Gəncədə “Heydər Əliyev İli” ilə bağlı “Təmiz şəhər” aksiyası keçirilir

Gəncədə “Heydər Əliyev İli” ilə bağlı “Təmiz şəhər” aksiyası keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Gəncə şəhərində “Təmiz şəhər” aksiyası həyata keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, aksiya çərçivəsində Gəncə şəhərinin müxtəlif ərazilərində təmizlik və abadlıq işləri görülür. Mart ayı ərzində Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq şöbələri tərəfindən şəhərimizin park və xiyabanlarında, küçə və prospektlərində, həmçinin Gəncəçay çayının məcrasında iməcliklər təşkil olunub, abadlıq, təmir-bərpa işləri həyata keçirilib, yaşıllıq zolaqlarına qulluq göstərilib, yeni ağaclar və gül kolları əkilib. Park və xiyabanlarda olan və təmirə ehtiyac duyan oturacaqlar bərpa edilib.

Yaşıllıq zolaqlarına xüsusi aqrotexniki qulluq göstərilərək, yerli iqlimə uyğun yeni ağaclar və dekorativ kollar əkilib, güllərdən ibarət kompozisiyalar yaradılıb.

Bununla yanaşı, MKTİB-nin Təmir-tikinti və Qəza xidməti şöbəsi tərəfindən şəhərin bir sıra küçələrində olan işıq dayaqları, körpülərin dəmir məhəccərləri və kiçik tutumlu zibil qutuları yuyularaq təmizlənib. İşlər MKTİB-in xüsusi texnikaları vasitəsi ilə həyata keçirilib.

Aparılan genişmiqyaslı təmizlik işləri Gəncəçay çayının məcrası boyu davam etdirilib. Çayın məcrası məişət tullantılarından, ağac budaqlarından, kol-kos və alaq otlarından təmizlənib.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Təmiz şəhər” aksiyası çərçivəsində görülən işləri daim diqqətdə saxlayır. Şəhər rəhbəri iməcliklərin keçirildiyi ərazilərə baş çəkərək, görülən işlərlə yerində tanış olur, öz tapşırıq və tövsiyələrini verir.

Görülən işlər Gəncə şəhər sakinləri tərəfindən də müsbət qarşılanır.

Qeyd edək ki, “Təmiz şəhər” aksiyası çərçivəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.