Gəncə Dövlət Kukla Teatrında “Dərdlərimin çamadanı" adlı mono tamaşa nümayiş olunub

Gəncə Dövlət Kukla Teatrında “Dərdlərimin çamadanı" adlı mono tamaşa nümayiş olunub

16 dekabr 2022-ci il tarixində Gəncə Dövlət Kukla Teatrında 2022-ci il "Şuşa İli" çərçivəsində teatr tərəfindən hazırlanmış “Dərdlərimin çamadanı" adlı mono tamaşaya ictimai baxış keçirildi.
Tamaşada Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Filarmoniyasınin direktoru Rəşad Yusibov, Dövlət İmtahan Mərkəzinin Gəncə Regional bölməsinin rəhbəri Nəsimi Məmmədov, Qərb bölgəsi üzrə teatrşünas – tənqidçi Anar Bürcəliyev, şəhid ailələri və şəhər ictimaiyyəti iştirak etmişlər.

Müəllifi Hafiz Ataxanlı, quruluşçu rejissoru, Respublikanın Əməkdar artisti Fərmail Paşayev, quruluşçu rəssamı Məhəmməd Hacıyev, musiqi tərtibatçısı Şamil Məmmədli olan tamaşada əsas rolun ifaçısı Zülfiyyə Əliyeva idi.

Tamaşa vaxtı ilə Şuşadan məcburi köçkün olmuş 12 yaşlı qızın həyat hekayəsindən bəhs edir. Beş nəfərlik xoşbəxt ailədən yalnız o sağ qalır. Doğmalarını itirən qız onların əşyalarını xatirə olaraq çamadana toplayır və illər uzunu özü ilə gəzdirir. Ən böyük təsəllisi çamadanda gəzdirdiyi əşyalardır.

Qeyd edək ki, 2022-ci il 25-30 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Teatro.az saytının təşkilatçılığı ilə təşkil olunan II 4.4 Qısa Tamaşalar Festivalında “Dərdlərimin çamadanı” mono tamaşasındakı ifasına görə aktrisa Zülfiyyə Əliyeva “Münsiflərin Rəğbəti” mükafatına layiq görülmüşdür.

Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Kollektivə minnətdarlığını bildirmiş və 2022-ci ildə Mədəniyyət idarəsi ilə sıx əməkdaşlıq etdiyinə görə Gəncə Dövlət Kukla Teatrına Təşəkkürnamə təqdim etmişdir.