Nazir: İdmanın inkişafı üçün ictimaiyyətin bu sahəyə dəstəyi gərəkdir

Nazir: İdmanın inkişafı üçün ictimaiyyətin bu sahəyə dəstəyi gərəkdir

Bölgələrdə idman infrastrukturunun möhkəmləndirilməsi həmişə prioritet məsələdir. Dövlətlə yanaşı, sahibkarların, ictimai təşkilatların, o cümlədən idman federasiyalarının da fəaliyyəti vacibdir. Bu baxımdan Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə “Ağstafa Olimpiya İdman Klubu”nun və Sabirabad şəhərində cüdo təlim mərkəzinin istifadəyə verilməsi bu idman növünün həmin rayonda inkişafına böyük təkan verəcək. Federasiyanın bu son bir ildə regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Buna görə federasiya rəhbərliyinə təşəkkür edirəm.

YAZTV xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun yanvar ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.

“Azərbaycan Ağır Atletika Federasiyasının “Təkan” layihəsinin təqdimatını da xüsusi qeyd etmək istəyirəm. İdmanın inkişafı, infrastrukturun möhkəmlənməsi üçün ictimaiyyətin bu sahəyə dəstəyi gərəkdir. Məhz bu səbəbdən federasiyanın istifadəyə verdiyi “Təkan” platforması vasitəsilə istənilən şəxs istədiyi kluba ianə edə biləcək, fəaliyyətinə dəstək verəcək. Bunun üçün www.tekan.az saytına daxil olmaq yetərlidir”, - nazir vurğulayıb.