Sunday, 29 Yanvar 2023 15:37
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan Kubokunun qalibi meydandan qovuldu

Azərbaycan Kubokunun qalibi meydandan qovuldu

"Keşlə" komandasının sabiq baş məşqçisi, hazırda "Vorskla"ya rəhbərlik edən Yuri Maksimov Ukrayna Premyer Liqasında XXVII turun "Dnepr-1"lə ev oyununda meydandan qovulub.

YAZTV-nin məlumatına görə, buna ukraynalı mütəxəssisin matçın 6-cı dəqiqəsində qapılarına təyin olunan penalti zamanı baş hakim Denis Şurmana sərt etirazı səbəb olub.

Referi əvvəlcə 52 yaşlı mütəxəssisə sarı vərəqə göstərib. Ardınca isə birbaşa qırmızı vərəqə ilə onu texniki zonadan kənarlaşdırıb.

Buna baxmayaraq, Maksimov və futbolçularının narazılığı sonda öz nəticəsini verib və baş hakim qərarını dəyişərək qapıdan zərbə təyin edib. Görüş isə "Vorskla"nın qələbəsi ilə yekunlaşıb - 2:0.

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında rəhbərlik etdiyi "Keşlə"yə Azərbaycan Kubokunu qazandırıb.

“Qarabağ” çempionluq sayında “Neftçi”yə çatıb

“Qarabağ” çempionluq sayında “Neftçi”yə çatıb

Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının başa çatdırılması barədə qərar “Qarabağ”ın ardıcıl 7-ci, tarixdə 8-ci dəfə çempion olmasını rəsmiləşdirib.

YAZTV-nin məlumatına görə, bununla da Ağdam təmsilçisi ölkə rekordunu təkrarlayıb.

Bunadək 1992-ci ildən keçirilən çempionatların rekordçusu “Neftçi” idi. Ölkənin ən titullu klubu 8 çempionluq yaşayıb. “Qarabağ” bakılıların bu göstəricisini təkrarlayıb.

Çempionluq sayında 3-cü pillədə “Kəpəz”dir. Qərblilər”in üç çempionluğu var.

Qeyd edək ki, indiyədək 8 klub Azərbaycan çempionatının qızıl medallarına yiyələnib.

Azərbaycan çempionları
1-2. “Neftçi” – 8 (1992, 1995/96, 1996/97, 2003/04, 2004/05, 2010/11, 2011/12, 2012/13)
“Qarabağ” – 8 (1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20)
3. “Kəpəz” – 3 (1994/95, 1997/98, 1998/99)
4-6. “Şəmkir” – 2 (1999/2000, 2000/01)
“Bakı” – 2 (2005/06, 2008/09)
“Keşlə” – 2 (2007/08, 2009/10)
7-8. “Turan” – 1 (1993/94)
“Xəzər Lənkəran” – 1 (2006/07)

Ronaldu karyerasında ilk dəfə ardıcıl olaraq iki finalda uduzub

Ronaldu karyerasında ilk dəfə ardıcıl olaraq iki finalda uduzub

Portuqaliyalı futbolçu, "Yuventus"un hücumçusu Kriştianu Ronaldu karyerasında ilk dəfə iki final matçını ardıcıl olaraq məğlub tərk edib.

YAZTV xəbər verir ki, bu barədə “Goal” bildirib.

Qeyd edək ki, İtaliya Kubokunun final matçında "Napoli" Turin "Yuventus"una qalib gəlib. Görüş Romanın "Olimpiko" stadionunda keçirilib.

Komandalar matçının əsas vaxtında fərqlənə bilməyiblər. İkinci hissənin başa çatmasından dərhal sonra penalti seriyası olub və “Napoli” 4:2 hesabı ilə qalib gəlib.

Bundan əvvəl "Yuventus" ölkənin Superkubok uğrunda matçda "Latsio"ya uduzub (1:3).

Ronaldu Turin "Yuventus"una 2018-ci ilin yayında Madrid "Real”ından keçib. Hücumçunun transferinin məbləği 117 milyon avro təşkil edib. Müqavilə 2022-ci il ilin yayına qədər qüvvədədir.

PFL "Qarabağ"ın mükafatlandırılma mərasimi ilə bağlı dəyişiklik etdi

PFL "Qarabağ"ın mükafatlandırılma mərasimi ilə bağlı dəyişiklik etdi

2019/2020 mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubunun mükafatlandırılma mərasiminin vaxtı və planında dəyişiklik olub.

YAZTV Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:50-də deyil, 19:00-da keçiriləcək.

Ağdam klubuna çempionluq kuboku və qızıl medalların təqdim olunacağı mərasim canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.

Tədbir "Azersun Arena"da keçiriləcək.

Medallar və kuboku PFL prezidenti Ramin Musayev klub rəhbərliyinə təqdim edəcək.

"Napoli” altıncı dəfə İtaliya Kubokunun qalibi olub

"Napoli” altıncı dəfə İtaliya Kubokunun qalibi olub

İtaliya kubokunun finalında "Napoli"nin futbolçuları penaltilər seriyasında "Yuventus"u məğlub etdilər.

YAZTV-nin məlumatına görə, oyun Romanın "Stadio Olimpiko" meydançasında keçirilib.

Matçın əsas vaxtında komandaların heç biri fərqlənə bilməyiblər. Penalti seriyasında “Napoli”nin futbolçuları daha güclü olublar - 4:2.

"Napoli" turnir finalında altıncı dəfə Kuboku qazanaraq 10-cu oyununu keçirir. "Yuventus" isə final oyunlarda 13 dəfə qələbə qazanıb və altı dəfə məğlub olub.

"Yuventus" İtaliya birinciliyi uğrunda yeni turnirin birinci matşını iyunun 22-də "Bolonya"ya qarşı keçirəcək, "Napoli" isə bir gün sonra "Verona" komandası ilə oynayacaq.

E-Milli Liqanın birinci turuna yekun vurulub

E-Milli Liqanın birinci turuna yekun vurulub

Premyer Liqa, Birinci Divizion, Region Liqası, Qadınlar Yüksək Liqası, çimərlik futbolu, futzal, əlillərdən ibarət komandalar arasında təşkil edilən E-Milli Liqanın birinci turuna yekun vurulub.

YAZTV xəbər verir ki, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda ümumilikdə 28 komanda iştirak edir. Yeddi qrupda keçirilən 14 oyunda 128 qol vurulub. E-Milli Liqanın ən maraqlı oyunları EML-in sosial media səhifələrində canlı yayımlanır.

Çempionatın açılış oyunu “Səbail”–“Qarabağ” matçı 6 min 700-dən çox baxış sayı ilə izləmə rekorduna imza atıb.

E-Milli Liqada ikinci turun oyunlarına iyunun 17-də start veriləcək.

İlk dəfə təşkil olunan EML-də bir sıra yeniliklər edilib. Futbol və kiberidman həvəskarları üçün məşhur futbolçuların və klub rəsmilərinin iştirakı ilə “eSöhbətlər” podkast layihəsinə start verilib. Liqanın rəsmi “YouTube” səhifəsində yayımlanan podkast-da bir-birindən maraqlı qonaqların iştirakı ilə ölkədə kiberfutbolun və kiberidmanın vəziyyəti, klubların öz “eFootball” komandalarında oyunçuları seçmələri haqqında, həmçinin fanatların klublara EML-də göstərdiyi dəstəkdən və peşəkar futbolçuların “eFootball” komandalarına olan marağından söhbət açılıb.

"Qarabağ" "Neftçi"ni keçə bilmədi

"Qarabağ" "Neftçi"ni keçə bilmədi

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatları ölkə çempionatlarının rekordçularına nəsib olub.

YAZTV Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk üç yeri tutan komandalar yarışın tarixində ən çox medal qazanan klublardır.

Qızıl medala sahib olan “Qarabağ” 8-ci çempionluğunu və 14-cü mükafatını qazanıb. Ağdamlılar qızıl medal sayında “Neftçi”nin rekorduna şərik çıxıbsa, ümumi göstəricidə yalnız əsas rəqibindən geri qalır. Qurban Qurbanovun yetirmələri ardıcıl 7-ci dəfə çempion olub və son 8 mövsümdə “üçlük”də yer alıb.

Ardıcıl 2-ci dəfə gümüşlə kifayətlənən “Neftçi” üç ildir mükafatçılar sırasını tərk etmir. Bakılılar hamıdan çox – 18 medala yiyələnib. Çempionluq sayında isə paytaxt klubu ilk yerə şərikdir. Bu dəfəki gümüş “Neftçi”yə daha bir rekord göstərici bəxş edib. Bakılılar hamıdan çox – 4 gümüşün sahibidir. “Ağ-qaralar” bürünc medal sayında da hamıdan öndədir – 6 dəfə.

“Keşlə” iki illik fasilədən sonra mükafatçılar sırasına qayıdıb. Paytaxt klubu tarixində 9-cu medalına yiyələnib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən, bir dəfə yarımçıq qalan, bir dəfə keçirilməyən ölkə çempionatları tarixində 17 klub mükafatçılar sırasına düşüb.

AZƏRBAYCAN ÇEMPİONATLARI BÜTÜN MÜKAFATÇILAR
mövsüm çempion II yer III yer
1992 Neftçi (Bakı) Xəzər (Sumqayıt) Turan (Tovuz)
1993 Qarabağ (Ağdam) Xəzər (Sumqayıt) Turan (Tovuz)
1993/94 Turan (Tovuz) Qarabağ (Ağdam) Kəpəz (Gəncə)
1994/95 Kəpəz (Gəncə) Turan (Tovuz) Neftçi (Bakı)
1995/96 Neftçi (Bakı) Xəzri (Buzovna) Kəpəz (Gəncə)
1996/97 Neftçi (Bakı) Qarabağ (Ağdam) Xəzri (Buzovna)
1997/98 Kəpəz (Gəncə) Dinamo (Bakı) Şəmkir
1998/99 Kəpəz (Gəncə) Şəmkir Neftçi (Bakı)
1999/2000 Şəmkir Kəpəz (Gəncə) Neftçi (Bakı)
2000/01 Şəmkir Neftçi (Bakı) Viləş (Masallı)
2001/02 Yarımçıq qalıb    
2002/03 Keçirilməyib    
2003/04 Neftçi (Bakı) Şəmkir Qarabağ-Azərsun (Ağdam)
2004/05 Neftçi (Bakı) Xəzər-Lənkəran Karvan (Yevlax)
2005/06 Bakı Karvan (Yevlax) Neftçi (Bakı)
2006/07 Xəzər-Lənkəran Neftçi (Bakı) Bakı
2007/08 İnter (Bakı) Olimpik (Bakı) Neftçi (Bakı)
2008/09 Bakı İnter (Bakı) Simurq (Zaqatala)
2009/10 İnter (Bakı) Bakı Qarabağ (Ağdam)
2010/11 Neftçi (Bakı) Xəzər Lənkəran Qarabağ (Ağdam)
2011/12 Neftçi (Bakı) Xəzər Lənkəran İnter (Bakı)
2012/13 Neftçi (Bakı) Qarabağ (Ağdam) İnter (Bakı)
2013/14 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ
2014/15 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ
2015/16 Qarabağ (Ağdam) Zirə (Bakı) Qəbələ
2016/17 Qarabağ (Ağdam) Qəbələ İnter (Bakı)
2017/18 Qarabağ (Ağdam) Qəbələ Neftçi (Bakı)
2018/19 Qarabağ (Ağdam) Neftçi (Bakı) Səbail (Bakı)
2019/20 Qarabağ (Ağdam) Neftçi (Bakı) Keşlə (Bakı)

Premyer Liqanın mükafatçıları klublar üzrə

Klub I II III Cəmi
Neftçi (Bakı) 8 4 6 18
Qarabağ (Ağdam) 8 3 3 14
Kəpəz (Gəncə) 3 1 2 6
Keşlə (Bakı) 2 3 4 9
Bakı 2 2 2 6
Şəmkir 2 2 0 4
Turan (Tovuz) 1 1 2 4
Xəzər Lənkəran 1 3 0 4
Qəbələ 0 2 3 5
Xəzər (Sumqayıt) 0 2 0 2
Xəzri (Bakı) 0 1 1 2
Karvan (Yevlax) 0 1 1 2
Şüvəlan (Bakı) 0 1 0 1
Zirə (Bakı) 0 1 0 1
Simurg (Zaqatala) 0 0 1 1
Viləş (Masallı) 0 0 1 1
Səbail (Bakı) 0 0 1 1

Qeyd edək ki, “Bakı” əvvəl “Dinamo”, “Keşlə” əvvəl “İnter”, “Şüvəlan” əvvəl “Olimpik” adlanıb. “Qarabağ” bir müddət “Qarabağ-Azərsun” adını daşıyıb.

AFFA-nın qərarları açıqlandı

AFFA-nın qərarları açıqlandı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

YAZTV xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri – Kazbek Tuayev, İsgəndər Cavadov, Elmar Məmmədyarov, Mahir Məmmədov, Firudin Qurbanov, Zaur Axundov və Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak ediblər.

COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpa olunması nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarış dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin (11 səs lehinə, 1 səs əleyhinə).
2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın.
COVID-19 qlobal pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunsun.
2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin.
Qeyd: COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər.

EOC-da yeni prezident seçkisinin vaxtı bəlli oldu

EOC-da yeni prezident seçkisinin vaxtı bəlli oldu

Avropa Olimpiya Komitəsində (EOC) keçiriləcək prezident seçkisinin vaxtı bəlli olub. 

YAZTV-nin məlumatına görə, bu barədə TASS-a EOC-un Rabitə və media şöbəsinin nümayəndəsi Donatella Del Qaudio bildirib.

O deyib ki, seçki qurumun 2021-ci ilin payızında ümumi yığıncağında olacaq: "EOC-un nizamnaməsinə uyğun olaraq, təşkilatın birinci vitse-prezidenti Nils Nyoqor növbəti ilin payızınadək müvəqqəti prezident vəzifəsini icra edəcək". 

Qeyd edək ki, EOC-un prezidenti Yanez Koçiyançiç 79 yaşında dünyasını dəyişib. O, 2017-ci ildən qurumun prezidenti idi.

Yardımlıda İdman Kompleksinin açılışı olub

Yardımlıda İdman Kompleksinin açılışı olub

Yardımlı rayonunda İdman Kompleksinin açılışı olub.

Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat (AGİN) katibi Səmayə Məmmədovanın YAZTV-ə verdiyi məlumata görə, bu gün baş tutan açılış mərasimində Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və digər rəsmilər iştirak ediblər.

AGİN-in sifarişi ilə 2013-cü ilin iyun ayından tikintisinə başlanmış Yardımlı İdman Kompleksi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa edilib.

Baş plana əsasən, inşa edilmiş digər bina və qurğular bunlardır:

- Mini futbol meydançası

- Voleybol-basketbol meydançası

- Açıq meydançalara xidmət edən soyunma-geyinmə, duş, sanitar qovşaqdan ibarət bina

- Transformator yarımstansiyası (2x400 Kva gücündə)

- Qazanxana binası

- Nasosxana

- 2 ədəd içməli və yanğın su anbarı (150 m3 və 200 m3)

- Çirkab su anbarı

Kompleksə müstəqil qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri çəkilib, generator quraşdırılıb, ayrılmış sahə hasarlanıb, yaşıllıqlar salınıb, piyada yolları və asfalt-beton yollar çəkilib, binalar müasir idman avadanlıqları, inventarlar, ləvazimat və mebellərlə təchiz edilib, müasir isitmə, soyutma, ventilyasiya, yanğın siqnalizasiya, hidrant sistemi, internet şəbəkəsi, televiziya şəbəkəsi, təhlükəsizlik müşahidə kameraları və digər zəruri qurğu və sistemlərlə təmin edilib.

Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən istifadə etmələri üçün zəruri şərait yaradılıb.

UEFA futzal yarışları ilə bağlı qərarlar qəbul etdi

UEFA futzal yarışları ilə bağlı qərarlar qəbul etdi

Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

YAZTV xəbər verir ki, futzal yarışları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

- Dünya çempionatının pley-off oyunları bu il noyabrın 2-dən 11-dək keçirilsin;

- Avro-2022-nin ilkin seçmə mərhələsinin pley-off oyunları bu il noyabrın 2-dən 11-dək keçirilsin;

- Avro-2022-nin əsas qrup mərhələsinin oyunları bu il dekabrın 6-dan gələn il aprelin 14-dək, pley-off qarşılaşmaları isə gələn il noyabrın 14-dən 17-dək keçirilsin;

- Qadınlardan ibarət milli komandaların iştirakı ilə Avro-2022-nin ilkin mərhələsinin görüşləri gələn il mayın 4-dən 9-dək, əsas mərhələsinin oyunları oktyabrın 19-dan 24-dək, final mərhələsinin qarşılaşmaları isə 2022-ci il martın 24-dən 27-dək keçirilsin;

- 19 yaşadək futzalçılardan ibarət milli komandaların iştirakı ilə Avropa çempionatının final mərhələsinin oyunları gələn il noyabrın 1-dən 7-dək keçirilsin;

- UEFA Çempionlar Liqasının “Dördlər finalı” bu il oktyabrın 8-dən 11-dək Barselonadakı “Palau Blaugrana”da keçirilsin (“Barsa” (İspaniya) – KPRF (Rusiya), “Mursia” (İspaniya)– “Tümen” (Rusiya)); Bu turnirin gələn ilin aprelində keçiriləcək “Dördlər finalı” isə “Minsk Arena”da təşkil edilsin;

İdman Akademiyası onlayn dərslərdə fərqlənənlərə hədiyyə təqdim edib

İdman Akademiyası onlayn dərslərdə fərqlənənlərə hədiyyə təqdim edib

Pandemiya dövründə tədris prosesinin davamlılığının təmin edilməsi üçün tədrisin distant formada həyata keçirilməsinə zərurət yaranıb.

YAZTV-nin məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) artıq illərdir ki, tədris-təlim prosesində informasiya texnologiyalarının imkanlarından geniş şəkildə istifadə etdiyi üçün bu dövrə tamamilə hazır olub. Bu isə öz növbəsində pandemiya dövründə onlayn təhsil prosesinə sürətli keçiddə və tədris prosesinin effektivliyinin təmin edilməsində böyük rol oynayıb.

Akademiya onlayn tədris prosesini Microsoft Teams proqramı vasitəsilə həyata keçirir. Bu proqram ilə tələbələrin statistik məlumatlarını analiz etmək, onların sistemdə olma müddətini görmək, hər bir tələbənin gündəlik nəticələrini nəzarət altında saxlamaq olur. Eyni zamanda, bütün bu proses akademiya rəhbərliyi tərəfindən müşahidə olunub.

Pandemiya dövründə onlayn dərslərdə böyük həvəslə iştirak edən, bütün problemlərə baxmayaraq çəkdiyi zəhmət və məsuliyyəti ilə seçilən bütün tələbələrə təşəkkür bildirmək məqsədilə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan, dərslərdə aktiv və səmərəli iştirak edən aşağıdakı tələbələrə akademiya rəhbərliyi tərəfindən planşet hədiyyə edilib:

Həsən Həsənli - “Məşqçi” ixtisası, 117A8 qrupu

Rəşad İbrahimli -“Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası, 138A2 qrupu

Samir Mirzağayev - “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimi” ixtisası, 129R1 qrupu

Zəhra Axundzadə - “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası, 139A1 qrupu

Mənsur Bağırzadə - “İdman menecmenti və kommunikasiya” ixtisası, 148A1 qrupu