Gürcü səfir Aİ ofisinə çağırıldı

Gürcü səfir Aİ ofisinə çağırıldı

Gürcüstanın Avropa İttifaqındakı (Aİ) səfiri Vaxtanq Maxaroblişvili təşkilatın Brüsseldəki ofisinə çağırılıb. 

YAZTV xəbər verir ki, bu barədə məlumatı Aİ-nın Gürcüstandakı səfiri Karl Hartzell açıqlayıb.

Səfir Vaxtanq Maxaroblişvilinin Aİ ofisinə çağırılmasına səbəb Gürcüstanda diplomatların gizli şəkildə dinlənilməsi barədə yaranan qalmaqaldır. 

 

Karl Hartzellin sözlərinə görə, gürcü səfirə Brüsselin mövqeyi barədə məlumat verilib. 

Qeyd edək ki, keçən həftə Gürcüstanın müxalif telekanalları diplomatların danışıqlarını əks etdirən məlumatlar yayıb. Belə güman edilir ki, diplomatların gizli şəkildə dinlənilməsi ölkənin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilib. Bu danışıqlar sırasında 2020-ci ilin mart ayında Karl Hartzell və onun əməkdaşlarından biri arasında həyata keçirilmiş telefon danışığı da var - tərəflər kilsədəki vəziyyət və pandemiya dövründə kütləvi dini ayinlərin keçirilməsi barədə danışırlar. Bununla yanaşı, dinlənilən şəxslər arasında ruhanilər, siyasətçilər, KİV nümayəndələri və beynəlxalq diplomatlar var. KİV-də yayılan məlumata görə, sözügedən şəxslərin səs yazılarını telekanallara Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş məmuru verib. 

Gürcüstanın Baş prokurorluğu məsələ ilə bağlı araşdırma başladıb.