İmamoğlu qara görə tənqid olundu, üzr istədi

İmamoğlu qara görə tənqid olundu, üzr istədi

Xəbər verdiyimiz kimi, son günlər güclü qar Türkiyənin İstanbul şəhərində həyatı iflic edib. Qeyri-sabit hava səbəbindən İstanbulda uçuşlar dayandırılıb, yollar bağlanıb.

YAZTV “Milliyet”ə istinadən məlumatına görə, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu bu vəziyyət fonunda kəskin tənqidlərə məruz qalıb.

 

Ədalət və İnkişaf Partiyasından olan İstanbul vilayətinin rəhbəri Osman Nuri Kabaktepe öz tviter hesabında İstanbul Böyükşəhər Bələdiyyəsinin qara qarşı kifayət qədər tədbirlər görmədiyini qeyd edib.

“CHP-li İstanbul Böyükşəhər Bələdiyyəsi rəhbərliyi lazımi və kifayət qədər tədbir görməyərək qadın-kişi, uşaq-yaşlı, yüz minlərlə vətəndaşımızı çətin vəziyyətdə qoyub. Bilin ki, İstanbul sahibsiz deyil. İstanbullular bu ayazın öhdəsindən gələcək, lakin bu etdiyiniz laqeydlik heç vaxt unudulmayacaq”, - deyə Kabaktepe bildirib.

Ə. İmamoğlu isə öz növbəsində, İstanbulda qarın yaratdığı fəsadlara qarşı mübarizə tədbirləri və yolların vəziyyəti barədə açıqlama verib. O, yalnız bir istiqamətdə yolların təmizlənmə işlərinin aparıldığını, digər yolların isə açıldığını qeyd edib. İmamoğlu, həmçinin bələdiyyə əməkdaşlarının fəsadları aradan qaldırmaq üçün çalışdıqlarını söyləyib.

Qarın bu gün Bakı vaxtı ilə 19:00-dan sonra da davam etmək ehtimalını vurğulayan Ə. İmamoğlu vətəndaşları bütün xəbərdarlıqlara, açıqlamalara riayət etməyə çağırıb.

İmamoğlu, həmçinin qar səbəbindən çətin vəziyyətə düşən vətəndaşlardan üzr istəyib.