Avropa Kuboku Göygöldə keçiriləcək

Avropa Kuboku Göygöldə keçiriləcək

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək. “YAZTV” xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 6-7 may 2023-cü ildə Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq. 

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib ki, Azərbaycan cüdo idman növü üzrə Dünya Çempionatı, Böyük Dəbilqə, Qran Pri və s. kimi yarışlara dəfələrlə ev sahibliyi edib: “Növbəti belə yarışımız 4-6 noyabr 2022-ci ildə keçiriləcək Böyük Dəbilqə yarışı olacaq. Lakin, indiyə qədər Beynəlxalq Cüdo Federasiyası (IJF) və ACB-nin rəsmi təqviminə daxil olan və ölkəmizdə keçirilən beynəlxalq yarışlar adətən Bakıda təşkil edilib və bir qayda olaraq, böyüklər arasında keçirilib. Avropa Kuboku isə regionda təşkil edilən ilk rəsmi beynəxalq statuslu yarış olacaq və yeniyetmələr arasında keçiriləcək. Bu baxımdan, bu yarışın cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rolu olacaqdır”.

O, həmçinin bu yarışın yeniyetmələrdən ibarət milli yığmanın üzvlərinin öz peşəkarlıqlarını artırmaları, həmçinin növbəti il yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyən edilməsi baxımından mühüm rol oynayacağını da qeyd edib.

Qeyd edək ki, yarış bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə 8-10 may 2023-cü ildə beynəlxalq təlim-məşq toplanışı da təşkil ediləcək.