Ötən il gimnastlarımız beynəlxalq yarışlarda 147 medal qazanıblar

2022-ci il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı.
Ötən il yenidən qurulmasının 20 illiyini qeyd edən AGF-in təmsilçiləri yubiley ilində qazandıqları tarixi nailiyyətlərlə azarkeşləri sevindirdilər.
YAZTV xəbər verir ki, AGF-in son 20 ildə qazandığı uğurların təməli 2002-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçilməsi ilə qoyulub. Fəxrlə qeyd olunmalıdır ki, həmin dövrdən başlayaraq, həyata keçirilən uğurlu strategiya nəticəsində ölkəmizdə idmanın bu növünün yeni mərhələsi və sürətli inkişafı başlanıb, AGF qısa müddət ərzində ölkənin seçilən idman federasiyasına çevrilib.
Federasiya ötən illərdəki ənənənin davamı olaraq, 2022-ci ildə Azərbaycan gimnastika növləri üzrə 5 dünya səviyyəli yarışa və bir sıra ölkədaxili çempionat və birinciliklərə uğurla ev sahibliyi edib. Paytaxtımızda keçirilən beynəlxalq yarışların hər birində gimnastlarımız onlara bəslənilən ümidləri doğruldaraq fəxri kürsüdə yer alıblar.
İlin ilk beynəlxalq yarışında - batut gimnastikası üzrə dünya kuboku turnirində (12-13 fevral) yığma komandamızın üzvü Selcan Mahsudovanın fərdi çıxışda əldə etdiyi gümüş medal Azərbaycanın gimnastika tarixində bu növ üzrə qadınlar arasında fərdi növdə qazanılan ilk medal olub.
Daha bir ilkə akrobatika gimnastikası üzrə təmsilçilərimiz imza atdılar. Martın 3-dən 6-dək Bakıda akrobatika gimnastikası üzrə keçirilən 12-ci dünya yaş qrupları yarışlarında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz 13-19 yaş kateqoriyasında qızıl medala sahib çıxıb. Bu medal ölkəmizin akrobatika gimnastikası tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl medal kimi yadda qalıb.
Martın 10-dan 13-dək Bakı gimnastikanın maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi edib. Ən güclülərin yarışında qarışıq cütlüyümüz, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətləri proqramında gümüş, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz isə qarışıq və temp hərəkətləri üzrə bürünc medala sahib çıxıblar. Hər iki medal akrobatika gimnastikası üzrə dünya çempionatında qazanılan ilk nailiyyət kimi tarixə yazılıb.
İdman gimnastikası üzrə keçirilən (31 mart - 3 aprel) dünya kuboku yarışı yığma komandamızın üzvü Nikita Simonovun halqa ilə hərəkətlərdə qazandığı bürünc medalı ilə əlamətdar olub.
Gimnastikanın ən zərif nümayəndələrinin iştirak etdiyi bədii gimnastika üzrə dünya kuboku yarışında da (22-24 aprel) təmsilçilərimiz onlara bəslənilən ümidləri doğruldublar. Belə ki, qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina 5 halqa ilə qızıl, çoxnövçülükdə gümüş medal qazandılar.
2021-ci ildə ölkəmizdə mövcud karantin qaydalarına uyğun olaraq gimnastika növləri üzrə irimiqyaslı beynəlxalq yarışlar təşkil olunsa da, pandemiya ilə əlaqədar 2020-2021-ci illər ərzində yerli yarışların keçirilməsi təxirə salınmışdı. 2022-ci ilin əvvəlindən etibarən mövcud tələblərə uyğun olaraq gimnastika növləri üzrə milli yarışlar bərpa olunmuşdu. Gimnastika növləri üzrə keçirilən Azərbaycan və Bakı çempionatları idmançıların çoxdandır səbirsizliklə gözlədiyi yerli yarış əhval-ruhiyyəsini, həyəcanını yenidən Milli Gimnastika Arenasına qaytardı.
Martın 16-17-də keçirilən bədii gimnastika üzrə Azərbaycan çempionatından etibarən tamaşaçılar ikiillik fasilədən sonra yenidən Milli Gimnastika Arenasında gimnastların rəngarəng çıxışlarını izləmək imkanı qazandılar.
Ötən il gimnastlarımız beynəlxalq arenalarda keçirilən yarışlarda da öz medalları ilə xalqımızı sevindirməyə davam ediblər. Təmsilçilərimiz bu günədək uğur əldə edilməyən gimnastikanın bəzi növləri və proqramlarında nailiyyət qazandılar. Yığma komandamızın üzvləri gimnastika növləri üzrə müxtəlif beynəlxalq turnirlər, dünya kuboku yarışları ilə yanaşı, ilin əsas yarışları olan Avropa və dünya çempionatları, eləcə də İslam Həmrəyliyi Oyunları və Ümumdünya Oyunlarında qazandıqları nəticələrlə ölkəmizin medal kolleksiyasını zənginləşdiriblər.
İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə üzrə Avropa çempionatında (1-5 iyun) idmançımız Maqsud Mahsudov gənclər arasında batut gimnastikası üzrə fərdi növdə və komanda yoldaşı Hüseyn Abbasovla birgə sinxron cütlüklər proqramında qızıl medal qazanıb. Tamblinq üzrə yarışlarda isə Mixail Malkin fərdi növdə gümüş, yığma komandanın üzvləri Adil Hacızadə və Tofiq Əliyevlə birgə komanda hesabında bürünc medal əldə ediblər.
Bu yarışın ardınca bədii gimnastlarımız İsrailin Tel-Əviv şəhərində keçirilən Avropa çempionatında (15-19 iyun) mübarizəyə qoşulublar. Qitə çempionatında gənc gimnastımız Kamila Qafarova fərdi növdə gürzlərlə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız isə çoxnövçülük, 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasına görə bürünc medala sahib çıxıblar.
2021-ci ildə keçirilməsi planlaşdırılan, məlum səbəblərdən təxirə salınan ötən ilin əsas yarışlarından biri olan V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz 4 gimnastika növündə (bədii gimnastika, aerobika gimnastikası, kişi və qadın idman gimnastikası) təmsil olundu. Komandamızın üzvləri 8-i qızıl, 7-si gümüş, 2-si bürünc medal olmaqla ümumilikdə 17 medal əldə ediblər.
ABŞ-ın Birminqem şəhərinin ev sahibliyi etdiyi 11-ci Ümumdünya Oyunlarında (7-17 iyul) aerobika gimnastikası üzrə təmsilçilərimiz fərqləniblər. Yarışlarda Ayxan Əhmədli, Rauf Hacıyev, Nigar Mir Cəlallı, Nəzrin Mustafayeva, Mədinə Mustafayeva, Sənan Mahmudlu, Xədicə Quliyeva və Vladimir Dolmatovdan ibarət Azərbaycanın aerodans komandası bürünc medala sahib çıxıb.
İyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər XVI Yay Olimpiya Festivalında qadın idman gimnastikası tariximizdə ilk dəfə olaraq gənc idmançımız Nazənin Teymurova dayaqlı tullanma üzrə finala vəsiqə qazanaraq 5-ci pillədə qərarlaşıb. İdmançımız Avropa çempionatında da finala vəsiqə qazanaraq eyni uğuru təkrarlayıb.
Bolqarıstanın Sofiya şəhərində bədii gimnastika üzrə qrup komandamız (Güllü Ağalarzadə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina) ilk dəfə olaraq dünya çempionatında (14-18 sentyabr) fəxri kürsüyə (bürünc medal) yüksəlib.
Eyni şəhərdə keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 29-cu dünya yaş qrupları yarışları (23-26 noyabr) da Azərbaycan yığma komandası üçün məhsuldar olub. İdmançılarımız medal xəzinəmizə bütün əyarlı mükafatları əlavə ediblər. Batut gimnastikası üzrə sinxron proqramda 15-16 yaş kateqoriyasında mübarizə aparan Maqsud Mahsudov və Hüseyn Abbasov qızıl medala layiq görulüblər. Fərdi batut proqramında 13-14 yaş kateqoriyasında çıxış edən Əli Niftəliyev gümüş medal qazanıb. Maqsud Mahsudov 15-16 yaş kateqoriyasında fərdi proqramda, Ammar Baxşalıyev və Fərhad Mustafayev isə 11-12 yaş kateqoriyasında sinxron cütlüklərin yarışında bürünc medala sahib çıxıblar. Tamblinq üzrə yarışda isə 17-21 yaş kateqoriyasında çıxış edən Tofiq Əliyev gümüş medal əldə edib.
Ötən il gimnastika hamı üçün növü üzrə təmsilçilərimiz də bir sıra yarışlarda fərqləniblər. “Ay işığı” komandası (10-14 iyul) Nevşatel şəhərində (İsveçrə) keçirilən “European Gym for Life Challenge” festivalında gümüş medala layiq görülüb. Komandamızın Portuqaliyanın Funşal şəhərində (2-7 oktyabr) keçirilən “Qızıl Yaş” (“Golden Age” - 50 yaş və yuxarı) gimnastika festivalında təqdim etdiyi kompozisiya maraqla qarşılanıb.
2022-ci il ərzində gimnastlarımız beynəlxalq səviyyəli yarışlarda 62-si qızıl, 40-ı gümüş və 45-i bürünc olmaqla ümumilikdə 147 medal əldə ediblər. Bu uğurların məntiqi nəticəsidir ki, təmsilçilərimiz Azərbaycan idmançılarının reytinq cədvəlində mütəmadi olaraq liderliyini qoruyub saxladılar.
Ötən ilin sentyabrında Dənizkənarı bulvarda AGF-in yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilib. İlk dəfə olaraq təşkil edilən tədbir şəhərimizin sakinlərinə xoş anlar bəxş edib və izləyicilərin böyük marağına səbəb olub.
AGF hər zaman olduğu kimi ötən il də məşqçilərin və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən, təmsilçilərimiz gimnastika növləri üzrə hakimlik imtahanlarında iştirak ediblər. COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda təmsilçilərimizin hər biri imtahanı müvəffəqiyyətlə başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələniblər.
2022-ci ilin oktyabrında Milli Gimnastika Arenasında AGF-in təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən Xüsusi Olimpiya üzrə yunanıstanlı mütəxəssis Sofiya Buranın rəhbərliyi altında məşqçilik (bədii gimnastika, gimnastika hamı üçün) və hakimlik (bədii gimnastika) kursları keçirilib. Sentyabrda isə FIG Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva, FIG Texniki Komitəsinin prezidenti Noha Abuşabana ilə ilk dəfə olaraq birgə videokonfrans formatında idmançılar üçün onlayn vebinar keçirib. Seminarda bir sıra aktual məsələlərə toxunulub, maraqlı mövzular ətrafında müzakirələr aparılıb.
Hər il olduğu kimi, 2022-ci ildə də regionlarda gimnastikanın inkişafı, bu sahədə kütləviliyin təmin olunması, gimnastika növlərinin populyarlaşdırılması federasiyanın fəaliyyətinin əsas prioritet istiqamətini təşkil edib. Hazırda respublikamızın 29 bölgəsində gimnastika bölməsi fəaliyyət göstərir. Hesabat ilində ölkəmizdə 8 yeni gimnastika bölməsi (Tərtər, Goranboy, Gədəbəy, Oğuz, Qəbələ, Balaxanı, Ramanı, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri üçün gimnastika bölməsi) fəaliyyətə başlayıb ki, onlardan 5-i məhz regionların payına düşüb.
Federasiya tərəfindən ilboyu bölgələrdə mötəbər yarışlar öncəsi yoxlama məşqləri, tanınmış gimnastlarımızın iştirakı ilə müxtəlif nümunəvi çıxışlar, ustad dərsləri və s. təşkil edilib.
Bölgədə gimnastikanın təbliği məqsədilə 28 May Müstəqillik Gününə həsr edilmiş “Dostluq yarışı” ilk dəfə olaraq Şəki Olimpiya İdman Kompleksində keçirilib. İyunun 4-5-də ilk dəfə olaraq Tərtər Olimpiya İdman Kompleksi öz qapılarını bədii gimnastların üzünə açıb. Bu növ üzrə keçirilən 6-cı bölgələrarası kubok yarışı Tərtər sakinlərinin böyük sevincinə səbəb olub. Bölgədə təşkil olunan ilin ən böyük yarışı dekabrın 8-dən 11-dək Şəki Olimpiya İdman Kompleksində gimnastikanın 6 növü üzrə keçirilən Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar olub. Yarışların açılış mərasimi zamanı tamaşaçılara yerli və dünya şöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim olunub. Azərbaycana dəvət olunmuş əcnəbi qonaqlar yarışın təşkilatçılığını yüksək qiymətləndirərək, ölkəmizə, eləcə də qədim Şəki şəhərinə olan heyranlığını ifadə ediblər.
2022-ci ildə də Milli Gimnastika Arenası yenidən digər ölkə nümayəndələri üçün öz qapılarını açıb. Avstraliya, Böyük Britaniya, Bolqarıstan, Qazaxıstan, Filippin, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Koreya, Kolumbiya, Latviya, Malayziya, Misir, Macarıstan, Monqolustan, Norveç, Özbəkistan, Portuqaliya, Polşa, Sloveniya, Slovakiya, Syerra Leone, Türkiyə, Ukrayna, Yaponiya, İran, Qırğızıstan kimi ölkələrin nümayəndələri dünyanın ən möhtəşəm arenasında yerli mütəxəssis və idmançılarımızla birgə təlim-məşq toplanışında iştirak edərək öz idman təcrübələrini artırıblar.
Ötən il təmsilçilərimizin fəaliyyəti həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Gimnastımız Selcan Mahsudova İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə keçirilən dünya kuboku yarışında (1-2 iyul) 2022-ci il ərzində iştirak etdiyi dörd dünya kubokundan üçündə topladığı xalların cəminə əsasən, FIG kubokuna sahib çıxıb.
Dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü seçilib.
İngiltərənin Liverpul şəhərində kişi və qadın idman gimnastikası üzrə keçirilən dünya çempionatında Nikita Simonovun halqaların icrası üzrə təqdim etdiyi yeni element FIG-nin kişi idman gimnastikası üzrə Texniki Komitəsi tərəfindən təsdiq edilib.
Sentyabrda Lüksemburq şəhərində “TeamGym” üzrə keçirilən 14-cü Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Tofiq Əliyev ilk dəfə olaraq Avropa Gimnastikasının təsis etdiyi “Bütün ulduzlar komandası” nominasiyasında akrobatika cığırı alətində ən çətin elementin icrasına görə qalib olub.
Ötən ilin ən mühüm xəbəri dekabra təsadüf edib. Belə ki, ayın 2-3-də Portuqaliyanın Albufeira şəhərində keçirilən Avropa Gimnastikasının 29-cu Konqresində Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov yüz faiz səs çoxluğu ilə qitənin ən nüfuzlu gimnastika təşkilatına - Avropa Gimnastikasına yenidən prezident seçilib. AGF tərəfindən namizədlikləri irəli sürülən beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva bədii gimnastika, İnara İsrafilbəyova “TeamGym”, yığma komandanın məşqçisi Ruslan Eyvazov isə gimnastika hamı üçün növü üzrə Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü seçiliblər.
Ənənəyə uyğun olaraq, bu dəfə də federasiya Yeni il ərəfəsində bütün gimnastikasevərləri yenidən bir araya topladı. Gimnast və məşqçilərin iştirakı ilə baş tutan “Soyuq ürək” adlı möhtəşəm Yeni il şousu bütün tamaşaçılara əyləncəli anlar yaşadıb.
İdman rəsmilərinin iştirakı ilə keçirilən AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri bir sıra maraqlı məqamları ilə yadda qalıb. Federasiyanın 20 illik uğurlu inkişaf yolundan bəhs edən videoçarxın təqdim olunduğu mərasimdə, həmçinin AGF-nin “20 il inkişafda” adlı kitabının təqdimat mərasimi keçirilib.
Dekabrın 26-da Gənclər və İdman Nazirliyinin 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimində AGFt-in təmsilçiləri 9 nominasiya üzrə ilin ən yaxşıları sırasında yer alıb, bədii gimnastika üzrə qrup komandamız və 3 fərdi gimnastımız reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran idmançılarla birgə mükafatlandırılıb.
Yeni il ərəfəsində federasiyanın baş katibi Nurlana Məmmədzadənin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilməsi AGF-in uğurlu fəaliyyətinin daha bir göstəricisi olub.