Tuesday, 30 May 2023 03:09
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bakı metrosu nə vaxt açılacaq? - RƏSMİ

Bakı metrosu nə vaxt açılacaq? - RƏSMİ

"Metro sərnişinlərinin üzünə hər zaman açıqdır".

YazTV xəbər verir ki, bunu "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metronun açılması Nazirlər Kabineti Yanında yaradılan Operativ Qərargahın qərarına bağlıdır:

"Hələ bir məlumat yoxdur. Metronun açılmasına Operativ Qərargahın qərarından asılıdır. Amma biz hər zaman hazırıq. Əsas vəzifəmiz infrastrukturu qorumaqdır".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə "Bakı Metropoliten"ində qatarların hərəkəti 31 mart 2020-ci dayandırılıb.

Banklar kreditlə bağlı hansı güzəştləri edəcək? - Mərkəzi Bankdan AÇIQLAMA

Banklar kreditlə bağlı hansı güzəştləri edəcək? - Mərkəzi Bankdan AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul edib.

YazTV xəbər verir ki, bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan müvafiq tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, eyni zamanda daha geniş istiqamətləri, o cümlədən fiziki şəxslərin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiyasını, dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tutur.

Qeyd edilir ki, pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi istiqamətində İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi iqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilmiş, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yaradılacaq. Banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcək.

Eyni zamanda, 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiya imkanlarının yaradılması nəzərdə tutulur. Bu tədbir nəticəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş 1 mlrd. manat həcmində biznes kreditləri üzrə 10 minə yaxın iş adamının güzəştlərdən faydalanması üçün imkan yaranacaqdır.

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaqdır. Bu tədbir nəticəsində 1.1 mlrd. manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın sayda borcalanın faydalanması imkanı yaranacaqdır. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaqdır. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcəkdir.

Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib.

Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcəkdir və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcəkdir. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.

Bu məqsədlə banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.

Bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması istiqamətində tibbi ləvazimat və avadanlıqlar istehsalçılarına verilən kreditlərin risk səviyyəsi 100%-dən 20%-ə qədər azaldılacaq və beləliklə bu sahəyə banklar tərəfindən daha ucuz və daha az kapital sərf etməklə kredit ayırmağa imkan yaradılacaq.

İqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsini nəzərə alaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə 30 sentyabr 2020-ci il tarixinədək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50%-ə qədər endirilməsi və bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin 50%-ə qədər endirilməsi tədbirləri nəzərdə tutulur.

Pandemiya şəraitində iqtisadi aktivliyin azalması sığorta bazarında sığorta haqlarının həcminə də mənfi təsir etməkdədir. Digər tərəfdən sığorta olunanlarla sığortaçılar arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinə çıxışın məhdudlaşmasına gətirib çıxarır. Bunu nəzərə alaraq, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması istiqamətində də tədbirlər nəzərdə tutulur.

Könüllü sığorta müqavilələri üzrə karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 30 sentyabr 2020-ci il tarixinə kimi möhlət verilməsi, habelə sığorta xidmətlərinin elektron vasitələrdən effektiv istifadə etməklə göstərilməsi sığortaçılara tövsiyə edilib.

Karantin rejimindən birbaşa təsirlənən sığortalılar üzrə sığorta haqlarının ödənilməsində veriləcək möhlətlər ilə bağlı olaraq sığorta şirkətlərinə münasibətdə ilin sonunadək müvafiq requlyativ yumşalmalar tətbiq ediləcəkdir.

Mərkəzi Bank tərəfindən koronavirus pandemiyasının kapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldılması istiqamətində də tədbirlərin həyata keçrilməsi nəzərdə tutulur.

Bu məqsədlə investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərin görülməsi 1 yanvar 2021-ci ilədək, investisiya şirkətləri və fond birjası tərəfindən illik audit hesabatların açıqlanması isə 30 sentyabr 2020-ci ilədək uzadılacaqdır. Bununla yanaşı qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən hesabatların açıqlanması da 1 ay müddətinə uzadılıb.

Eyni zamanda, Milli Depozit Mərkəzinə səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflərin 30 sentyabr 2020-ci ilədək investorlardan tutulmaması, Bakı Fond Birjasına isə emitentlərdən korporativ istiqrazlar üzrə listinq tariflərini 1 yanvar 2021-ci il tarixinədək tutulmaması və qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlərin sayının minimallaşdırılması tövsiyə ediləcəkdir.

Qeyd olunan tədbirlər kapital bazarı iştirakçılarının requlyativ yükünü yüngülləşdirməklə investorun tranzaksiya xərclərinin optimallaşıdırılmasını və dövlət qiymətli kağızlar bazarında təkrar bazar əməliyyatlarının daha çevik aparılmasını təmin edilib.

Bütövlükdə nəzərdə tutulan tədbirlər pandemiya şəraitində biznesə və əhaliyə göstərilən maliyyə xidmətlərinin fasiləsizliyinin təmin olunmasına, iqtisadiyyatın kreditləşməsinin davam etdirilməsinə, maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunmasına şərait yaradacaqdır.

Bütün qeyd olunan tədbirlərin (tədbirlər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar – https://uploads.cbar.az/press-releases/4abaa71e03055090a17e75d89.pdf) səmərəli icrasını təmin etmək üçün əlaqədar dövlət orqanları və maliyyə sektorunun iştirakçıları, maliyyə xidmətlərinin istehlakçıları ilə birlikdə sıx koordinasiya işi qurulacaq və əldə olunan nəticələr barədə cəmiyyət davamlı olaraq məlumatlandırılacaqdır.

Tanınmış jurnalist və “PR”çı yeni vəzifəyə təyin olundu

Tanınmış jurnalist və “PR”çı yeni vəzifəyə təyin olundu

Azərbaycanın tanınmış jurnalistlərindən olan İlkin Bağırov (İlkin İzzət) ölkənin ən böyük mağazalar şəbəkəsində yüksək vəzifəyə təyinat alıb.

YazTV-nin əldə etdiyi məlumata görə, o, “OBA” Marketlər Şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Məsələni dəqiqləşdirmək üçün İ.Bağırovla əlaqə saxladıq. O, faktı təsdiq edib: “Bəli, doğrudur. Artıq 10 gündür ki, “OBA” Marketlər Şəbəkəsində yeni işə başlamışam. Çalışacam ki, bu işin də öhdəsindən ləyaqətlə gələm, vəzifəmi vicdanla, ləyaqətlə və peşəkar tələblərə uyğun həyata keçirərək, təmsil etdiyim qurumun daha böyük uğurlar əldə etməsinə əlimdən gələn töhfəni verəm”.

Qeyd edək ki, İlkin İzzət 1998-ci ildən bəri televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi və portalları da daxil olmaqla müxtəlif kütləvi informasiya vasitələrində fərqli vəzifələrdə, həmçinin böyük şirkətlərdə ictimai kommunikasiyalar departamentinin rəhbəri və Milli Məclisdə məsləhətçi kimi çalışıb. “OBA”dakı təyinatına qədər isə rəsmi olaraq son iş yeri İctimai Televiziya və Radio Yayımları Şirkəti olan İ.Bağırov İTV-də şərhçi və redaktor vəzifələrini icra edib.

Xatırladaq ki, “OBA” Marketlər Şəbəkəsi “Veysəloğlu” Şirkətlər Qrupuna daxildir.

Qaz smart-kartlarına 10 manatlıq hədiyyə ilə bağlı məlumat - RƏSMİ

Qaz smart-kartlarına 10 manatlıq hədiyyə ilə bağlı məlumat - RƏSMİ

Dünən gecə saatlarından bəzi sosial şəbəkə istifadəçiləri smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verilib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən YazTV-ə verilən məlumata görə, bununla da insanların kütləvi aldadılması halları aşkarlanıb.

“Azəriqaz” İstehsalat Birliyi olaraq bəyan edirik ki, belə məlumatlara aldanmayın və aşağıdakı şərhimizə diqqətlə yanaşın. Ümumiyyətlə smart-kartın bərpası deyilən bir xidmət mövcuddur. Yəni sosial şəbəkələrdə bu barədə yayılan video materialda da həmin proses tam düzgün izah olunur. Smart-kart necə bərpa olunursa, ondan danışılır.

Abonent məsələn, 10 manat vəsait yükləyib. Bu zaman kartı terminaldan tez götürərkən və ya həmin anda internet ötürücülərdə problem yaranarsa, vəsait karta yüklənməyə bilər. Amma ödəniş ödəmə qəbzində əksini tapır. Bir anda abonent vəsaitin yükləndiyini başa düşür və gəlib kartdakı məbləği sayğaca yükləyəndə, sıfır göstəricisi göstərir. Bu halda məsləhət görülür ki, smart-kart təkrar aparılmalıdır ödəniş terminalına və menyuda “Smart-kartın bərpası” seçilməklə əvvəlki məbləğ yenidən yüklənilməlidir. Yəni proses bu qədər sadədir", - deyə məlumatda bildirilir.

"Lakin kimlərsə bunu tamam başqa məqsədlərə yönəldib. Dünən gecə saatlarından etibarən belə bir ajiotaj yaradılıb ki, ödəniş terminallarında “Smart-kartın bərpası” düyməsini klikləməklə kartlara əlavə 10 manat da yükləmək mümkündür. Bəziləri bunu “Azəriqaz” İB-nin vətəndaşlara “hədiyyəsi” kimi də qələmə verib. Birliyin sosial şəbəkələrdə apardığı monitorinq zamanı da müşahidə edilib ki, bəzi marketlərdəki ödəmə terminalları qarşısında gecə saatlarında hətta növbələr də yaranıb.

Bildirmək istərdik ki, bu yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsur yarada bilər. Çünki hər ödəmə bir vahid kod üzərində icra olunur və təkrarsızdır. Yəni kartı ödəmə terminalına zərurət olmadığı halda daxil edib “Smart-kartın bərpası” düyməsini klikləyib əməliyyatı həyata keçirmək, yalnız həmin kartın sıradan çıxmasına gətirib çıxara bilər. Belə olan halda kartda yaranan qüsurlara görə yeni məbləğ yükləniləndə problemlər yaranacaq və bundan başqa abonentlər kartlarının əvvəlki qaydada işləkliyini təmin etmək üçün “ASAN xidmət”, “ASAN Kommunal” və Birliyin xidmət sahələrinə üz tutmalı olacaqlar. Bu zaman onların həm vaxt itkisi ilə üzləşməsi, həm də müəyyən müddətə qazsız qalması qaçılmazdır", - deyə xəbərdə bildirilir.

Azərbaycanda vergi işçilərinin maaşları artacaq

Azərbaycanda vergi işçilərinin maaşları artacaq

Azərbaycanda Vergi xidməti əməkdaşlarının aylıq gəlirlərinin kəskin artması gözlənilir.

YazTV xəbər verir ki, bu «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»də dəyişiklik nəticəsində baş verəcək.

Qeyd edək ki, əsasnaməyə görə, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay əlavə haqq ödənilir. Əlavə haqqın məbləği vergi əməkdaşının vəzifəni tutduğu müddətdən asılı olaraq dəyişirdi. Belə ki, vergi əməkdaşı vəzifəni 1 ildən 5 ilədək tutanda 21 manat, 5 ildən 10 ilədək – 24 manat, 10 ildən 15 ilədək – 27 manat, 15 ildən 20 ilədək – 30 manat, 20 ildən 25 ilədək – 39 manat, 25 ildən 30 ilədək – 45 manat və 30 ildən yuxarı – 60 manat miqdarında əlavə haqq ödənilirdi.

İndi isə qaydalar dəyişir və ödənişlərin məbləği kəskin artır. Yeni qaydaya görə, vergi əməkdşları vəzifədə 1 ildən 5 ilədək olduqda vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi, 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi, 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində əlavə haqq alacaqlar.

Bundan başqa, məzuniyyətə çıxan vergi əməkdaşları da əlavə ödəniş alacaqlar. Əsasnaməyə edilən dəyişikliyə görə, vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Bu dəyişikliklər parlamentdə təsdiqlənəndən sonra 2020-ci ilin əvvəlindən tətbiq ediləcək.

Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

YazTV-nin məlumatına görə, bununla əlaqədar Vergi Məcəlləsinə yeni - XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) təklif edilir.

Layihə Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 5.1-5.11-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb və pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutulur:

 

Pandemiyanın bilavasitə təsir etdiyi aşağıdakı fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsini nəzərdə tutulur:

- avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

- yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

- turoperator və turagent fəaliyyəti;

- sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti;

- ictimai iaşə fəaliyyəti;

- sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

- idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

- hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;

- əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Göstərilənlərlə yanaşı pandemiyasının mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə aşağıdakı güzəştlərin verilməsi nəzərdə tutulur:

- fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi.

- 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son vergini ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması.

- mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;

- ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması.

Mikro sahibkarlıq subyektlərinə:

- sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi;

- 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdəcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Bütün sahibkarlıq subyektlərini əhatə edən aşağıdakı vergi güzəştlərinin verilməsi nəzərdə tutulur:

- epidemiyanın qarışının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;

- əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.

Koronavirusun Azərbaycana vurduğu gündəlik zərər açıqlandı

Koronavirusun Azərbaycana vurduğu gündəlik zərər açıqlandı

Koronavirus pandemiyası ölkə iqtisadiyyatına böyük məbləğdə ziyan vurur. Bu rəqəmləri tam müfəssəl formada hesablamaq çətindir. Gündəlik itkilər təqribən 120-150 milyon manatdır.

YazTV xəbər verir ki, bu sözləri aprelin 25-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir əlavə edib ki, ehtiyac duyulacağı təqdirdə əlavə dəstək tədbirləri barədə də təhlillər aparılacaq.

Neftin qiyməti Azərbaycana necə təsir edəcək? - Prezident açıqladı

Neftin qiyməti Azərbaycana necə təsir edəcək? - Prezident açıqladı

Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında neftin qiymətinin düşməsindən danışıb.

YazTV xəbər verir ki, dövlət başçısı neftin ucuzlaşmasının Azərbaycanda heç bir social layihəni dayandırmayacağını deyib:

“Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirdik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində zirvə görüşü bizim təşəbbüsümüzlə keçirilmişdir. Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir”.

Vergi güzəştləri evini icarəyə verənlərə də aiddir

Vergi güzəştləri evini icarəyə verənlərə də aiddir

Deputat Vüqar Bayramov pandemiyanın təsir etdiyi sahələrə tətbiq olunan vergi güzəştlərindən danışıb.

YazTV xəbər verir ki, deputat Azad Azərbaycan kanalının efirində bildirib ki, vergi sahəsində təklif olunan güzəştlər təkcə fərdi sahibkarları deyil, eyni zamanda daha iri, orta və kiçik sahibkarları da əhatə edir:

"Güzəştlərdən biri də əmlak və torpaq vergisi ilə bağlıdır. Həmin vergidən təklif olunan müddətdə sahibkarlar azad olunacaq. Bu da onunla bağlıdır ki, pandemiya dövründə sahibkar gəlir əldə edə bilmir. Ancaq onun əmlakı var. Sahibkar əmlak vergisi ödəyirsə, bu onun üçün əlavə bir xərcdir. Dövlətin güzəştlər tətbiq etməkdə də məqsədi ondan ibarətdir ki, sahibkarları həmin xərcdən azad etsin. Eyni zamanda, post pandemiya dövründə sahibkarların yenə də xərclərinin azaldılmasına nail olmaq məqsədi var ki, onlar qısa müddətdə fəaliyyətini bərpa edə bilsin. Eləcə də evini icarəyə verən, müəyyən ofis icarəyə götürən vətəndaşlarımız üçün də güzəştlər nəzərdə tutulub. Bildiyiniz kimi, həmin vətəndaşlarımız gəlir mənbəsindən 14 faiz vergi ödəyirlər. Bu vergi dərəcəsi də 14 faizdən 7 faizə endiriləcək. Bu da icarə müqavilələrinin rəsmiləşdirilməsi baxımından vacibdir. Bundan əlavə, icarədən gəlir əldə edən vətəndaşlarımızın xərclərinin azaldılmasına xidmət edir. Mikrosahibkarlar sadələşdirilmiş vergi subyektləri ödəyicisidirlərsə, onlar üçün vergi 2 faizdən 1 faizə endiriləcək. Bu da mikrosahibkarların xərclərinin azaldılması baxımından vacibdir.

Aqrar sektorda da güzəştlərin edilməsi nəzərdə tutulub. Aqrar sektorda 2020- ci il yanvarın 1-dən etibarən ödənilən sosial haqlarda dəyişikliklər var idi. Yeni dəyişikliklərə əsasən, sosial haqlar differensial olaraq tətbiq olunacaq. Əvvəlki dövrlərdə kiçik sahədə torpağı olan vətəndaşlarımıza minumum əməkhaqqının 6 faizi həcmində ödəniş nəzərdə tutulmuşdu. İndi isə təklif edilir ki, vətəndaşın sahib olduğu pay torpağının sahəsi 5 hektara qədərdisə, bu zaman 6 faiz yox, 2 faiz vergi ödəyəcək. 5-10 hektar arası olduqda isə 6 faiz vergi ödəyəcək. Burada da məqsəd ondan ibarətdir ki, nisbətən kiçik sahəli pay torpaq sahiblərinin vergi dərəcələri azaldılsın".

Bu gün Azərbaycanda Sahibkarlar Günüdür

Bu gün Azərbaycanda Sahibkarlar Günüdür

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

YazTV
xəbər verir ki, Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul edib, dahi şəxsiyyətin rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.

Ümummilli Liderin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidentinin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

Prezident İlham Əliyev sahibkarlarla keçirdiyi görüşlərində sahibkarlığın inkişafının ölkə üçün prioritet məsələlərdən biri olduğunu vurğulayır. Ölkə başçısı bəyan edir ki, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir.

Bütün bunların reallaşmasında İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun təsis edilməsinin ciddi rolu olduğunu qeyd etmək yerinə düşər. Mütəxəssislər əmindirlər ki, fondun yaradılması həm də sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsində mühüm əhəmiyyət daşıyır. Bundan başqa, İpoteka və Kredit Zəmanəti Fondu ölkə bankları tərəfindən kreditləşdirilən böyük məbləğdə ipoteka kreditlərini yenidən maliyyələşdirir, fond kreditlərlə bağlı zəmanət dəstəyi göstərir.

Son illərdə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm addımlar atılıb. Ölkə başçısı Azərbaycan sahibkarlarına xarici ölkələrə ixrac missiyalarını genişləndirmək sahəsində də ciddi dəstək verib. Artıq Belarus, Çin, Ukrayna, Latviya, Polşa və Birləşmiş Ərəb Əmirliklərində (Dubay) Azərbaycan Ticarət evləri fəaliyyət göstərir. Keçən il Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb. Bununla yanaşı, Moskvada ticarət evi konseptində “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb. Bu günlərdə isə Moskvanın tanınmış hipermarketlər şəbəkəsində “Azərbaycan nemətləri” guşəsi açılıb.

Ötən illərdə sənaye potensialının inkişafı ilə bağlı əhəmiyyətli addımlar atılıb. Nəticədə, həmin sahədə göstəricilərin yüksək dinamikasına nail olunub. Bu bağlılıqda investisiya təşviqi proqramının həyata keçirilməsi maraq kəsb edir. Etiraf etmək lazımdır ki, bu, kifayət qədər yüksək rəqəm olmaqla, hətta bir sıra ölkələrin dövlət büdcəsindən belə çoxdur. İxracı təşviq etmək məqsədilə xarici ölkələrə ixrac missiyaları təşkil olunur, “Azexport” portalı yaradılıb, bir neçə ölkədə Azərbaycanın ticarət evləri yaradılır, “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Dövlətin həmişə olduğu kimi sahibkarların yanında olacağını bəyan edən ölkə başçısı Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması üçün müvafiq qurumlara sahibkarlara əlavə dəstək verməsini tapşırıb. Prezident sahibkarlara müraciət edərək onları xammaldan səmərəli şəkildə istifadə etməyə, yeni fabriklər, zavodlar qurmağa, hazır məhsulu Azərbaycanda istehsal edərək, idxaldan asılılığı azaltmağa və hazır məhsul ixrac etməyə çağırıb.

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçib. XIX əsrin sonu, XX əsrin əvvəllərində bu qədim fəaliyyət növü sürətli və böyük inkişaf dövrü yaşayıb. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb. Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişib. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyyətli rolu olub. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin ediblər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır.

Bakı metrosu ilə bağlı - Rəsmi açıqlama

Bakı metrosu ilə bağlı - Rəsmi açıqlama

"Metronun açılması məsələsi müzakirə olunur".

YazTV-nin verdiyi xəbərə görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, karantin dövründə yerüstü nəqliyyata üstünlük verilməlidir:"Karantinin yumşaldılması prosesində metronun açılması da müzakirə olunur".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, ictimai nəqliyyatda davranış qaydaları da hazırlanır.