Moldova energetika sahəsində fövqəladə vəziyyət rejimi elan edib

Moldova energetika sahəsində fövqəladə vəziyyət rejimi elan edib

Moldova hökuməti qaz çatışmazlığı səbəbindən oktyabrın 22-dən noyabrın 20-dək 30 günlük fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyib.

YAZTV İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar ölkənin energetika sahəsində yaranan vəziyyətlə bağlı keçirilən fövqəladə iclas zamanı qəbul olunub.

Moldovanın Baş naziri Natalya Qavrilitsanın sözlərinə görə, fövqəladə vəziyyət rejimi dövrü ərzində fövqəladə hallar üzrə komissiya bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı qaydalar müəyyən edəcək. Təbii qaz tədarükü üçün xüsusi sürətləndirilmiş rejim qurulacaq, tələb olunan həcmdə qaz alınmasına maliyyə vəsaiti ayrılacaq.

Qeyd edək ki, Moldova və Rusiyanın “Qazprom” kompaniyası sentyabrın 30-da başa çatan qaz müqaviləsinin növbəti dəfə uzadılması barədə hələlik razılığa gələ bilməyib. Belə vəziyyətdə tərəflər müqaviləni əvvəlki şərtlərlə bir ay müddətinə müvəqqəti uzatmaq qərarına gəliblər. Eyni zamanda, Moldova oktyabr ayında aldığı hər min kubmetr qaz üçün 790 dollar ödəyir, halbuki sentyabrda qiymət 550 dollar təşkil edirdi.

Baş nazir deyib ki, Moldovaya qaz tədarükünə dair yeni müqavilə barədə danışıqlar aparmaq üçün Moskvaya nümayəndə heyəti gedib. Kişinyov Moskva ilə danışıqlara paralel olaraq, Rumıniya, Ukrayna və digər ölkələrlə də qaz idxalı üzrə danışıqlar aparır. (AZƏRTAC)