Saturday, 03 Dekabr 2022 20:28
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Mayk Tayson rinqə qayıtmaq istəyir

Mayk Tayson rinqə qayıtmaq istəyir

Peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson dörd raund təkbətək xeyriyyə döyüşlərində iştirak etmək üçün rinqə qayıtmağı planlaşdırır.

YazTV-nin məlumatına görə, bu barədə amerikalı idmançının özü rep ifaçısı T.İ. ilə söhbət zamanı açıqlama verib.

"Mən bütün son həftəni yumruqlarım üzərində işlədim. Bu, ağırdır, bədənim zədəlidir və çox ağrıyır. Məşq edir, rinqə çıxmağa çalışıram. Düşünürəm ki, bir neçə nümunəvi döyüş keçirəcək və forma yığacağam”, - deyə Tayson bildirib.

Sabiq idmançı evsiz və narkotikdən asılı insanlara kömək üçün pul toplamaq istədiyini də vurğulayıb.

Qeyd edək ki, Mayk Tayson peşəkar boksdan 2005-ci ildə irlandiyalı Kevin Makbrayda uduzduqdan sonra gedib. O, karyerası ərzində 50 qələbə (44-ü nokautla) qazanıb və 6 dəfə uduzub.

"Lion" UEFA-nı məhkəməyə verir

"Lion" UEFA-nı məhkəməyə verir

UEFA-nın İcraiyyə Komitəsinin son qərarları bəzi klubların ciddi narazılığına səbəb olub.

YazTV-nin məlumatına görə, koronavirus pandemiyası üzündən başa çatdırılmayacaq çempionatlarda hazırkı turnir cədvəlinin əsas götürülməsi və buna avrokuboklara vəsiqələrin verilməsindən narazılardan biri də Fransa təmsilçisi “Lion”dur.

Klubun prezidenti Jan-Mişel Ola UEFA-nı məhkəməylə hədələyib: “Mən UEFA ilə razı deyiləm. “Lion”un hələ Liqa1-də 10 oyunu, Liqa kubokunun PSJ ilə finalı və 1/8 finalında “Yuventus”la qarşılaşdığımız Çempionlar Liqası var. Bütün bunlar növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmaq yollarıdır. Əgər UEFA-nın bu qərarı yekun olarsa, biz məhkəməyə müraciət edəcəyik”.

 

Qeyd edək ki, hazırda 40 xala malik “Lion” Liqa1-in turnir cədvəlində 7-ci yerdədir. Əgər çempionat bərpa olunmasa, UEFA-nın qərarına əsasən, PSJ, “Marsel” və “Renn” Çempionlar Liqasına, “Lill”, “Reyms” və “Nitsa” Avropa Liqasına vəsiqə qazanacaq.

UEFA Azərbaycan klublarına pul ödəyəcək

UEFA Azərbaycan klublarına pul ödəyəcək

 

UEFA Avropa klublarına maliyyə yardımı edəcək.

Bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, UEFA bayrağı altındakı yarışlara qatılan 55 milli asssosiasiyanın 676 klubuna 70 milyon avro ödəniləcək.

Bildirilib ki, qurum vəsaiti AVRO-2020-nin pley-off oyunlarından sonra federasiyaların hesabına köçürməyi planlaşdırsa da, koronavirus pandemiyası ilə bağlı klubların üzləşdiyi maliyyə çətinliyindən sonra qərarını dəyişib.

Məbləğin 50 milyon avrosu oyunçularını pley-off mərhələsində iştirak etməyən 39 milli komandaya göndərmiş klublara veriləcək.

17,7 milyon avro oyunçuları pley-off iştirakçısı olan 16 yığmaya dəvət alan klubların hesabına köçürüləcək. Buraya pley-off matçlarına görə ödəniləcək məbləğ daxil deyil.

Yerdə qalan 2,7 milyon avro isə payızda pley-off qarşılaşmaları başa çatdıqdan sonra paylanılacaq.

Lionel Messi son 25 ilin ən yaxşı futbolçusu seçilib

Lionel Messi son 25 ilin ən yaxşı futbolçusu seçilib

“Four-Four-Two” nəşri son 25 ildə dünyanın ən yaxşı 25 futbolçusunun siyahısını dərc edib.

YAZTV xəbər verir ki, siyahının birinci pilləsində İspaniyanın “Barselona” klubunun hücumçusu, “Qızıl top”un altıqat sahibi Lionel Messi yer alıb. İtaliyanın “Yuventus” komandasının hücumçusu Kriştiano Ronaldo ikinci, “Real Madrid”in hazırki məşqçisi Zinəddin Zidan üçüncü olub.

AFFA gənc futbolçular üçün idman proqramı hazırlayıb

AFFA gənc futbolçular üçün idman proqramı hazırlayıb

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətdə gənc futbolçuların idman formasını qoruyub saxlaya bilməsi üçün AFFA tərəfindən üç səviyyədə – başlanğıc, orta və üst – idman proqramı hazırlanıb.

YAZTV xəbər verir ki, Belqrad Universitetinin idman elmi üzrə professoru, həmçinin AFFA-da gənc milli komandaların fiziki təlim üzrə layihə rəhbəri Vladimir Vardakoviç proqram haqqında bunları söyləyib: “COVID-19 pandemiyası ilə bağlı yaranmış situasiya gözlənilməz və insan həyatı üçün təhlükəli olması ilə yanaşı, atletlər üçün də çətinlik yaradır. Məşqlərin dayandırılması və passivlik idmançıların gələcək inkişafına çox pis təsir edə bilər və bu, xüsusən gənc idmançılara aiddir. Bunu nəzərə alaraq, ev şəraitində idman formasını qorumaq üçün məşq proqramları hazırlamışıq. Bu proqramlar futbolçular üçün çeviklik, cəldlik, koordinasiya, balans, zədələrin qarşısının alınması kimi ən vacib fiziki göstəricilər üzrə hazırlanıb”.

V.Vardakoviç əlavə edib ki, başlanğıc səviyyə 13 yaşadək futbolçular üçün nəzərdə tutulur. Bu səviyyəni tamamlayan futbolçular orta səviyyə proqramına keçə və ya bir neçə hərəkətdən istifadə edə bilər. Orta və üst səviyyələr isə 19 yaşadək və daha böyük idmançılar üçündür. Biz bu futbolçulara başlanğıc səviyyəni 1-2 dəfə, orta səviyyəni 3-4 dəfə təkrar etdikdən sonra üst səviyyəyə keçməyi tövsiyə edirik. Videolarda təqdim edilən qaydalar və göstərişlərə riayət etmək lazımdır.

Qeyd edək ki, videoları AFFA-nın saytında izləmək olar.