Gəncə Dövlət Dram Teatrı 126-cı mövsümünü açıq elan edib

Gəncə Dövlət Dram Teatrı 126-cı mövsümünü açıq elan edib

Gəncə Dövlət Dram Teatrında uzun müddət davam edən fasilədən sonra  mövsüm açılışı olub. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Gəncə şəhər Təşkilatının sədri Sahib İbrahimli və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Teatrın yeni mövsümə başlaması ilə bağlı çıxış edən şəhər rəsmiləri, ictimaiyyət və mədəniyyət nümayəndələri Gəncə teatrının Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışlardan sonra bir qrup mədəniyyət xadimləri Gəncənin mədəni həyatında fəal iştirakına və teatr sənətinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə Gəncə Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsi tərəfindən  Fəxri Fərmanla təltif ediliblər.  

Daha sonra teatrsevərlərə  M. F Axundovun "Hekayəti Müsyö Jordan  və Dərviş Məstəli Şah" bir pərdəli komediyası təqdim olunub. Tamaşada xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Rəhilə Məmmədova, İlham Hüseynov, Elxan Abbasov, aktyorlar Samir Abbasov, Günay Verdiyeva, Elşad Əhmədov, Rauf Hüseynov və İlahə Cabbarova çıxış ediblər.