Şəmkirdə strateji əhəmiyyətli su borusundan oğurluq edildi

Şəmkirdə strateji əhəmiyyətli su borusundan oğurluq edildi

Şəmkirdə strateji əhəmiyyətli su borusundan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin (RPŞ) Kür Polis Bölməsinə Şəmkirçay Su anbarı və Magistral Kanalların İstismarı idarəsindən məlumat daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, rayon sakinləri - Orxan Hüseynov, Vüqar Məmmədov, İbrahim Səfərov, Vüsal Məhərrəmov, Eşqin Aslanov və Elşən Məmmədov saxlanılıb.

 

Dindirilmə zamanı saxlanılan şəxslər ümumi dəyəri 15 600 manat olan idarəyə məxsus, strateji əhəmiyyətli, yüksək təzyiqli boru kəmərlərinin 16 ədəd dəmir yastıqlarını oğurladıqlarını və metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Hazırda cinayətdə digər şəxslərin də iştirak etməsi istisna edilmədiyindən Şəmkir RPŞ-də zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.