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə problemi yaşayan "Portu" klubu iflas olmaq üzrədir.

YAZTV-nin məlumatına görə, Portuqaliya təmsilçisi tarixinin ən ağır günlərini keçirir.

Avropa futboluna qazandırdığı futbolçularla böyük gəlirlər əldə edən "Portu"nun indi özünə təcili pul lazımdır. 250 milyon avro borcu olan klub iyunun 30-na qədər 100 milyon avroluq ödəmə etmək məcburiyyətindədir. Əks təqdirdə, klub dağılmaq təhlükəsi ilə üzləşə bilər.

Rəhbərlik bunun qarşısını almaq üçün təcili bir neçə futbolçunu satmağı planlaşdırır. Baş məşqçi Mendeş hətta bütün oyunçuların satılmasına razılıq verib. Əsas hədəf böyük klubların maraq dairəsində olan cinah müdafiəçisi Aleks Telleşi baha qiymətə satmaqdır.