Monday, 17 Yanvar 2022 05:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Kompüter, elektron və optik məhsulların istehsalı çoxalıb

Kompüter, elektron və optik məhsulların istehsalı çoxalıb

Bu ilin ilk 4 ayında kompüter, elektron və optik məhsulların istehsalı artıb.

Dövlət Statistika Komitəsindən YAZTV-ə bildirilib ki, yanvar-aprel aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 66,8 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin eyni ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 20,6 faiz artıb.

Hesabat dövründə ötən ilin müvafiq aylarına nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 11,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 3,2 dəfə çoxalıb.

Gürcüstana 1,1 milyard kubmetr Azərbaycan təbii qazı ixrac edilib

Gürcüstana 1,1 milyard kubmetr Azərbaycan təbii qazı ixrac edilib

Yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 1,1 milyard kubmetr təbii qaz ixrac olunub.

Bu barədə YAZTV-ə Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) idxal edir.

“Azərenerji” SCADA idarəetmə sistemini yeniləyir

“Azərenerji” SCADA idarəetmə sistemini yeniləyir

Enerjisistemin müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 70 yarımstansiyanı əhatə edəcək.

Bu barədə YAZTV-ə məlumat verən “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, artıq yeni SCADA sisteminə qoşulacaq enerji obyektlərində müvafiq işlər aparılıb, o cümlədən, yeni avadanlıqların yerləşəcəyi obyektlərdə otaqların təmir-bərpa işləri yekunlaşdırılıb.

Yeni SCADA sistemi layihəsi çərçivəsində müasir dispetçer telefon rabitəsi yaradılır və təhlükəsizlik sistemi isə kiberhücumlara qarşı tam cavab verə biləcək səviyyədə qurulur. Rabitə və telekommunikasiya avadanlıqları xarici ölkələrdən gətirilir. Ümumi uzunluğu 1300 km olacaq əlavə fiber-optik kabelin çəkilişi davam edir. Yeni radiorabitə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır.

İsveçrənin ABB şirkəti ilə bağlanmış Müqavilənin şərtlərinə uyğun olaraq 1 avqust 2019-cu il tarixindən layihənin icrasına başlanılıb və yeni SCADA layihəsinin 31 dekabr 2020-ci il tarixində tam başa çatdırılması nəzərdə tutulur.

Yenilənəcək SCADA sistemi müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılır. Bununla etibarlılıq və təhlükəsizliyi gücləndirilməklə yanaşı qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsinin, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə dəstək olur.

Apreldə istehlak qiymətləri indeksi 100,1 faiz olub

Apreldə istehlak qiymətləri indeksi 100,1 faiz olub

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100,1 faiz, cari ilin yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 103 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən YAZTV-ə bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi bu ilin aprel ayında mart ayı ilə müqayisədə 100 faiz, yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,2 faiz olub.

Aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100,7 faiz, yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,4 faiz təşkil edib. Apreldə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100,1 faiz, cari ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,2 faiz olub. Aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 99,3 faiz, bu ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,1 faiz təşkil edib.

Düyü idxalının həcmi artıb

Düyü idxalının həcmi artıb

Bu ilin yanvar-aprel aylarında ölkəyə 21,3 min tonadək düyü idxal edilib.

YAZTV Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən düyünün dəyəri 14,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkəyə dəyəri 14,5 milyon dollar olmaqla 17,3 min tondan çox düyü idxal edilib.

 

 

 

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

YAZTV-nin məlumatına görə, mayın 21-də qızılın qiyməti mayın 20-i ilə müqayisədə 8,237 manat azalaraq 1 unsiya üçün 2962,1 manat təşkil edib.

Gümüş 3,934 manat ucuzlaşaraq 1 unsiya üçün 29,3508 manata bərabər olub.

Platinin qiyməti 6,307 manat artaraq 1431,247 manat, palladiumun qiyməti 11,883 manat artaraq 3484,193 manat təşkil edib.

Azərbaycan UNESCAP-ın Bankokdakı tədbirində təmsil olunacaq

Azərbaycan UNESCAP-ın Bankokdakı tədbirində təmsil olunacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı sentyabrın 28-29-da Bankokda keçiriləcək Sərhədlərarası kağızsız ticarətin asanlaşdırılması üzrə müvəqqəti hökumətlərarası idarəetmə qrupunun altıncı iclasında Azərbaycanı təmsil edəcək.

İİTKM-dən YAZTV-ə bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə bütün üzv ölkələrin də iştirak edəcəyi tədbirdə V.Qasımlı açılış nitqi ilə çıxış edəcək. Çıxışı zamanı V.Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda “smart nation” quruculuğu barədə iştirakçılara məlumat verəcək.

İkigünlük tədbir zamanı işçi qrup hökumətin sərhədlərarası sənədsiz ticarətin asanlaşdırılması üzrə regional razılaşma layihəsinin mətninin daha da təkmilləşdirilməsi, sərhədlərarası sənədsiz ticarətin asanlaşdırılması üzrə regional razılaşmanın mətnində əsaslı müddəaların həyata keçirilməsi üçün yol xəritəsi layihəsinin hazırlanması kimi bir sıra məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Azərbaycan Asiya və Sakit Okean ölkələri arasında sərhədlərarası sənədsiz ticarətin asanlaşdırılmasına dair Çərçivə Sazişini qəbul edən ilk ölkədir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq haqqında Qanun qəbul olunub.

İndiyədək TANAP-la göndərilən təbii qazın həcmi açıqlanıb

İndiyədək TANAP-la göndərilən təbii qazın həcmi açıqlanıb

Yanvar-aprel aylarında TANAP boru kəməri ilə Türkiyəyə 1,3 milyard kubmetr təbii qaz nəql edilib.

Energetika Nazirliyindən YAZTV-ə bildirilib ki, istismara veriləndən bu il mayın 1-dək isə TANAP-la Türkiyəyə 5,1 milyard kubmetrdən çox qaz nəql edilib.

Qeyd edək ki, 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Fermerlərə 7 milyon manat ödəniş edilib

Fermerlərə 7 milyon manat ödəniş edilib

Yazlıq əkinlərinə görə bəyanları monitorinqdən keçən 17 min fermerə 7 milyon manat ödəniş edilib.

Kənd Təsərrüfatı Nazirliyindən YAZTV-ə verilən məlumata görə, bu, yazlıq əkinlər üçün edilən ilk ödənişdir.

Bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər yeni “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 mindən çox fermer qeydiyyatdan keçib. Fermerlərin əkin bəyanlarını düzgün və vaxtında təqdim etmələri onların subsidiya almalarını tezləşdirir.

Qeyd edək ki, EKTİS-də yerləşdirilmiş məlumatlar bir neçə üsulla monitorinq aparmaqla yoxlanılır. Belə ki, əkin sahələri barədə peykdən alınan məlumatlar, yerində monitorinqlər və elektron sistemdə mövcud olan digər sənədlərin çarpazlaşdırılaraq yoxlanması fermerlərin subsidiya müraciətlərinin doğruluğunu qiymətləndirmək imkanı verir. Məlumatlarda heç bir yanlışlıq olmaması, subsidiya müraciətinin tez təsdiqlənməsinə və ödənişlərin dərhal edilməsinə imkan verir.

“AzerGold” QSC Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

“AzerGold” QSC Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) həyata keçirdiyi intensiv kəşfiyyat işləri nəticəsində Daşkəsən rayonunda yerləşən Çovdar qızıl və gümüş yatağınının metal resurslarının 47% həcmdə artımına nail olub.

QSC-dən YAZTV-ə verilən məlumata görə, öncə aparılmış kəşfiyyat işləri nəticəsində Çovdar yatağının qızıl resurslarının həcmi 1127.5 min unsiya (və ya 35 ton) təşkil edirdi. Hazırda yatağın üst hissəsinin istismarı çərçivəsində hasilat işləri uğurla aparılır. Yatağın dərin qatlarında filiz həcmi üzrə göstəricilərin, bununla da layihənin iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə Cəmiyyət tərəfindən 2018-2019-cu illərdə genişmiqyaslı buruq-qazma əməliyyatları aparılmış, ümumilikdə 28 min metrdən çox dərinlikdə 145 geoloji quyu qazılmışdır. Nəticədə, yatağın resurları 533.5 min unsiya (və ya 16,5 ton) həcmində artırılmış və bu rəqəmlər beynəlxalq ekspertlər tərəfindən təsdiqlənmişdir. Beləliklə, hazırda Çovdar yatağının ümumi resurslarının həcmi 1661.0 min unsiya (və ya 51,5 ton) qızıl kimi hesablanır.

Qeyd edək ki, Çovdar yatağının birinci - yerüstü mərhələsinin istismarı 2017-cı ildən etibarən həyata keçirilir. Hazırda yatağın ikinci - dərin qatlarının istismarı mərhələsi üzrə texniki və iqtisadi tədqiqat işləri beynəlxalq məsləhətçi şirkətin nəzarəti ilə həyata keçirilir və yaxın gələcəkdə layihə üzrə Texniki-İqtisadi Əsaslandırma və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinin hazırlanmasıüzrə işlərin yekunlaşdırılması gözlənilir. İkinci mərhələnin icrasına 2024-cü başlanılması planlaşdırılır.

Azərbaycan təbii qaz satışını artırıb

Azərbaycan təbii qaz satışını artırıb

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə təbii qaz satışı 4,6 milyard kubmetr təşkil edib.

Energetika Nazirliyindən YAZTV-ə bildirilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur.

“AzerGold” QSC növbəti irihəcmli ixracını həyata keçirib

“AzerGold” QSC növbəti irihəcmli ixracını həyata keçirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) koronavirus pandemiyası dönəmində bütün sahələr üzrə fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun qaydada, fasiləsiz olaraq davam etdirir. Hasilat, geoloji kəşfiyyat, inşaat eləcə də digər fəaliyyət sahələrində işlər plana uyğun, tam qrafik üzrə icra edilir.

QSC-dən YAZTV-ə verilən məlumata görə, pandemiya ilə əlaqədar ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyətin davam etdirildiyi bir məqamda dünya bazarlarında qiymətli metalların kəskin qiymət artımını nəzərə alaraq ixrac üçün alternativ daşınmaya müraciət edib. Beləliklə, yerli hava daşıyıcı şirkətinin təklif etdiyi əlverişi şərtlər əsasında çarter reysi vasitəsilə həyata keçirilən ixrac nəticəsində Çovdar filiz emalı sahəsində istehsal edilmiş 36 ədəd qızıl-gümüş tərkibli xəlitə saflaşdırılma və satış məqsədi ilə İsveçrəyə göndərilib.

İxrac nəticəsində 6,769.37 unsiya qızıl, 15,758.29 unsiya gümüşün satışından ümumilikdə 12 165 755,02 ABŞ dolları (20,681,783.53 AZN) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Qeyd edək ki, baş tutan ixrac əməliyyatı nəticəsində qızılın 1 unsiyası 1756.80 ABŞ dolları (2986.56 AZN), gümüş isə 17.34 ABŞ dolları (29.49 AZN) dəyərində satılıb. Bu, “AzerGold” QSC-nin fəaliyyəti dövründə ən yüksək hədd və nəticədə 1 unsiya üzrə bugünə qədər əldə edilmiş ən yüksək məbləğ hesab olunur.