Nişantaşı Universitetinin nümayəndə heyəti Gəncədə

Nişantaşı Universitetinin nümayəndə heyəti Gəncədə

Türkiyənin Nişantaşı Universitetinin rektoru Şenay Yalçının başçılıq etdiyi nümayəndə heyəti noyabrın 16-da Gəncəyə gəlib.

YAZTV xəbər verir ki, nümayəndə heyəti Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Nümayəndə heyətinə məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin və binaların ətrafına gül düzüb, dualar oxuyublar.

Sonda Ermənistanın Azərbaycan ərazisinə və xalqına qarşı həyata keçirdiyi hücumları pisləyən bəyanat səsləndirilib.