“Bağçalarda kameralar xoşagəlməz halların qarşısını alır”

Uşaq bağçalarında kameralaşma sisteminin tətbiqi bizim üçün prioritet məsələdir. Həm davranışa nəzarət, həm də say baxımından bu məsələ çox vacibdir”.
“YAZTV” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, söhbət təkcə kameraların quraşdırılmasından getmir, bağçaların internetə çıxışı da təmin olunmalıdır ki, sistemi qurmaq mümkün olsun:
“Hazırda çox az sayda bağçanın fiberoptik internetə çıxışı var. Biz 80 faiz şagirdimizi əhatə edən məktəblərdə də fiberoptik interneti təmin edəcəyik. Proses mərhələli şəkildə aparılacaq. Bağçalarımızda kameraların quraşdırılmasının xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynadığı ilə razıyam. Lakin düşünürəm ki, bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır”.
Xatırladaq ki, sentyabrın 3-ü “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsinə dair görüntülər yayılmışdı. Videoda xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərən mərkəzdə uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.
Sentyabrın 5-də loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verən şəxslərlə bağlı istintaq orqanlarının vəsatəti Nizami rayon Məhkəməsinə təqdim olunub. Mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində istintaq orqanı tərəfindən verilən təqdimat təmin olunub. Onların hər üçü barəsində vəzifədən kənarlaşdırma və ev dustaqlığı qətimkan tədbiri seçilib.