Sunday, 11 Aprel 2021 14:22
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
10.56°C

Bakı

Rütubətlilik: 78%
Külək: N23.61 KM/S
Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)

Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən YAZTV-yə bildirilib ki, aprel ayının 8-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu münasibətlə təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İsmayıl Əkbərov çıxış edib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması, bu ərazilərdə qısa müddət ərzində ardıcıl olaraq yeni hərbi hissələrin fəaliyyətə başlamasının, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi çərçivəsində qarşıya qoyulmuş tapşırıqların uğurla icra edilməsi baxımından böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçirmişlər.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunmuşlar.

Laçın polisi bir kənddən 78 mina aşkarladı

Laçın polisi bir kənddən 78 mina aşkarladı

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan YAZTV -yə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidməti fəaliyyətdə olan zaman həmin yerdə xeyli sayda mina aşkar ediblər. Dərhal bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib. Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 78 ədəd mina və partladıcıları müəyyən edilib, təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib.

Hulusi Akar: “PKK-ya böyük zərbə vurduq, təşvişdədirlər”

Hulusi Akar: “PKK-ya böyük zərbə vurduq, təşvişdədirlər”

“PKK terror təşkilatının qaçacaq bir yeri qalmadığını onun qondarma rəhbərləri çox yaxşı başa düşüblər və bunların hinləri başlarına yıxıldı. Terror qruplaşmasının rəhbərliyində təmsil olunan 4 nəfər daxil olmaqla ümumilikdə 53 terrorçunu zərərsizləşdirmişik”.

YAZTV-e “TRT Haber”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“PKK-nın qondarma rəhbərliyində ciddi panika və təlaş olduğu təşkilatın hərəkət qabiliyyətinin ciddi şəkildə əngəlləndiyi də gələn məlumatlar arasında var”, - o bildirib.

YAZTV (report az)

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb (FOTO)

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb (FOTO)

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən YAZTV verilən məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

“Xəzər dənizi canavarı” Moskvaya aparıldı

“Xəzər dənizi canavarı” Moskvaya aparıldı

SSRİ dönəmində tikilən və Xəzər dənizində qəzaya uğradıqdan sonra uzun illər atılmış vəziyyətdə qalan “Xəzər dənizi canavarı” adlı ekranoplan Moskvadakı “Partiot Park”a aparılıb.

YAZTV xarici KİV-ə istinadən xəbər verir ki, nəqliyyat vasitəsi keçən ilin iyulunda Xəzər dənizindən sahilə 100 kilometr xətt boyunca sürünərək çəkilmişdi. Fevralda isə “Patriot Park” adlı silah muzeyinə aparılıb.

Hazırda Moskvada olan 300 tonluq “Xəzər dənizi canavarı”nın bu muzeydə yerləşdiriləcəyi və daha sonra ziyarətçilərə açılacağı bildirilib.

Qeyd edək ki, 1965-ci ildə yaradılan həm təyyarəyə, həm də gəmiyə bənzəyən nəhəng döyüş maşını - ekranoplan 1966-1980-ci illərdə Xəzərdə sınaqlar zamanı qəzaya uğrayıb.

Pilot heyətinin səhvinə görə qəzaya uğrayan maşının sürəti saatda 500 kilometr, mühərrik sayı isə 10 olub. 92 metr uzunluğa, 38 metr qanad açıqlığına malik olan nəqliyyat vasitəsi suyun dörd metr hündürlüyündə uçmaq qabiliyyətinə sahib olub.

Hədəfləri birbaşa görə və “P-270 Moskit” tipli raketlərlə düşmən ünsürlərini vura bilirdi. ABŞ kəşfiyyatı tərəfindən 1968-ci ildə təsbit edilən nəhəng maşın bütün dünyanın diqqətini çəkmişdi. Qəzadan sonra isə nəqliyyat vasitəsi Dağıstanın Dərbənd sahillərində atılmışdı.

https://www.youtube.com/watch?v=XI2rwNs7fPI

 

Türkiyə Azərbaycana 10 minaaxtaran it hədiyyə edib

Türkiyə Azərbaycana 10 minaaxtaran it hədiyyə edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 3-29 yanvar tarixlərində İzmir şəhərində İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilən kurslarda iştirak edən FHN əməkdaşları ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi sahəsi üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.

Kursun yekununda şəxsi heyətə təlim-tədris prosesini bitirmələri barədə sertifikatlar təqdim olunub.

Bundan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan FHN-ə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib.

FHN-in kinoloqlarının həmin itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bacarıqlarının artırılması məqsədilə Türkiyəyə ezam olunması üçün hazırlıq işləri görülür.

YAZTV

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayıb.

YAZTV xəbər verir ki, ölkəmizdə təşkil olunan təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-da başa çatacaq.

"Hərbi aşpaz hazırlığı" kursu başa çatıb - VİDEO

"Hərbi aşpaz hazırlığı" kursu başa çatıb - VİDEO

Martın 13-də "N" hərbi hissəsində Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün fəaliyyət planına əsasən, 13-cü "Hərbi aşpaz hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.
Buraxılış mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsi qaydası, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunması və digər mövzular üzrə dərslər keçirilib.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.
Sonda məzunlarla xatirə şəkli çəkdirilib.

https://www.youtube.com/watch?v=1SOodFhcmCQ&feature=emb_logo

Müdafiə Nazirliyi fevralın 1-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb

Müdafiə Nazirliyi fevralın 1-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb

Müdafiə Nazirliyi cari il fevralın 1-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YAZTV-yə bildiriblər ki, indiyədək Fonda 212 milyon 156 min 968,42 manat, 11 milyon 176 min 390,65 ABŞ dolları, 183 min 484,92 avro, 593 min 924,33 türk lirəsi, 1844,72 ingilis funt sterlinqi və 5 milyon 398 min 550 rubl məbləğində vəsait daxil olub.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 8-də Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb.

Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları (FOTO)

Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları (FOTO)

Bu gün Bakıda Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları nümayiş edilir.

YAZTV-nin məlumatına görə, “İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

Qeyd edək ki, martın 15-də ANAMA əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı Şuşada iki partlamış raketin qalıqları aşkarlanıb.

Hərbi qulluqçuların vəzifə maaşları artırılıb - RƏSMİ

Hərbi qulluqçuların vəzifə maaşları artırılıb - RƏSMİ

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən bildirilib. 

Əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.

 

Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürüb

Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürüb

Müdafiə Nazirliyinin rəhbərliyi “YAŞAT” Fonduna bir aylıq pul təminatının 50 %-i həcmində vəsait köçürüb.

Bu barədə YAZTV-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.