Makronu Hitlerə bənzədən şəxs cəzalandırıldı

Makronu Hitlerə bənzədən şəxs cəzalandırıldı

Fransada Prezident Emmanuel Makronu Adolf Hitlerə bənzədən aktivist Mişel-Anj Flori cəzalandırılıb.

YAZTV xəbər verir ki, bu barədə məlumatı “Euronews” yayıb. Məlumata əsasən, Fransanın Tulon şəhərinin məhkəməsi 62 yaşlı aktivist Mişel-Anj Florini reklam lövhəsində Emmanuel Makronu Adolf Hitlerə bənzətdiyinə görə 10 000 avro həcmində cərimə ödəməyə məhkum edib.

Bildirilir ki, aktivist dövlət başçısını açıq şəkildə təhqir etməkdə təqsirli bilinib. Mişel-Anj Flori isə öz növbəsində hökmdən narazıdır və məhkəməyə şikayət etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, məhkəmə onun karikatura hüququnu pozub.

Qeyd edək ki, Makron iyul ayının sonunda reklam lövhəsinin müəllifini məhkəməyə verib. Bu zaman Tulon şəhərinin küçələrində üzərində Hitlerə bənzədilən Makronun şəkli olan reklam lövhəsi peyda olmuşdu. Lövhənin üzərində Makronun şəkli ilə yanaşı “İtaət et. Peyvənd ol” yazısı da həkk olunmuşdu. Mişel-Anj Flori bununla ölkədə koronavirus əleyhinə məhdudiyyətlərin sərtləşdirilməsinə və sanitar pasportlara öz etirazını bildirmişdi. (qafqazinfo az)