Sunday, 29 Yanvar 2023 15:51
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ronaldunun oğluna görə istintaq başladı

Ronaldunun oğluna görə istintaq başladı

Portuqaliyanın Madeyra şəhərinin polisi İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldunun 10 yaşlı oğlu Kiçik Kriştianunun reaktiv xizək sürməsi ilə bağlı istintaq başladıb.

YAZTV xəbər verir ki, həmin videonu 35 yaşlı hücumçunun bacısı paylaşıb. O, daha sonra həmin görüntüləri silib. Portuqaliya qanunlarına görə, cərimə 2 min funt sterlinqdən çox ola bilər.

Dəniz polisinin rəhbəri Gerreyro Kardosu hadisə ilə əlaqədar istintaqın getdiyini təsdiqləyib.

Polis hazırda reaktiv xizəyin kimə məxsus olduğunu və hadisənin digər hallarını araşdırır.

Şamaxıda stadion inşa olunur

Şamaxıda stadion inşa olunur

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşasına başlanılıb.

YAZTV-nin AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, 2 200 tamaşaçı tutumuna malik stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa, iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb.

Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.

Bakıda paracüdo üzrə Qran-Pri keçirilə bilər

Bakıda paracüdo üzrə Qran-Pri keçirilə bilər

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib.

YAZTV xəbər verir ki, təqvimə əsasən, bu ilin 13-19 noyabr tarixlərində paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplantısı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir.

Eyni zamanda 2021-ci ilin may ayında Bakıda paracüdo üzrə Qran-Pri yarışların keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib.

Qeyd edək ki, 2021-ci il may ayında keçiriləcək Qran-Pri “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Xatırladaq ki, cari ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar bu gün dünyada tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.

Azərbaycan idmançılarına veriləcək maliyyə yardımının məbləği açıqlandı

Azərbaycan idmançılarına veriləcək maliyyə yardımının məbləği açıqlandı

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) koronavirus pandemiyasının maliyyə fəsadlarını azaltmaq üçün idmançılara edəcəyi maliyyə yardımının detallarını açıqlayıb.

YAZTV  Rusiya Qılıncoynatma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, FIE bunun üçün ümumilikdə 1 milyon İsveçrə frankı (1 060 000 ABŞ dolları) ayırıb.

Bu məbləğdən hər federasiyaya 4 min İsveçrə frankı veriləcək. Hakimlərə isə 1 000 İsveçrə frankı ödəniləcək.

Qeyd edək ki, maddi yardımdan Azərbaycan qılıncoynadanları da yararlana biləcəklər.

"Neftçi”nin köməkçi məşqçi vəzifəsinə təyinat olub

"Neftçi”nin köməkçi məşqçi vəzifəsinə təyinat olub

"Neftçi” futbol komandasının məşqçilər korpusuna yeni təyinat olub.

YAZTV-nin klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandamızın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

“Atletiko” qələbəni əldən verdi

“Atletiko” qələbəni əldən verdi

İspaniya La Liqasında XXXV tur başlayıb.

YAZTV-nin məlumatına görə, turun ilk günündə iki matç keçirilib.

“Valensiya” öz meydanında “Valyadolid”lə qarşılaşıb. “Yarasalar” oyunun sonlarında qələbə qolunu vuraraq 3 xal əldə ediblər.

Mükafatlara iddialı “Atletiko” “Selta”nın qonağı olub. Madrid təmsilçisi ilk dəqiqədə erkən qol vursa da, üstünlüyünü qoruya bilməyib.

Qeyd edək ki, tura iyulun 9-da yekun vurulacaq.

İspaniya La Liqası
XXXV tur
7 iyul
“Valensiya” – “Valyadolid” – 2:1
Qomes, 30, Li, 89 – Qarsia, 47
“Selta” – “Atletiko” – 1:1
Beltran, 49 - Morata, 1

Bruno Fernandes iyun ayının ən yaxşı futbolçusu seçilib

Bruno Fernandes iyun ayının ən yaxşı futbolçusu seçilib

Futbol üzrə İngiltərə çempionatında iyun ayının ən yaxşı futbolçusu müəyyənləşib.

YAZTV  turnirin saytına istinadla xəbər verir ki, bu mükafata “Mançester Yunayted”in futbolçusu Bruno Fernandes layiq görülüb.

Portuqaliyalı yarımmüdafiəçi ötən ay Premyer Liqada iştirak etdiyi 3 oyunda 3 qol vurub. Fernandes fevralda da ən yaxşı futbolçu seçilmişdi.

“Mançester Yunayted” “Aston Villa”nı məğlub edib

“Mançester Yunayted” “Aston Villa”nı məğlub edib

İngiltərə Premyer Liqasının 34-cü turunda “Aston Villa” “Mançester Yunayted”-lə qarşılaşıb.

YAZTV xəbər verir ki, qarşılaşma Birminhemdə, “Villa Park” stadionunda keçirilib və “Mançester Yunayted”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 27-ci dəqiqədə açılıb. Brunu Fernandeş 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. Birinci hissənin sonlarına Meyson Qrinvud hesabdakı üstünlüyü artırıb. İkinci hissədə Pol Boqba Fernandeşin ötürməsini qola çevirib - 3:0.

“Mançester Yunayted” 58 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. “Aston Villa” 27 xalla 19-cu yerdədir.

“Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək”

“Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək”

"Son aylar dünyanın baş ağrısına çevrilmiş koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməyib. Amma ümidverici məqam odur ki, möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyətli dəstəyi və qərarları sayəsində ölkəmizdə preventiv tədbirlər görüldü".

YAZTV  xəbər verir ki, bu fikirlər Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudova məxsusdur.

F.Umudov qeyd edib ki, ölkə başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanda pandemiya geniş vüsət ala bilməyib:

"Pandemiyanın təsir göstərə biləcəyi sahələr ciddi nəzarətə götürüldü. Məhz onun nəticəsidir ki, bu gün ölkəmizdə pandemiya geniş vüsət ala bilmədi. Ali Baş Komandan və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva dəfələrlə xalqımıza müraciət etdilər, nümunələr göstərdilər. Cənab Prezidentin göstərişlərinə əsasən ölkəmizdə modul tipli xəstəxanalar istifadəyə verildi. Sərt karantin rejimi tətbiq olundu. Bu müddət ərzində insanlara zəruri maddi və mənəvi yardımlar göstərildi. Heç kimə sirr deyil ki, bütün bunlar məhz xalqın sağlamlığının qorunması üçündür. Çünki əhalinin sağlamlığının qorunması prioritet məsələdir. Bundan başqa, Prezidentimiz və Birinci vitse-prezidentimiz qapalı məkanlarda maska taxaraq insanlara örnək, nümunə oldular. İnsanlar üçün bir etalona çevrildilər. Əhaliyə maska taxmaq, məsafə saxlamaq və gigiyena qaydalarına əməl etməklə bağlı mühüm çağırışlar etdilər, tövsiyələr verdilər. İnsanlar üçün yeni bir həyat kredosunun cığırını açdılar. Yeni yaşam tərzinin qaydalarını izah etdilər. Sözsüz ki, bütün bu tövsiyə və çağırışlar öz müsbət effektini verdi, verir və verməkdədir.

Doğrudur, dünyanı cənginə alan bu gözəgörünməz düşmənlə mübarizə zamanı bəzi yarıtmaz qüvvələr sosial platforma üzərindən cəmiyyətdə ajiotaj yaradan dezinformasiyalar tirajlayıb, cəmiyyəti təşvişə salmaq istəyirdilər. Lakin bu baş tutmadı. Ona görə ki, ölkə başçısı və Birinci vitse-prezidentin daim xalqın yanında olması, daim xalqın səsinə səs verməsi, daim xalqa dəstək ifadə etməsi bütün bu təhdidlərin qarşısını aldı. Artıq insanlar üzərlərində ölkə rəhbərliyinin dəstəyini, qətiyyətini, polad iradəsini gördülər.

Xalq öz Liderinə inandı, güvəndi və etimad göstərdi. Axı “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” ifadəsi təsadüf seçilmiş epizodik bir ifadə deyil. Bu, reallıqla çulğalaşan bir deyimdir. Məhz bu inam və etimadın göstəricisidir ki, bu gün bütün rayonlarımızdan Prezidentə təşəkkür məktubları gəlir. Onu da unutmaq olmaz ki, pandemiya ölkəmizə yenicə ayaq açanda Ali Baş Komandan, möhtərəm Prezidentimiz “Biz birlikdə güclüyük” ifadəsini işlətdi və qısa bir zamanda bu ifadə ölkədə sloqana, trendə şüara çevrildi".

Federasiya Rəsmisi idmançıların birlik göstərərək virusa qarşı mübarizəyə dəstək göstərməsi məsələsinə də toxunub:

"Əlbəttə, Azərbaycan idman ictimaiyyəti də bu şüardan kənarda qala bilməzdi, qalmadı da... Bütün idmançılar “Biz birlikdə güclüyük” şüarını əsas tutaraq ölkədə virusa qarşı aparılan mübarizəyə dəstəyini ifadə etdi. Evdə qaldıq, amma idmandan qalmadıq. Çünki biz əminik ki, ölkə rəhbərliyinin gördüyü kompleks işlərin sayəsində bu qara buludlar ölkəmizin başı üzərindən çəkiləcək və həyat öz axarına dönəcək. Yenə də biz idmançılar beynəlxalq arenalarda müstəqil və qüdrətli Azərbaycanımızın şanlı bayrağını möhtəşəm himnimizin sədası altında ucaldacağıq. Heç kimə sirr deyil ki, bəşəriyyət belə fors-major hallarla çox üzləşib. İstər Dünya müharibələri illərində, istərsə də Dağlıq Qarabağ münaqişəsi dövründə idman ictimaiyyəti bu cür fövqəlvəziyyətlərdən üzüağ çıxıb.

1990-cı illərin əvvəlləri Azərbaycanın odlu-alovlu, məşəqqətli bir tarixi idi. Məhz həmin dönəmdə biz idmançılar yağış kimi yağan mərmilər altında məşqlərimizi davam etdirirdik. Məqsəd isə bir idi: “Azərbaycanımızı dünyada tanıtmaq, bayrağımızı zirvələrə yüksəltmək”.

Lakin bunun üçün şərait yox idi. Biz heç beynəlxalq yarışlara qatıla bilmirdik. Amma Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan öz müstəqilliyini əldə etdi, möhkəmləndirdi. Respublikamızın memarı olan Ümummili Liderin uzaqgörən və dəmir məntiqlə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın müstəqilliyi dönməz, sarsılmaz bir xaraktrer aldı. Və bu sarsılmazlıq, dönməzlik və əbədilik bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada böyük nüfuz və imicə malik müstəqil, qüdrətli sabit və stabil bir ölkəmiz var. Azərbaycanın dünyada sabitlik adası kimi tanınması heç də təsadüfi deyil. Məhz bu sabitliyin, əmin-amanlığın nəticəsidir ki, Azərbaycan həm də bir idman ölkəsinə çevrilə bildi. Nəhəng idman turnirlərinə ev sahibliyi edə bildi. Və bunun da nəticəsində Avropa, dünyaya çıxış əldə etdi. İndi dünya idman arenalarını Azərbaycansız təsəvvür etmək mümkün deyil.

Məsələn, elə bu günlərdə Dünya Güləş Birliyi (UWW) ilin sonunadək keçirilməsi planlaşdırılan dünya və Avropa çempionatlarının yeni təqvimini açıqladı. Yeniyetmələr arasında Avropa çempionatının oktyabrın 5-dən 11-dək Polşada (şəhər bəlli deyil), gənclərin Avropa çempionatının oktyabrın 19-dan 25-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə, U-23 dünya çempionatının isə noyabrın 23-dən 29-dək Finlandiyanın Tampere şəhərində keçirilməsi planlaşdırılır. 23 yaşadək güləşçilərin dünya çempionatını təşkil etmək mümkün olmasa, həmin tarixlərdə bu yaş qrupu üzrə qitə birinciliyinin keçirilməsi nəzərdə tutulub".

Firdovsi Umudov təxirə salınan beynəlxalq yarışlar barəsində də məlumat verib:

"UWW mövcud şəraiti nəzərə alaraq gənclər və böyüklər arasında dünya çempionatının eyni məkanda baş tutmasını məqsədəuyğun sayır. Plana əsasən, gənclər arasında DÇ dekabrın 4-dən 10-dək, böyüklər arasında analoji yarış isə dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Əlbəttə, Azərbaycanın idman ictimaiyyəti böyük hünər və coşğu ilə bu yarışlara qatılıb, yüksək əyyarlı medallar uğurunda mübarizə aparacaq. Ölkəmizə, xalqımıza qələbə, zəfər sevinci yaşadacaqlar. Əlbəttə, müstəqil Azərbaycanımıza, dövlətimizə, xalqımıza yalnız qələbə yaraşır. İnanıram ki, bir gün dünyanın ən nəhəng idman turnirləri Azərbaycanın ev sahibliyi ilə Dağlıq Qarabağda keçiriləcək ! Tanrı müstəqil Azərbaycanımızı, uca xalqımızı və bu dövlətin, millətin qarantı olan Ali Baş Komandanımızı qorusun!".

Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi

Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha 2 köməkçisi məlum olub.

YAZTV xəbər verir ki, Benni Karbone və Klaudio Beluççi də yığmanın məşqçilər korpusunda yer alacaq.

Karbone son olaraq 2017/2018 mövsümündə yerli "Krotone"də köməkçi məşqçi işləyib. Beluççinin son klubu isə "Albissolo" (2018/2019) olub.

Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən Ansi Aqollinin də Azərbaycan millisində çalışacağı gözlənilir.

AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.

Bu gün Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşəcək

Bu gün Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşəcək

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

YAZTV-nin məlumatına görə, saat 15:00-da başlayacaq iclasda digər məsələlərlə yanaşı, Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlər ətrafında müzakirələr gedəcək.

Hazırda bu posta 2 əsas namizəd var. Onlardan biri italiyalı Canni De Byazi, digəri isə irlandiyalı Roy Kindir. 3-cü və ehtiyat variant isə ötən il millidə xorvatiyalı baş məşqçi Nikola Yurçeviçin köməkçisi olmuş Arif Əsədovdur. Amma De Byazinin baş məşqçi təyin edilmə ehtimalının yüksək olduğu bildirilir.

Qeyd edək ki, Roy Kin 1993 - 2005-ci illərdə İngiltərə "Mançester Yunayted"ində çıxış edib. O, 1997-ci ildə Erik Kantonanın gedişindən sonra "qırmızı şeytanlar"ın kapitanı olub. Keçmiş yarımmüdafiəçi bu müddət ərzində 7 dəfə İngiltərə çempionluğu, 4 dəfə isə ölkə kubokunu qazanıb. 1998/1999 mövsümündə Çempionlar Liqasının qalibi olmuş keçmiş oyunçu 1991 - 2005-ci illərdə İrlandiya yığmasının formasını geyinib.

Baş məşqçi kimi Roy Kinin son iş yeri 2009 - 2011-ci illərdə "İpsviç Taun" klubunda olub. Kin 2006/2007 mövsümündə "Sanderlend" komandası ilə Çempionşipin qalibi olub. İrlandiyalı mütəxəssis 2007-ci ilin fevral və mayında iki dəfə bu liqada ayın məşqçisi seçilib. O, həm də İrlandiya yığmasında 2013 - 2018-ci illərdə köməkçi-məşqçi kimi çalışıb. Son olaraq, Kin 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.

Futbolçu kimi elə də ciddi uğurları olmayan Canni De Byazinin əsas nailiyyəti məqçilik karyerası ilə bağlıdır. İtaliyada SPAL, "Modena", "Breşiya", "Torino" və Udineze" kimi komandalara rəhbərlik etmiş 64 yaşlı mütəxəssis ilk iki kollektivlə C Seriyasının qalibi olub. O, ən böyük uğurunu isə millidə çalışarkən qazanıb. 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. Onun sonuncu iş yeri isə İspaniya "Alaves"i olub. Təcrübəli mütəxəssis 2017-ci ildən işsizdir.

Messi La Liqanın cari mövsümündə yeni rekorda imza atıb

Messi La Liqanın cari mövsümündə yeni rekorda imza atıb

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 31-ci turunun "Vilyarreal"la matçında iki məhsuldar ötürmə müəllifi olub.

YAZTV xəbər verir ki, beləliklə, La Liqanın cari mövsümündə argentinalı futbolçunun məhsuldar ötürmələrinin sayı 19-a çatıb. Bu, Messinin yeni rekordudur.

Messi qolla nəticələnən 19-cu ötürməsi ilə İspaniya çempionatının lideridir. Bundan başqa, argentinalı bombardirlər siyahısına da başçılıq edir - onun hesabında 22 qol var. Siyahıda ikinci yerdə Madrid "Real"ının hücumçusu Kerim Benzema (17 qol) qərarlaşıb.

"Barselona" turnir cədvəlində "Real"dan sonra ikinci yerdədir.